"Heç vaxt qəzaya düşməmiş və saz vəziyyətdə olan elektromobil dərin su gölməçələrindən və su maneələrindən daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə daha yaxşı keçə bilir".
Oxu.Az xəbər verir ki, bunu rusiyalı avtomobil eksperti Yevgeni Laduşkin RT-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bunun əsas səbəbi mühərriklərin və enerji təchizatı sistemlərinin konstruksiyası ilə bağlıdır.
"İstənilən daxiliyanma mühərrikinin işləməsi üçün böyük həcmdə hava lazımdır. Mühərrikin hava giriş sistemi, əsasən, kapotun altında yerləşir. Hətta az miqdarda suyun bu sistemə daxil olması belə ciddi zədələrə səbəb ola bilər.
Elektromobillərin quruluşu fərqlidir və onların sudan qorunmasını konstruktiv baxımdan təmin etmək daha asandır.
Hər şey qoruyucu örtüklərin, araqatların və kabel kanallarının zədələnib-zədələnməməsindən asılıdır. Əgər avtomobil əvvəllər sökülməyibsə, yol-nəqliyyat hadisəsinə düşməyibsə və zədələnməyibsə, müəyyən dərinlikdəki su maneəsindən keçmək ciddi nasazlığa səbəb olmaya bilər", - deyə ekspert bildirib.
Bununla yanaşı, mütəxəssis tövsiyə edib ki, dərin su maneəsindən keçdikdən sonra mühərrikin növündən asılı olmayaraq, suya məruz qalmış birləşmələr qurudulsun və onların hermetikliyi yoxlanılsın.
"Lakin elektromobil zədələnibsə, qəzaya düşübsə və ya qeyri-peşəkar şəkildə sökülübsə, akkumulyator blokuna, elektrik mühərriklərinin naqillərinə və digər hissələrə suyun daxil olması bahalı komponentləri qısa müddətdə sıradan çıxara bilər", - deyə mütəxəssis xəbərdarlıq edib.