Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İki azərbaycanlı ya rusca danışır, ya da... - RƏY
Xəbər verildiyi kimi, bu günlərdə ölkə prezidenti İlham Əliyev “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlanıb, onun dövlət dili kimi maneəsiz inkişafı üçün münbit zəmin yaranıb.
Həmçinin, mərhum dövlət başçısı Heydər Əliyevin rəhbərliyi altında işlənib hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Konstitusiyası, ölkə prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları, 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanun dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirib.
Eyni zamanda, ölkə prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli, “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 9 aprel tarixli, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli sərəncamları, həmçinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli Qərarı ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradıb.
Sonra qeyd edilir ki, müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir, bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılıb.
Belə ki, televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilib.
Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir.
Odur ki, ölkə prezidenti Azərbaycan dilinin saflığının qorunmasını və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsini təmin etmək məqsədilə, Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxsin yaradılmasına qərar verib.
Qeyd edək ki, dövlət başçısının bu fərmanı ölkə ictimaiyyəti, ziyalılar, xüsusilə dillə, dilçiliklə bağlı olan insanlar tərəfindən yüksək qiymətləndirilir və təqdir olunur. Onlar bunu vaxtında atılmış addım sayır və dilimizin saflığının təmin edilməsi istiqamətində yeni mərhələ adlandırırlar.
Telli Pənahqızı: Vətəndaşlığını daşıdığın, qoynuna sığındığın, havasından udduğun bu Vətənin rəsmi dövlət dilinə hörmət etmək, bu dildə mükəmməl danışmağınla fəxr etməyi bacarmaq və onu sevmək haqqı hamıya aiddir
Tanınmış ziyalı, telejurnalist Telli Pənahqızı Oxu.Az-a açıqlamasında deyib ki, bu dünyanın ən qədirsiz və qiymətsiz işi kiməsə məsləhət vermək, yol göstərmək, kiminsə başına ağıl “qoymaqdır”:
“Hətta evindəki çeçələ barmağın boyda uşaq belə, sənin dəyərli saydığın sözü eşitcək, üz-gözünü turşudub, elə ağız büzəcək ki, qalacaqsan mat-məəttəl, 5-6 gün özünü qınayacaqsan ki, ay filan-filan şüdə, axı, sənin nə işinə qalıb yıxılana əl uzadırsan, büdrəyənin qolundan tutursan ki, o da sənə tərs şillə ilişdirə, yəni, sözünü saya almaya, hələ üstəlik çəmkirə ki... “sənə nə, bu həyat mənimdir, özüm bilərəm necə yaşayıram!”
Bu mənada, deyəcəklərimi öyüd-nəsihət yox, az-çox bu həyatı “tanıyan” bir qələm adamının fikirləri, yanaşması kimi qəbul etsəniz, məmnun olaram! Bəli, hər kəs seçimində sərbəst, düşüncəsində azad, hərəkətində özgürdür! Hər kəs istədiyi kimi, geyinib-kecinə, gəzib-toza bilər. Və əminəm ki, kimsə belə insanların vətəndaşlıq və insanlıq hüquqlarına toxuna biləcək bir hərəkət etməz.
Amma elə məsələlər var ki, ona biganə qalmağa heç kəsin haqqı yoxdur! Vətəndaşlığını daşıdığın, qoynuna sığındığın, havasından udduğun bu Vətənin rəsmi dövlət dilinə hörmət etmək, bu dildə mükəmməl danışmağınla fəxr etməyi bacarmaq və onu sevmək haqqı hamıya aiddir və hamıya aid olanın hamı tərəfindən qorunmaq ehtiyacı var!
Mən dünyanın bir çox ölkələrini gəzmiş telejurnalistəm və hər səfərdə də ürək ağrısı ilə müşahidə etdiyim bir tendensiyanın, acı gerçəkliyin bu günədək yaşadığının və son vaxtlar sanki bir qədər də şaxələndiyinin fərqinə vardığım üçün bu barədə öz səhifəmdə , ayrı-ayrı mətbuat orqanlarında bildirmişəm.
İnanın ki, gəzib gördüyüm ölkələrin heç birində - nə İngiltərədə, nə Fransada, nə Almaniyada, nə Misirdə, nə İsraildə, nə Rusiyada, nə Gürcüstanda (bu siyahını genişləndirə də bilərəm) iki ingilisin, almanın, latışın, estonun və ya fransızın, türkün, yəhudinin, gürcünün, macarın, polyakın, yaponun, çinlinin və ya ərəbin bir-biri ilə qeyri bir millətin dilində danışdığını görməmişəm”.
“İki azərbaycanlının söhbətinə qulaq asın, ya rusca danışacaqlar, ya da yarı əcnəbi sözlərlə yüklənmiş, qolu-qanadı sındırılmış Azərbaycan dilində...”
T.Pənahqızının sözlərinə görə, əksinə, bu ölkələrdə işləməyə, oxumağa, yaşamağa gələnlərin qısa müddətdə yerli əhalinin dilində mükəmməl öyrəndiyinin, lakin öz ana dilini də unutmadığının şahidi olub:
“Bizimkilər doğma ana dilimizdə danışmağı şənlərinə sığışdırmırlar nədənsə. İki azərbaycanlının söhbətinə qulaq asın, ya rusca danışacaqlar, ya da yarı əcnəbi sözlərlə yüklənmiş, qolu-qanadı sındırılmış Azərbaycan dilində. Ən gülməlisi isə budur ki, belələrinə irad tutanda deyirlər ki, biz “ruskoyazıçnıyıq”, - elə belə də deyirlər ha, yəni, rusdilliyik. Axı, gözəl insanlar, əziz həmvətənlərim, yer üzündə belə bir millət yoxdur, vallah, billah yoxdur - ruskoyazıçnı!
Rus, ingilis, yapon - hansısa digər bir xalqın dilində danışmağı bacarırsansa, nə əla! Bununla fəxr etməyə dəyər, lakin bu sənə öz dilini, laylasını eşitdiyin ananın dilini unutmağa, ona xor baxmağa əsas vermir. Bu məsələdə dünənəcən rayonda yaşayan, bu günsə hansı səbəbdənsə Bakıda məskunlaşan dünənki əyalət camaatı daha çox fəallıq nümayiş etdirirlər. Bir çox ailələrdə uşaqların rus, ingilis, fransız məktəblərində təhsil alması əsl yarışa - qonşudan qalma dala prinsipinə (paxıllığına) çevrilib”.
“Övladlarının oxuduğu xarici dili bilməyən, rus və ya ingilis dilinin qrammatikasından xəbərdar olmayan valideynlər tədris ilinin ortasında məktəbi dəyişmək məcburiyyətində qalırlar...”
Tanınmış telejurnalist bildirib ki, ailələr var ki, ata-ana, nənə-baba bu məsələdə iki cəbhəyə bölünüb, bəzən uşaq dərs yükünü qaldıra bilməyəndə, evdəkilərdən hər hansı bir məsələnin həllində yardım istəyəndə problem daha da qəlizləşir:
“Övladlarının oxuduğu xarici dili bilməyən, rus və ya ingilis dilinin qrammatikasından xəbərdar olmayan valideynlər tədris ilinin ortasında məktəbi dəyişmək məcburiyyətində qalırlar. Bəziləri isə öz işlərini bir az da ehtiyatlı tuturlar.
Nəyin bahasına olursa-olsun, (hətta bir az imkanlı “yeni azərbaycanlılar” daha da irəli gedərək uşaqlarını xaricdən - Malayziyadan, Filippindən, Tailanddan gəlmiş dayələrin ixtiyarına verir) övladlarını məhz yad təfəkkürlü məktəblərdə oxutmaqla “adam içinə çıxarmaq” istəyirlər. Bu uşaqlar da qalırlar iki od arasıda.
Təbii ki, mən xarici dil bilməyin əleyhinə deyiləm (elə özüm ən azı dörd dildə sərbəst danışmağa çətinlik çəkmirəm), ancaq mən ana dilimizə bu cür sayğısızlığı qəbul etmirəm, onun ikinci plana keçməsindən əndişələnirəm, bu “ənənə”nin kökündə nələrin dayandığını bildiyimdən, millətimin gələcəyi üçün narahatam.
Neçə il əvvəl, hələ onda Sovet-Rus İmperiyasının qılıncının iti vaxtları idi, Bakı məktəblərinin bir neçəsində Azərbaycan bölmələrində rus, rus bölmələrində isə Azərbaycan dilinin tədris və öyrədilmə səviyyəsi ilə bağlı AzTV üçün bir süjet hazırlamışdım.
O vaxt da məlum oldu ku, rus bölməsidə oxuyan qeyri-millətlər bizim uşaqlardan fərqli olaraq, Azərbaycan dilində daha yaxşı danışırlar, rus bölməsinin şagirdi olan bizimkilərsə çox sadə sualları belə cavablandırmağa çətinlik çəkirdilər! Niyə, nə üçün, nə səbəbə biz öz dilimizə belə biganəyik?
Hətta vəzifəli şəxslərin, iki-üç ali təhsili olan “ziyalılar”ın böyük bir qismi də nədənsə anasının, vətəninin, dövlətininin Konstitusiya ilə təsbit olunmuş rəsmi dilində öz fikrini dolğun, dəqiq izah edə bilmir ki, bu da, əlbəttə, çox acınacaqlı və bağışlanılmaz haldır.
Bəzən beynəlxalq əhəmiyyətli məclislərdə nitq söyləyənlərin bir çoxuna qulaq asanda fikirləşirsən ki, İlahi, bu insanlar illər boyu bu torpaqlarda yaşayıblar, hər gün Azərbaycan dilində danışanlarla ünsiyyətdə olublar, niyə zəhmət çəkib ədəbi dil normalarına yiyələnmək istəmirlər?
Məncə, bu saymazlıqdan daha çox, mədəniyyətsizlikdir! Axı, necə deyərlər, hər bir insan: “öz dilinin altında gizlənib”, - deyirlər!
Məlum, insan susduğu müddətdə kimsə onun daxili aləmindən xəbərdar ola bilməz, elə ki o zat ağzını açıb danışmağa başlayır, o anda onun kimliyi bəlli olur, onun savadı, millətə, xalqa sevgisi üzə çıxır! Soruşa bilərsiniz ki, Azərbaycanı sevmək üçün Azərbaycan dilini bilmək beləmi vacibdir?
Vacibdir, bəli, özü də çox vacibdir! Bir qənaətimi də deyim ki, illər boyu ünsiyyətdə olduğum bəzi insanlar var ki, onlar orta və ali məktəbi rus dilində bitirsələr də, Azərbaycan dilində çox mükəmməl və gözəl danışırlar. Hətta bir dəfə onlardan birindən, uzun illər xaricdə yaşamış və iki-üç əcnəbi dildə sərbəst danışmağı bacaran birindən buna necə nail olduğunu soruşdum. O dedi ki, mən Azərbaycan dilini anamdan və bədii əsərlərdən öyrənmişəm. Hətta xaricdə olanda belə, hər gün ürəyimdə anamla danışırdım, doğma dilimizi yadırğamamaq üçün hər gecə bədii kitab oxumağı vərdişə çevirmişdim.
Azərbaycan prezidenti İlham Əliyev cənablarının bir çox xarici səfərlərdə həmkarları ilə söhbətlərində, bir sıra yüksək səviyyəli rəsmi görüşlərdə ingilis dilində danışması hansı azərbaycanlının qəlbini qürur hissi ilə doldurmur ki!? Dəfələrlə əlaqədar idarə və təşkilatların diqqətinə müstəqil ölkənin, daha çox da onun baş şəhərinin - Bakının küçə və meydanlarındakı mağazaların, restoranların, özəl idarələrin, şirkətlərin, hətta rəsmi qurumların belə, adının həm səhv, həm də Azərbaycan dilinin qrammatik qaydalarına uyğun olmadığını çatdırmışam.
Ancaq kimə deyirsən? Sanki bu şəhərdə hər kəs Azərbaycan dilinin qəsdinə duraraq, onu səhnədən sıxışdırıb çıxarmaq istəyir. Niyə? Hansı ixtiyar, hansı məntiqlə, niyyətiniz nədir? Deyirik ki, ölkədə kitab oxuyan yoxdur və ya azdır...
Araşdırmısınızmı bunun səbəbini? Bəlkə də, heç düşünməmisiniz ki, iki yaşından sonra əlinə telefon, laptop verib səsi çıxmasın deyə körpələrinizi özünüzdən uzaqlaşdıranda bu uşaqlar böyüyəndən sonra kitab əvəzinə sizdən yeni, daha çox texniki imkanları olan telefon tələb edəcək və bu telefon ailə üzvlərinin qayğılarından, doğmalarla münasibətdən daha cazibədar olacaq...
İllər əvvəl kitab, qəzet, jurnal nəşri böyük bir nazirliyin nəzarətində idi, yəni əslində, kitab çap etmək istəyən, qəzet və jurnal buraxmaq istəyən söz sahiblərinin yazdıqlarını redaktə edən redaktorlar, qrammatik səhvləri aradan qaldıran korrektorlar var idi. İndi kimin könlündən kitab buraxmaq keçirsə, pulunu qoyur cibinə, cızma-qarasını vurur qoltuğuna, cumur nəşriyyata, onun “əsəri”ndə nəinki ağlabatan bir nəsnə var, heç ədəbiyyat da yoxdur.
Şeir kitablarını babasının, dədəsinin, anasının, qohum-əqrəbasının, ailəsinin şəkilləri ilə bəzəyənlər nədənsə ədəbi məclislərin, görüşlərin yuxarı başına dəvət olunur!”
T.Pənahqızı qeyd edib ki, son vaxtlar kitab oxumağa maraq göstərməyənlər, təbii ki, indi daha çox tənqid hədəfi olan TV-nin biabırçı şou proqramlarına baxmağa üstünlük verir, ya da gününü, saatlarını sosial şəbəkədə xərcləyir:
“Hərdən düşünürəm ki, bəlkə də, bu dünyada heç bir xalqın, millətin bizim qədər atalar sözü, məsəli yoxdur. Babalarımız deyib ki: “Ehtiyatlı igidin anası ağlamaz!”
Ancaq biz ehtiyatı əldən verdik, bir çox dəyərlərimizi unutduq deyə anamız ağlayır indi, heç nəyi yığıb-yığışdıra bilmirik. Camaat nələr düşünür, nələr planlayır, nələr kəşf edir, bizim uğraşdığımız problemə baxın! Biz dilimizi, əlifbamızı, sözümüzü və özümüzü özümüzdən qoruyuruq”.
Səyyad Aran: “Türk”, “türk dili”, “türk xalqları” və sair terminlər Azərbaycan xalqı üçün vahimə yaradan leksik vahidlərə çevrilmişdi
Yazıçı-publisist, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran qeyd edib ki, bir milləti digərlərindən fərqləndirən və onların içində əriyib yox olmasının qarşısını alan həmin millətin özünəməxsus milli-mənəvi dəyərləridir.
S.Aranın bildirdiyinə görə, bu, dəyərlər din və dil, tarixdən miras qalmış mədəni-mənəvi irsdir:
“Hər bir etnosun milli kimliyinin və varlığının qorunmasının təməl daşlarından biri də dildir. İnsan yeganə varlıqdır ki, dil ünsiyyətindən istifadə edərək bugünkü inkişaf səviyyəsinə gəlib çatıb. Bəzi dillər tarixin çətinliklərindən keçə bilməyərək itib-batıb.
Görkəmli Azərbaycan maarifçisi Firudin bəy Köçərli deyirdi ki, əgər bir xalqın bütün maddi və mənəvi irsini əlindən alsan, ancaq ana dilinə toxunmasan, həmin millət yox olmaz. O, az müddət sonra yenidən ayağa qalxar. Ana dili olmayan bir milləti isə heç bir mal-dövlətlə diriltmək olmaz. Bizim dilimizə də zaman-zaman ciddi təzyiqlər olub. Xüsusilə XX əsrin 30-cu illərindən başlayaraq rus imperiyasının tərkibindəki bütün xırda xalqların dillərinə olan təzyiq və təqiblər Azərbaycan dilindən də yan keçməyib.
Dövlət səviyyəsində nəinki Azərbaycan dili işlədilmirdi, hətta onun hərtərəfli araşdırılmasına imkan verilmirdi. Həmin dövrdə “Kitabi-Dədə Qorqud”un dil və mənəviyyat baxımından öyrənilməsi, onun elmi-nəzəri baxımdan tədqiqi qadağan edilmişdi. İstənilən formada dil üzrə tədqiqatların türkçülüklə əlaqələndirməsinə imkan vermir, belə müəlliflərə “pantürkist” damğası vurulurdu. “Türk”, “türk dili”, “türk xalqları” və s. terminlər Azərbaycan xalqı üçün vahimə yaradan leksik vahidlərə çevrilmişdi. Belə bir şəraitdə xalqın ziyalı oğulları yenə də öz sözlərini deyir, Azərbaycan dilinin yad dil qarşısında məhvinə imkan vermirdilər.
Mirzə İbrahimov, Şıxəli Qurbanov, Əbdüləzəl Dəmirçizadə, Bəxtiyar Vahabzadə və başqalarının Azərbaycan dilinin qorunması, təmizliyi və inkişafı yolunda mübarizələri xalqın yaddaşında əbədi iz buraxıb”.
S.Aran qeyd edib ki, SSRİ dövründə Azərbaycan Konstitusiyasında respublikamızın rəsmi dövlət dili kimi rus dili təsbit olunmuşdu:
“1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycan dilinin çiçəklənməsinin əsas səbəbi oldu. İlk dəfə olaraq məhz onunn dərin və uzaqgörən siyasəti nəticəsində respublikamızın Konstitusiyasında (1978-ci il) Azərbaycan dili rəsmi dil kimi təsbit edildi.
Azərbaycan xalqının təkidli tələbi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra digər sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan ana dilimizin nüfuzunun artırılması istiqamətində də məqsədyönlü və ardıcıl iş aparmağa başladı. Onun ana dilimizin saflığının qorunması, dilimizə hörmətlə yanaşmağın vacibliyi istiqamətində apardığı mübarizə xalqın və dilin tarixində xüsusi səhifədir.
1993-cü ildən sonra Heydər Əliyev dilimizin qorunması, inkişaf etdirilməsi, respublikamızın bütün idarə və təşkilatlarında dövlət dili kimi tətbiq edilməsi uğrunda əzmkar fəaliyyət və qətiyyət nümayiş etdirdi. Onun 18 iyul 2001-ci il tarixli fərmanı Azərbaycan dilinin tarixinə bəxş etdiyi ən parlaq səhifə idi. Heydər Əliyev çıxışlarının birində bu barədə deyirdi:
“Dünyada yaşayan azərbaycanlılar öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdırlar. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi vətəni var”.
Dilimizin saflığının qorunub saxlanılması və gələcək nəslə ötürülməsində hər birimizin üzərinə böyük vəzifə düşür. Yeni elektron mediada, televiziya və radioda, o cümlədən, tərcümə olunan ədəbiyyatlarda müəyyən dil qüsurlarına rast gəlinir. Toxunduğumuz mövzu çox geniş olduğu üçün mən burada,sadəcə, tərcümə olunan dini ədəbiyyatlardan və din xadimlərinin danışıq üslubundan qısa şəkildə danışacağam.
Hazırda ölkəmizdə dinə aid xeyli tərcümə ədəbiyyatına rast gəlmək mümkündür. Dini kitabların satıldığı mağazalarda oxuculara müxtəlif səpkili dini ədəbiyyatlar təklif olunur. Demək olar ki, hər ay oxucular yeni-yeni tərcümə kitabları ilə tanış olurlar. Tərcümələr, əsasən, ərəb, türk və fars dillərindəndir.
Dini ədəbiyyatın dilimizə tərcüməsi zamanı yaxşı tərcümələrlə yanaşı, qüsurlu, Azərbaycan dili normaları ilə səsləşməyən, sintaktik qaydalara uyğun gəlməyən birləşmələrin, yad istilahların üstünlük təşkil etdiyi tərcümələr də kifayət qədərdir”.
“Bu gün bizim din xadimlərimizin bir çoxu moizələrində, nitqlərində başqa ölkələrin danışıq üslubundan istifadə edirlər…”
Onun qeyd etdiyinə görə, eyni zamanda, tərcümələrdə orfoqrafik qaydalara da riayət olunmur: həm sözlər düzgün yazılmır, həm də durğu işarələri düzgün işlədilmir:
“Problem sintaktik-qrammatik normalara riayət olunmalı məqamlarda da özünü aydın göstərir. Buraya uzlaşma prinsipinin pozulması halları daxildir. Diqqət çəkən məqamlardan biri də üslub xətasıdır. Əksər tərcüməçilər hədəf dilin tələblərinə cavab vermir, yəni fikir kənarda qalır, cümlə sözbəsöz tərcümə olunur. Əslində, cümlələrdə və birləşmələrdə mənbə dilinin deyil, hədəf dilinin üslubu əsas götürülməlidir.
Cəfər Cabbarlının məşhur ingilis dramaturqu Vilyam Şekspirin “Hamlet” əsərinin dilimizə tərcüməsi buna çox gözəl örnəkdir. Həmin əsərdə Hamletin monoloqunda belə bir ifadə var, “To be or not to be” (olmaq, ya olmamaq).
Amma Cəfər Cabbarlı onu hərfi deyil, məna baxımdan bu cür tərcümə edib: “Olum, ya ölüm”. Təəssüf ki, bu gün dilimizə edilən tərcümələrdə, əsasən, hərfi mənaya rast gəlinir. Məsələn, “Cənabi Allah”, “doğruları göstərmək”, “sevgili peyğəmbərimiz”, “o həzrət buyurdu ki”, “Allah təbarəkü və təala bunu bizə mükəlləf buyurmayıb” və s. bu kimi ifadələr Azərbaycan dili ilə uyğunluq təşkil etmir, tərcümədə yad və qeyri-səmimi səslənir.
Eyni zamanda, uzlaşma ilə bağlı da belə bir misal göstərmək olar: “Bəşəriyyətin bir daha dinə sarılmalarından sevinc hissi duyuruq”.
Bir şeyi də ürək ağrısı ilə qeyd etmək istəyirəm ki, bu gün bizim din xadimlərimizin bir çoxu moizələrində, nitqlərində başqa ölkələrin danışıq üslubundan istifadə edirlər. Bu, daha çox, xarici ölkələrdə təhsil alanların danışığında özünü göstərir.
Onlar istər yas mərasimlərində, istər əzadarlıq məclislərində, istərsə də xütbələrində dilimizin saflığına xələl gətirirlər. Türkiyədə oxuyub gələnlər, daha çox, türk ağzı və ləhcəsi ilə danışırlar.
Ərəb ölkələrində təhsil alanlar danışıqda boğaz səslərindən, İran dini məktəblərini bitirənlər isə kəlmələri uzada-uzada tələffüz edirlər. Yaxud da deyirlər ki, “qapını təqqülbab eylədi”, yəni “qapını döydü”. Bunu belə sadə şəkildə demək o qədərmi çətindir?!
Xaricdə dini təhsil alanların bir-birinə müraciətində də oxşar problem özünü aydın göstərir: “Abi”, “ağa” və yaxud “əxi”. Bütün bunlar bizə Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərini xatırladır. Mirzə Cəlil bu mənzərəni hələ XX əsrin əvvəlində çox gözəl təsvir etmişdi. Tarixin istehzasına bax ki, yüz ildən sonra eyni hadisələr təkrar olur.
Dil də müqəddəsdir, mənəviyyat göstəricisidir. Ona görə də dilə məhəbbəti Vətənə, Anaya məhəbbətlə müqayisə etmək daha doğrudur. Milli dili yaşatmaq lazımdır. Dövlət nə lazımdırsa edir, ancaq cəmiyyətin fəallaşması da vacibdir.
Bu gün Azərbaycan dilinin qorunması, onun daha da zənginləşdirilməsi hər birimizin qarşımızda duran başlıca vəzifələrdəndir”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyadan Rusiya ilə müharibə üçün 1000 səhifəlik məxfi plan barədə RƏSMİ AÇIQLAMA
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Annalena Berbok: "İqlim maliyyəsi sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir"
- Almaniyada maraqlı hadisə: Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"