ATV telekanalında yayımlanan “Düz üzünə” verilişinin növbəti qonağı rejissor Aqil M. Quliyev olub. Verilişin anonsu efirə gedər-getməz ətrafdakı insanlar tərəfindən rejissorun ailə üzvlərinə soyuq münasibət yaranıb. Xüsusilə, anasına olan reaksiyalar onu özündən çıxarıb.
Oxu.Az xəbər verir ki, bundan şiddətli qəzəblənən rejissor hisslərini Facebook səhifəsinə paylaşıb:
“Bu gün mənim üçün çox əsəbi başlayıb. Anam bu axşam ATV-də yayımlanacaq “Düz üzünə” verilişinin anonsunu görüb. Bəlkə bu, mənim son illərdə ən səmimi etirafım, ən açıq söhbətimdir. Mən həmişə çalışmışam olduğum kimi görsənim, göründüyüm kimi olum.
Amma bu cəmiyyətin anamla bir yerdə çalışan xanımları hələ veriliş efirə getməmiş anamla işdə soyuq davranmağa başlayıb. Bu, yalnız başlanğıcdır...
Ən gülməlisi odur ki, mənim söhbətim yalnız özümdən və sənətdəndir. Anonsda “Siz narkotiklərdən nə vaxtsa istifadə etmisiniz?” sualına mən səmimi “bəli” cavabı vermişəm.
Bəli... Olub... Keçib...
Efiri yalanlarla doldurub, xalqın sənətkarlara olan-qalan hörmətini itirən, yüz oyunlardan çıxıb, ədəb-ərkanla ailə həyatı quran, “zır kayfda” camaata elm öyrədən, namus-qeyrətdən dəm vuran şou əhlinin anaları hörmətli xanım oldu. Mənim anama isə düz söz danışdığım üçün soyuq salam verirlər. Bu ikiüzlülük nə vaxta qədər davam edəcək görəsən?”.

Aytən Sadıqzadə
www.oxu.az