Əməkdar artist Aygün Bəylər dekabr ayının 17-də Qriqori adlı erməninin məclisində iştirak edəcək.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Aygün dekabrın 18-də isə “Qoluboy ozera” restoranında səhnəyə çıxacaq. Onunla sözügedən tədbirlərdə xalq artisti tarzan Firuz Əliyev də iştirak edəcək.
Məsələni dəqiqləşdirmək üçün əməkdar artistlə əlaqə saxladıq. Aygün sualımızı eşidincə dəstəyi asaraq telefonunu söndürdü. İfaçıya dəfələrlə zəng etdikdən sonra “Bəsdirin, cavab vermək istəmirəm”-deyərək telefonu yenidən söndürdü.
Sözügedən məsələdə adı hallanan tar ifaçısı Firuz müəllimə də müraciət etdik. Firuz Əliyev bunları dedi: “Bu haqda məlumatım yoxdur. Sadəcə deyiblər ki, konsert olacaq. Mənə bilet alaraq aldadıb erməni məclisinə aparırlar. Xəbərdar etdiyinizə görə təşəkkür edirəm. Bu məclisdə iştirak etməyəcəm”.
Qeyd edək ki, əməkdar artist Aygün Bəylərin Qriqori adlı erməninin tədbirində oxumasına Rostovada yaşayan azərbaycanlılar etiraz edir.
Aytən Sadıqzadə
www.oxu.az