"Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri, bu çərçivədə imzalanmış "İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə" və liderlərin mətbuata bəyanatları Cənubi Qafqazın geosiyasi xəritəsində və Bakı-Berlin-Aİ oxunda prinsipial, keyfiyyətcə yeni hüquqi və strateji paradiqmanın bərqərar olduğunu göstərir".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, bu geostrateji dönüşün kökündə müasir Azərbaycan dövlətinin suveren imkanlarının sürətlə genişlənməsi və Prezident İlham Əliyevin postmünaqişə dövrünə dair irəli sürdüyü uzaqgörən, hüquqi baxımdan əsaslandırılmış və realizmə söykənən strateji baxışları dayanır:
"Beynəlxalq hüquq doktrinası baxımından 21 iyul 2026-cı il tarixli Berlin Bəyannaməsi tərəflərin milli suverenliyini və hüquqi muxtariyyətini saxlayan siyasi-hüquqi niyyət sənədidir. Lakin bu sənədin preambulasında BMT Nizamnaməsinə, 1975-ci il Helsinki Yekun Aktına və Avropa Konvensiyasına edilən konseptual istinadlar Almaniya kimi Avropa İttifaqının aparıcı dövlətinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüququn imperativ normaları səviyyəsində bir daha tərəddüdsüz təsbit etməsi mənasına gəlir. Bəyannamədə 2025-ci il 8 avqust Vaşinqton Zirvə Görüşünə və sülh müqaviləsinin paraflanmasına rəsmi istinad edilməsi, Almaniya Kansleri Fridrix Mertsin bu tarixi nailiyyəti yüksək qiymətləndirməsi isə Prezident İlham Əliyevin həyata keçirdiyi "güc vasitəsilə sülh və beynəlxalq hüquq" doktrinasının Avropa məkanında tam və geridönməz şəkildə legitimlik qazandığını sübut edir. Fransa kimi bəzi regional aktorların təktərəfli və qərəzli yanaşmalarından fərqli olaraq, Berlinin bu konstruktiv mövqeyi Cənubi Qafqazın yeni təhlükəsizlik arxitekturasında Azərbaycanın əsas nizamlayıcı dövlət kimi qəbul edildiyini nümayiş etdirir".
Deputat vurğulayıb ki, səfərin və imzalanmış sənədin geoiqtisadi miqyası, eyni zamanda Azərbaycanın qlobal enerji və logistika zəncirindəki əvəzedilməz rolunu bir daha ortaya qoyur:
"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən şaxələndirilmiş xarici iqtisadi siyasət nəticəsində Azərbaycan xam neft ixracı, Aİ-nin 10 ölkəsinə çatdırılan təbii qaz tədarükü və gələcəkdə Avropaya inteqrasiya olunacaq "yaşıl və aşağıkarbonlu hidrogen" layihələri ilə Aİ-nin enerji təhlükəsizliyinin ən etibarlı və artıq sənədləşdirilmiş strateji təminatçısına çevrilib. Eyni zamanda Azərbaycanın Mərkəzi Asiya Məşvərət Formatına tamhüquqlu üzvlüyü və Orta Dəhlizin mərkəzi habı kimi çıxış etməsi Bakının Mərkəzi Asiya ilə Avropa arasında sadəcə fiziki nəqliyyat körpüsü deyil, institusional geostrateji qovşaq rolu oynadığını göstərir. Bu, Almaniyanın və Aİ-nin "Global Gateway" strategiyası üçün Azərbaycanı vazkeçilməz strateji tərəfdaşa çevirir. Razılaşmalarda diqqətəşayan ən mühüm aspektlərdən biri də təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlığın ilk dəfə rəsmi qaydada institusionallaşdırılmasıdır.
Müdafiə Akademiyaları arasında mütəxəssis mübadiləsi, müdafiə sənayesi sahəsində birgə imkanların araşdırılması və mina təmizləmə üzrə Almaniya texnologiyalarının cəlb edilməsi iki ölkə arasında strateji etimadın ən yüksək həddə çatdığını göstərir. Bütün bunlar göstərir ki, Azərbaycan Respublikası artıq regional çərçivədən çıxaraq Avropanın təhlükəsizlik, enerji və logistika arxitekturasına birbaşa təsir göstərən, suveren hüquqlarını qətiyyətlə qoruyan və qlobal geosiyasi reallıqları müəyyən edən güc mərkəzidir. Prezident İlham Əliyevin Berlin səfəri, bu ölkə prezidenti və federal kansleri ilə ali səviyyədə təmaslar başda olmaqla, keçirdiyi görüşlər və əldə olunan tarixi nəticələr artan dövlət gücünün və strateji liderlik uzaqgörənliyinin növbəti parlaq təzahürüdür", - deyə millət vəkili bildirib.