“Bu gün səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı törətdiyi təxribat nəticəsində həm mülki əhali, həm də hərbçilərimiz arasında itkilərimiz var. Bu, Ermənistanın faşist fəaliyyətini bir daha dünyaya göstərdi”.
Oxu.Az-ın müxbiri xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasında deyib.
Prezident bildirib ki, Müdafiə Nazirliyinə və aidiyyəti qurumlara real vəziyyətlə bağlı zəruri tapşırıqlar verilib:
“Ermənistanın təxribatına cavab olaraq Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirir. Ermənistanın hərbi təxribatı uzun müddətdir ki, hazırlanan, planlı addımdır.
Bu, onu göstərir ki, Ermənistan Azərbaycana qarşı yeni müharibə başlatmaq niyyətindədir. Bu məsələ ilə bağlı mən son bir həftə ərzində mediada, BMT kürsüsündən çıxışlarımda qeyd etmişəm.
Bildirmişəm ki, onların qarşısı alınmalıdır. Onlar müharibəyə hazırlaşırlar. Bu gün xalqa müraciətimdə də ermənilərin çirkin addımları haqqında məlumat verdim.
Ermənilərin bu gün bir neçə istiqamətdən bizim mövqelərimizi, mülki əhalini atəşə tutması planlı şəkildə atılan addımdır. Dinc əhaliyə qarşı bu cür addım yalnız faşistlərə xas ola bilər. Onlardan fərqli olaraq, bizim başqalarının torpaqlarında gözümüz yoxdur. Biz öz torpaqlarımızı sonuna kimi müdafiə edəcəyik”.
Könül Cəfərli
Rəylər