Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qərbi Azərbaycan Xronikası: Türkiyədən gələn ermənilərin “özəlləşdirdiyi” rayon - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə sakinləri zaman-zaman tarixi etnik vətənlərindən deportasiyaya məruz qalan, coğrafi məkanlarımızın izinin itirilməsinə çalışılan Düzkənd rayonu haqqında süjet hazırlanıb.
Oxu.Az xəbər verir ki, “Düzkənd niyə Axuryan rayonu adlandırılıb?” adlı süjetdə indiki Ermənistanda tarixi gerçəkliyi özündə əks etdirən qədim oğuz yurdlarının adının dəyişdirilməsi daim əsas hədəf və siyasi xətt olduğu vurğulanır.
Bildirilir ki, Düzkənd Qərbi Azərbaycanın, indiki Ermənistanın Şörəyel mahalı ərazisində yerləşir. Rayon ərazisinin böyük bir hissəsini qədim türk tayfası olan Şirakların adını daşıyan Şirək düzənliyi təşkil edir: “İrəvan quberniyasının Aleksandropol qəzasında mövcud olan, sonradan Düzkənd rayonuna aid olan Bacoğlu, Türk Qarakilsəsi, Təpədölək, Kiçik Keyti, Qonaqqıran və digər kəndlərdə daim azərbaycan türkləri yaşayıb. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq yurdlarından didərgin salınıblar. Bu deportasiyadan sonra Türkiyədən ermənilər köçürülərək bu ərazidə yerləşdirilib. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlıların bir hissəsi öz evlərinə qayıdıblar. Lakin 1928-1929-cu illərdə azərbaycanlılar tamamilə başqa kəndə köçürülüb və oğuz-türk izləri silinməyə başlayıb”.
Diqqətə çatdırılır ki, Düzkənd rayonu 1937-ci il dekabrın 31-də yaradılıb, 1945-ci il dekabrın 7-dən etibarən isə Axuryan rayonu adlandırılıb. 1988-ci ilə qədər Düzkən rayonunun tərkibinə daxil olan kənd və digər yaşayış məntəqələrindən azərbaycanlı əhali sıxışdırılaraq deportasiaya məruz qalıb. Bununla da məkrli ermənilərin izitirmə siyasəti yeni vüsət alıb. 1995-ci ildə Ermənistanın yeni inzibati-ərazi bölgüsünə keçidi zamanı Düzkənd, yəni Axuryan rayonu ləğv edilib və Şirak mərzliyinin tərkibinə daxil edilib. Ermənistan rəhbərliyinin müxtəlif fərmanları ilə rayon üzrə, təqribən, 44 tarixi yer adları dəyişdirilib.
Sonda vurğulanır ki, Azərbaycan türklərinin dədə-baba yurdlarından olan Düzkənd rayonu da erməni saxtakarlığının qurbanı olub: “Tarixi reallığın unudulmaması naminə bu ərazidə qədimdən yaşayıb məskən salan insanların doğma yurda qayıtması isə zamandan doğan zərurətdir. Əminik ki, bu məqsədlə aparılan haqlı mübarizə uğurlu olacaq, o yerlərin əsl sahibləri isti ocaqlarına yenidən qovuşacaqlar”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: