Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Zemfira Meftahətdinova yubiley tədbirində göz yaşlarına hakim ola bilmədi - FOTO
Azərbaycanın olimpiya çempionu, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti və Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Zemfira Meftahətdinovanın 60 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, MOK-un inzibati binasında təşkil olunan tədbirdə qurumun vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, digər rəsmilər, Gənclər və İdman Nazirliyinin, həmçinin, müxtəlif federasiyaların nümayəndələri və idmançılar iştirak ediblər.
Əvvəlcə yubilyarın idmançı karyerasını əks etdirən, ölkə xaricindən olan şəxslərin və MOK əməkdaşlarının təbriklərinin yer aldığı videoçarxlar nümayiş olunub.
Tədbirdə ilk çıxış edən Çingiz Hüseynzadə bildirib ki, Zemfira Meftahətdinova bütün dünyada sevilir. Vitse-prezident yubilyarın Beynəlxalq Olimpiya Komitəsi tərəfindən “Woman Sport” mükafatı ilə təltif olunduğunu qeyd edib. Ç.Hüseynzadə həmin mükafatı Zemfira Meftahətdinovaya təqdim edib.
Ardınca Fərid Qayıbov çıxışında Zemfira Meftahətdinovanın Azərbaycanın ilk qadın olimpiya çempionu olduğunu qeyd edib:
“Zemfira xanımla son iki ildə daha yaxından tanış olmuşam. O, həm də çox yaxşı insandır, müstəqil Azərbaycanın ilk qadın olimpiya çempionudur. İstərdim ki, onun qızı da olimpiya çempionu olsun. Zemfira xanımın çalışdığı sahədə də nailiyyətlərinin davam edəcəyinə inanıram”.
Bundan başqa, Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü Asif Əsgərov, MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, olimpiya çempionları Namiq Abdullayev, Fərid Mansurov, Elnur Məmmədli, veteran idmançılar Yaqub Məmmədov, Rafiq Hacıyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, stent atıcılığı üzrə məşqçi Nazim İbrahimov, Əməkdar məşqçi İsmayıl İsmayılov, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Daxili İşlər Nazirliyinin əlbəyaxa döyüş növləri üzrə məşqçisi Rəsul Məmmədov da çıxış edərək, Zemfira Meftahətdinovanı təbrik ediblər.
Sonda çıxış edən yubilyar tədbirin təşkilini özü üçün böyük hədiyyə adlandırıb. Göz yaşlarını saxlaya bilməyən Z.Meftahətdinova qazandığı nailiyyətlərə görə məşqçilərinə minnətdarlığını bildirib:
“Mənim idmançı və bir insan kimi formalaşmağımda məşqçimin əməyi böyük olub. Burada əyləşənlərin hər biri mənim üçün əzizdir. Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm. Onların idmançılara qayğısı idmançılarımızın uğurlar qazanmasında müstəsna rol oynayır”.
Daha çox şəkil burada: PhotoStock.Az
Faiq Tahirov
"Çin" teqi üzrə xəbərlər
- Ən böyük hərbi donanmaya sahib ölkə AÇIQLANDI
- Rövşən Rüstəmov: "Çindən gələn blok qatarlarının sayının 3 dəfə artırılması planlaşdırılır"
- "Puma"dakı tək azərbaycanlı: "Şirkəti idarə edən önəmli şəxslərdən olmaq istəyirəm"
- Çin ABŞ-nin 13 hərbi sənaye müəssisəsinə sanksiya tətbiq edib
- Dərmanların heyvanlar üzərində sınaqdan keçirilməsinə daha mərhəmətli alternativ tapılıb
Rəylər