Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etməkdən məmnunam. Azərbaycan torpağında ənənəvi qonaqpərvərliyə və bu tədbirin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Heydər oğlu Əliyevə səmimi minnətdarlığımı bildirmək istərdim.
Oxu.Az xəbər verir ki, bunu Türk Şurasının Görüşündə Qazaxıstanın birinci Prezidenti və Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev deyib.
O, Şavkat Mirziyoyevi və özbək xalqını Türk Şurasına tamhüquqlu üzv kimi daxil olması münasibətilə təbrik edib:
“Bu, bütün türkdilli ailə üçün çoxdan gözlənilən tarixi hadisədir.
Zirvə Görüşündə müşahidəçi qismində ilk dəfə iştirak edən dostumuz, Macarıstanın Baş Naziri Viktor Orbanı təbrik edirəm. Budapeştdə Türk Şurası nümayəndəliyinin açılması Macarıstan hökumətinin mühüm addımıdır. Həmin nümayəndəlik bizim fəaliyyətimizi Avropa istiqamətində genişləndirəcək.
Sooranbay Şaripoviç Jeenbekov başda olmaqla, Qırğızıstanın Şuradakı sədrliyinin yekunlarını yüksək qiymətləndirirəm.
Qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana mənə Türk Şurasının fəxri sədri statusu verilməsi təklifinə görə xüsusi minnətdarlığımı bildirirəm. Bu təşəbbüsü dəstəklədiyinizə görə hamınıza minnətdaram. Mənim belə yüksək mükafatla təltif edildiyimə görə təşəkkür edir və hamınızın qarşısında baş əyirəm. Bu, mənə təşkilatın işində fəaliyyətimi davam etdirməyə imkan verəcək. Mən bunun üçün var qüvvəmi sərf etməyə hazıram.
Bildiyiniz kimi, mən Prezident səlahiyyətlərini böyüməkdə olan nəslə vermişəm və buraya birinci Prezident, Elbası kimi gəlmişəm. Mən 30 ilə yaxın Qazaxıstana rəhbərlik etmişəm. Bu illər ərzində bizim iqtisadiyyatımız 20 dəfə, ölkənin rifahı 19 dəfə artıb və biz tədricən inkişaf etmiş ölkələrə yaxınlaşırıq. Bu müddət ərzində bizim çox böyük uğurlarımız olub.
Hörmətli Zirvə Görüşü iştirakçıları. 2006-cı ildən başlayaraq Jeenbekov, Ərdoğan, Mirziyoyev və Orban isə ötən il Çolpan-Atadakı görüşlərdə iştirak edirlər. Mərkəzi Asiyada yeni müstəqil dövlətlərin tarixinin yalnız ilk ayları gedirdi, amma biz artıq qardaş xalqlarımız arasında dilin, mədəniyyətin və ənənələrin eyniliyinə əsaslanan münasibətlər qurulmasının əhəmiyyətini dəqiq başa düşürdük.
Buna görə də bütün qardaş ölkələr Ankara bəyanatını imzaladılar. Bunun vasitəsilə biz geniş türk dünyasında qarşılıqlı əməkdaşlığımızı inkişaf etdirmək üçün iradə və qətiyyətimizi ifadə etdik. Türkdilli dövlətlərin başçıları müxtəlif heyətlərdə Azərbaycanda, Türkiyədə, Qırğızıstanda, Özbəkistanda və Qazaxıstanda 10-a yaxın görüş keçiriblər. Görüşlərin dəyişkən nəticələrinə bizim ölkələrimizin daxili inkişafının cürbəcür gündəlikləri və xarici siyasət konyukturası təsir edib.
On il əvvəl Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında əsas sənədi təsdiq etdik. Beləliklə, əlaqələrimizin yeni, daha düşünülmüş və praqmatik mərhələsinə start verildi. Məhz bu yanaşma bizə indiki yubiley tədbirinə yaxşı nəticələrlə gəlməyə imkan verdi.
Əvvəla, biz təşkilatın həm qlobal kontekstdə, həm də özümüz üçün zəruriliyini və aktuallığını sübut etməyə nail olduq. İkincisi, Şura Özbəkistanın və Macarıstanın hesabına genişləndi ki, bu da bizim birgə salnaməmizdə yeni səhifə açdı. Üçüncüsü, ölkələr tərəfindən sanballı institusional struktur yaradıldı.
Bu struktura TürkPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Ağsaqqallar Şurası, eləcə də, Türk Ticarət-Sənaye Palatası daxildir. Dördüncüsü, Şuranın siyasi və iqtisadi nüfuzu regional və beynəlxalq səviyyələrdə artır. Beşincisi, türk dünyası inteqrasiyasının konsepsiyası qəbul olunub. Həmin sənəd əsasən türkdilli ölkələrin çoxplanlı qarşılıqlı fəaliyyətini perspektivdə keyfiyyət cəhətdən daha yüksək səviyyəyə çıxaracaq.
Hörmətli dostlar, türk sivilizasiyasının dərin kökləri vardır. Əgər tarixə müraciət etsək, biz planetin ən böyük qitəsində həmişə mühüm rol oynamış xalqların xələfləriyik”.
Nazarbayevin sözlərinə görə, türk dünyasının müasir mərhələdə də əhəmiyyətini dərk etmək üçün dünyanın coğrafi xəritəsinə baxmaq kifayətdir:
“Xüsusilə qeyd etmək istərdim ki, mən ötən müddət ərzində, - 1992-ci ildən 2019-cu ilə qədər 25 ildən artıq müddətdə, - müxtəlif heyətlərlə türkdilli dövlət başçılarının 17 görüşünün hamısında iştirak etmişəm.
Mən bunları əxz etmişəm: məsələn, “Türk” sözü, bu sözün hər bir hərfinin mənim üçün xüsusi mənası var. Birinci “t” hərfi - trast, yəni, inamdır, “ü” - uniti, yəni, birlik, “r”- renessans, yəni, intibah və sonuncu “k” hərfi - kinşil, yəni, qohumluq. Bu anlayışa əsaslanaraq mənim birlik daxilində işimin məqsədi ölkələrimizi yaxınlaşdırmaq olub və buna görə də mən çox şadam ki, birgə səylərlə bu məqsədə nail olmuşuq.
Bizim 160 milyona yaxın sayda qardaşlıq ailəmiz möhkəmlənir, genişlənir və inkişaf edir. Bununla yanaşı, hamımız bilirik ki, bu gün dünyada iri dövlətlər arasında qarşıdurma və etimad böhranı nəticəsində mürəkkəb geosiyasi vəziyyət yaranıb. Bəzən bizim Şuranın ölkələri arasında da öz həllini tələb edən məsələlər yaranır.
Əlbəttə, belə şəraitdə biz əllərimizi yanımıza salıb oturmuruq. Birlikdə həll yollarını tapmışıq və həll etmişik. Həmişə də belə olmalıdır. Məsələn, türk dünyasının inteqrasiya konsepsiyasının qəbul olunması və mənim Çolpan-Atada türk əməkdaşlıq təşkilatlarının islahatları barədə təkliflərimlə əlaqədar bizim addımlarımız həmin çağırışlara cavab oldu. Güman edirəm ki, bizim hamımızın növbəti səviyyəyə, yəni, ümumtürk gələcəyinin yeni üfüqlərinin formalaşdırılmasına başlamağa keçmək vaxtıdır.
Bununla əlaqədar mənim iki təklifim var. Birincisi, “Türk baxışı 2040” proqramını hazırlamaq. Bu proqramda türkdilli birliyin uzunmüddətli məqsədləri və onlara nail olmaq yolları əksini tapmalıdır.
Beləliklə, biz xalqlarımıza göstərilən dövr üçün türk inteqrasiyasının təxmini obrazının cizgilərini təqdim edərik. Bununla da biz, həmçinin, xarici siyasət və ticarətin yumşaq gücü, tranzit və turizm, investisiya, energetika, “yaşıl” iqtisadiyyat, kiçik və orta biznes kimi prioritet sahələrdə ölkələrin qarşılıqlı fəaliyyətinə yeni impuls verərik. Proqrama, həmçinin, mədəniyyət və təhsil, gənclər siyasəti və səhiyyə, rəqəmsallaşdırma və süni intellekt, eləcə də türk beşiyi - Türküstan şəhərinin inkişafı bölmələrini daxil etmək zəruridir.
Hazırda Qazaxıstan həmin şəhərdə nəhəng tikinti işlərinə başlayıb. Sənəddə müvafiq təhlil aparıldıqdan sonra indiki və əvvəlki görüşlərdə irəli sürülən təşəbbüslərin gerçəkləşdirilməsi üzrə “Yol xəritələri” də öz əksini tapmalıdır. Həm də sənədin bizim dövlətlərin milli inkişaf proqramları ilə əlaqəsini təmin etmək zəruridir.
Bununla yanaşı, biz həm də birliyin açıqlığını təmin etməli və qapalı blok yaratmağa şirniklənməməliyik. İkincisi, perspektivdə Şuranın adının dəyişdirilməsi məsələsinə nəzər yetirmək lazımdır. Bizim təkcə dilimiz deyil, həm də tariximiz, mədəniyyətimiz, dünyagörüşümüz və ənənələrimiz də eyni mənbədən qidalanır.
Buna əsaslanaraq türk inteqrasiyasının uğuru təkcə bizim ailələrimiz üçün deyil, həm də bütün Avrasiya məkanında təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi üçün strateji əhəmiyyətə malikdir. XXI əsr bizə belə imkan verir və bundan tam istifadə etmək lazımdır. Həm də hesab edirəm ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını təşkilat səviyyəsinə qədər yüksəltmək olar. Beləliklə, əgər bizim Şuramız təşkilata çevrilsə, bizim qurumumuzu türkdilli deyil, Türk Dövlətləri Təşkilatı adlandırmaq olar. Biz bilirik ki, vahid köklərə malikik, amma ötən əsrlər ərzində, ötən dövr ərzində bizim ölkələrimiz öz yollarını dəyişiblər. Köklərimiz eynidir, türk dövlətləri adlandırmalıyıq.
Hörmətli görüş iştirakçıları, türk inteqrasiyasının möhkəmləndirilməsi və inkişafı yolunda əməyimi yüksək qiymətləndirməyiniz mənim üçün böyük şərəfdir. Ümid edirəm ki, biz gələcəkdə də sizinlə birlikdə yeni zirvələr fəth edəcəyik və mən bu yolda sizə kömək etməyə və dəstək göstərməyə həmişə hazıram. Diqqətinizə və mənə göstərdiyiniz hörmətə görə təşəkkür edirəm”.