Azərbaycan dünyəvi dövlətdir. Ancaq İslam dəyərləri dövlət səviyyəsində qorunur, dini ibadət yerləri təmir və bərpa olunur.
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov Prezident İlham Əliyevin altıncı çağırış parlamentin ilk iclasında çıxışını şərh edərkən bildirib.
O qeyd edib ki, bu gün bir çox müsəlman ölkələri radikalizmdən ciddi əziyyət çəkir, dini zəmində münaqişələr baş verir.
“Azərbaycan isə qarışıq və mürəkkəb proseslərin getdiyi müasir dünyada sabitlik və əmin-amanlıq adası təsiri bağışlayır. Şübhəsiz ki, bu sabitliyin və əmin-amanlığın pozulmasında maraqlı qüvvələr var”, - deyə C.Məmmədov əlavə edib.
Deputat söyləyib ki, Azərbaycanda radikalizmlə mübarizə sahəsində böyük işlər görülüb və görülür.
Komitə üzvü əhaliyə də çağırış edib, deyib ki, hər birimiz ölkədə sabitliyin və əmin-amanlığın qorunması üçün səylə çalışmalıyıq.
Martın 10-da yeni çağırış Milli Məclisin ilk iclasında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, biz Azərbaycanı müasir, dünyəvi dövlət kimi gücləndirməliyik:
“Dünyəvilik prinsipləri daha geniş bərqərar olmalıdır. Radikalizmə qarşı mübarizə daha geniş aparılmalıdır. Parlamentin rolu burada vacibdir. Ancaq sözün düzü, xatırlamıram ki, bu məsələ ilə bağlı əvvəlki dövrdə parlamentdə ciddi söhbət aparılsın. Biz aparmalıyıq. Heç bir bağlı mövzu olmamalıdır. Çünki bizim gələcəyimiz bundan asılıdır. Biz 20 il, 30 il, 50 il sonra hansı dövlətdə yaşamaq istəyirik. Biz bilirik və xalq da bilir. Amma bunu təmin etmək lazımdır. Əgər oturub nəyisə gözləyəcəyiksə, böyük problemlər yarana bilər.
Ona görə biz bu sahədə də öz siyasətimizi təmin etməliyik, bizim siyasətimizin üstünlüyünü göstərməliyik və müqayisə etməliyik, çəkinmək lazım deyil. İstənilən tərəflə müqayisə etmək üçün kifayət qədər arqumentlərimiz var, təhlükəsizlik, əmin-amanlıq, inkişaf, sosial rifah, azadlıqlar. Ona görə parlament bu məsələlərlə ciddi məşğul olmalıdır və əminəm ki, olacaq”.
Aqşin Kərimov