"Azərbaycan və Almaniya arasında mövcud strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi siyasi dialoqun gücləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli rol oynayacaq".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupunun üzvü Azər Badamov Prezident İlham Əliyevin Almaniyaya səfərini şərh edərkən deyib.
O bildirib ki, dövlət başçısının Almaniyaya səfəri və Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə görüşü iki ölkə arasındakı münasibətlərin inkişafı baxımından mühüm siyasi hadisədir:

"Dünyada geosiyasi münasibətlər sistemi ciddi dəyişikliklər mərhələsindən keçir. Müharibələr, regional münaqişələr və artan qlobal çağırışlar beynəlxalq münasibətlərdə yeni reallıqlar yaradıb. Belə bir mürəkkəb dövrdə Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən, balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənib. Ölkəmiz artıq Avropa üçün təkcə enerji sektorunda deyil, nəqliyyat, logistika və regional bağlantı sahələrində də vacib tərəfdaşdır. Son illərdə inkişaf etdirilən Orta Dəhliz layihəsi Asiya ilə Avropanı birləşdirən mühüm nəqliyyat marşrutuna çevrilib. Azərbaycanın əlverişli coğrafi mövqeyi, yaradılmış müasir infrastruktur və tranzit imkanları Almaniya daxil olmaqla Avropa ölkələri üçün yeni logistika imkanları yaradır. Eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu ölkəmizin strateji əhəmiyyətini daha da yüksəldib. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın təbii qazı Avropanın müxtəlif ölkələrinə, o cümlədən Avropa İttifaqına üzv dövlətlərə çatdırılır. Qlobal enerji təhlükəsizliyi məsələlərinin aktuallaşdığı bir şəraitdə Bakı sözügedən coğrafiya üçün etibarlı və uzunmüddətli enerji tərəfdaşı kimi çıxış edir".
Deputat əlavə edib ki, Azərbaycan-Almaniya münasibətlərinin mühüm istiqamətlərindən biri də iqtisadi əməkdaşlıqdır:

"Almaniya Azərbaycanın Cənubi Qafqazdakı əsas ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında ticarət dövriyyəsinin artması, Azərbaycanda alman kapitallı 250-dən çox müəssisənin fəaliyyət göstərməsi iqtisadi əlaqələrin geniş potensialından xəbər verir. Hazırda Azərbaycan iqtisadiyyatı yeni transformasiya mərhələsinə qədəm qoyur. Kənd təsərrüfatının modernləşdirilməsi, rəqəmsal inkişaf, innovasiyaların tətbiqi və yeni texnologiyaların iqtisadiyyata inteqrasiyası dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu sahələrdə Almaniyanın təcrübəsi Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Almaniya kənd təsərrüfatında texnoloji yanaşmalar, rəqəmsal həllər, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosistemlərinin inkişafı sahəsində dünyanın qabaqcıl ölkələrindən biridir. Azərbaycanın yaratdığı əlverişli investisiya mühiti, sənaye parklarında tətbiq olunan güzəştlər və iqtisadi imkanlar alman şirkətləri üçün də yeni əməkdaşlıq perspektivləri açır. Xüsusilə bərpa olunan enerji, yaşıl texnologiyalar, kənd təsərrüfatı, sənaye, logistika və rəqəmsal iqtisadiyyat sahələrində birgə layihələrin həyata keçirilməsi üçün böyük imkanlar mövcuddur".
A.Badamov vurğulayıb ki, Prezident İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində ilk görüşlərdən birinin Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə keçirilməsi iqtisadi əməkdaşlığın ölkələrimiz üçün prioritet istiqamətlərdən biri olduğunu göstərir:

"Görüş zamanı Azərbaycan və Almaniya şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi, yeni investisiya layihələrinin həyata keçirilməsi, enerji, nəqliyyat-logistika, Orta Dəhliz, kənd təsərrüfatı və texnologiyalar sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Xüsusilə Almaniya texnologiyalarının Azərbaycanda kənd təsərrüfatına tətbiqi, "ağıllı kənd təsərrüfatı" sistemlərinin inkişafı, turizm potensialından daha səmərəli istifadə və innovativ həllərin tətbiqi gələcək əməkdaşlıq üçün mühüm istiqamətlərdən biri ola bilər. İlham Əliyevin həm də Almaniya Federal Kansler Fridrix Merslə görüşləri çərçivəsində aparılan müzakirələr, əldə olunan razılaşmalar və imzalanan sənədlər Azərbaycan-Almaniya münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirəcək. Bu səfər yalnız ikitərəfli əlaqələrin möhkəmlənməsinə deyil, həm də Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının yeni mərhələyə yüksəlməsinə mühüm töhfə verəcək".