Azərbaycan dövlətinin sülhsevər siyasəti nəticə vermir, çünki erməni tərəfi beynəlxalq səviyyədə qəbul edilən qərar və qətnamələrin tələblərini yerinə yetirmir.
Oxu.Az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bunu Silahlı Qüvvələr Günü münasibəti ilə keçirilən təntənəli mərasimdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bəyan edib.
"Silahlı Qüvvələrin 2014-cü və 2015-ci illərdəki fəaliyyətinə nəzər yetirsək görərik ki, cəbhədə ermənilərin təxribatına layiqli cavab verilib və bundan sonra da bütün təxribatların qarşısı inamla alınacaq", - deyə o vurğulayıb.
Cəbhəboyu təşəbbüsün tam olaraq Azərbaycan Silahlı Qüvvələrinin tərəfində olduğunu deyən nazir bildirib ki, günü-gündən möhkəmlənən ordu müqəddəs vəzifəni qısa bir müddətdə yerinə yetirəcək.
O qeyd edib ki, il ərzində Silahlı Qüvvələrdə modernizasiya məsələləri, döyüş hazırlığı, sosial bazanın gücləndirilməsi istiqamətində böyük işlər həyata keçirilib:
“Mütəmadi olaraq döyüş atışlı təlimlərin icra edilməsi bir daha döyüş hazırlığının yüksək səviyyədə olmasının sübutudur”.