"Əvvəlcə rəqibi qələbə münasibətilə təbrik edirəm".
Oxu.Az xəbər verir ki, bunu Finlandiyanın "KuPS" klubunun baş məçqçisi Miika Nuutinen "Sabah" - "KuPS" matçından sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, "Sabah" çox gözəl oynayırdı:
"Rəqib bizi müdafiə olunmağa məcbur edirdi. Əvvəlcədən belə olacağını bilirdik. Bir həftə sonra Finlandiyada keçiriləcək oyunda ən yaxşı oynumuzu göstərməliyik. Cavab oyununda lazımi nəticəni qazanacağımıza inanıram. Rəqib çoxlu sayda qol imkanları yaratdı. Lakin yekunda 1:0 hesabı onu göstərir ki, bizim mərhələ keçmək üçün şansımız var. Bu hesab bizim öz meydanımızda keçiriləcək oyun üçün sərfəli hesabdır.
Bu oyunu biz bir daha təhlil edəciyik. Düşünürəm ki, cavab oyununda lazım olan nəticəni əldə edə bilmək üçün kifayət qədər yaxşı oyunçularımız var. Azərbaycanla Finlandiya arasında hava şəraiti fərqlidir və bizim meydança təbii deyil, süni örtüklüdür. Bu iki fakt cavab oyununda bizə çox kömək edə bilər".
Xatırladaq ki, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçirilən "Sabah" - "KuPS" matçı 1:0 təmsilçimizin qələbəsi ilə başa çatıb.
Tərəflər arasında cavab oyunu bir həftə sonra Finlandiyada keçiriləcək.