Noyabrın 6-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü və Sevilya Şəhər Şurasının dəstəyi ilə İspaniyanın Sevilya şəhərində möhtəşəm aksiya keçirilib.
Oxu.Az xəbər verir ki, Azərbaycan xalqı üçün ən əziz və qürurverici tarixlərdən biri olan 8 Noyabr - Zəfər Gününə həsr olunmuş aksiya çərçivəsində Vətən müharibəsində əldə edilən şanlı Zəfərin altıncı ildönümü münasibətilə şəhərin məşhur İspaniya meydanında ("Plaza de España") yerləşən tarixi "Visente Traver" fəvvarəsi ("Fuente de Vicente Traver") dövlət bayrağımızın mavi, qırmızı və yaşıl rəngləri ilə işıqlandırılıb.
Axşam saatlarından etibarən İspaniyanın zəngin memarlıq və mədəni irsinin görkəmli nümunələrindən sayılan fəvvarənin üzərinə proyeksiya edilən Azərbaycan bayrağının rəngləri şəhər sakinləri və qonaqları tərəfindən böyük maraqla qarşılanıb. Aksiyanı canlı izləyən həmvətənlərimiz və Sevilyada təhsil alan azərbaycanlı tələbələr Vətəndən uzaqda üçrəngli bayrağımızı belə əzəmətli məkanda görməyin onlara xüsusi qürur və sevinc hissi yaşatdığını bildiriblər.
İlk dəfə Sevilya şəhərində keçirilən bu möhtəşəm aksiya Azərbaycan ilə İspaniya arasında mövcud olan möhkəm dostluq və əməkdaşlıq münasibətlərinin bariz nümunəsidir. Zəfər Günü kimi mühüm bir tarixdə həyata keçirilən bu təşəbbüs, eyni zamanda, İspaniya ictimaiyyətinin Azərbaycana göstərdiyi dərin hörmət və rəğbətin təzahürü kimi dəyərləndirilir.
Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov ölkələrimiz arasında dostluq münasibətlərini təcəssüm etdirən bu təşəbbüsə göstərilən dəstəyə görə Sevilya meriyasına minnətdarlığını bildirib. Səfir vurğulayıb ki, bu cür simvolik tədbirlər xalqlar arasında qarşılıqlı anlaşmanın və yaxın münasibətlərin daha da möhkəmlənməsinə mühüm töhfə verir. O, həmçinin son illərdə Azərbaycan-İspaniya münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə əməkdaşlığın uğurla davam etdiyini diqqətə çatdırıb.
"Visente Traver" fəvvarəsi ("Fuente de Vicente Traver") təkcə Sevilya şəhərinin deyil, bütövlükdə İspaniyanın məşhur tarixi və memarlıq simvollarından biridir. 1929-cu ildə keçirilən İbero-Amerika sərgisi ilə əlaqədar memar Visente Traver i Tomas tərəfindən layihələndirilən bu monumental ansambl zərif mərmər quruluşu və dekorativ elementləri ilə diqqəti cəlb edir. Şəhərin mərkəzində, İspaniya meydanında ("Plaza de España") yerləşən bu tarixi məkan həm yerli sakinlərin, həm də turistlərin ən çox üz tutduğu görüş və istirahət yerlərindən biridir.