Azərbaycanın “Eurovision-2014” Mahnı Müsabiqəsindəki təmsilçisi Dilarə Kazımova şou səhnəsində ikinci məşqini mayın 2-də edəcək.
Oxu.Az xəbər verir ki, müğənni vokal və rəqs quruluşu ilə bağlı gündəlik hazırlıqlarına da ara vermir
Ölkəmizin “Eurovision-2014” Mahnı Müsabiqəsindəki təmsilçisi Dilarə Kazımova ifa etdiyi “Start a fire” mahnısının rəqs və səhnə quruluşu orijinallığı ilə seçilir. Belə ki, ifaçını səhnədən 8 metr yüksəklikdə hava gimnastı müşayiət edir. Rəqsin xoreoqrafı bu ideyanı belə izah edir.
Xoreoqraf Petr Torazava Giro:
“Mahnını eşidən kimi onun təsirinə düşdüm. Çox zövqlü seçimdir. O, sevgi və emosiya ilə doludur, eyni zamanda da sadə və anlaşılandır. Əlbəttə, digər rəqs növləri üzərində də düşündük. Hip-hop, romantik rəqs və sair. Amma birdən fikirləşdik ki, bəlkə havada nə isə xəyal edək. Bu, çox romantik ve poetik görünür”.
Qeyd edək ki, 15 il akrobatika ilə məşğul olan xoreoqraf bu nömrədə müğənninin görünüşü ilə mahnının sintezini yaradıb.
Vokal müəllimi Rimma Shapavalova:
“Bu mahnı musiqi təhsili olmayan, musiqini sevməyən insanı da ələ ala bilər. Onun gözəl səsi, məxmər tembri və geniş səs diapazonu, yaxşı vokal texnikası var. Ona görə də mahnının ifası onda mükəmməl alınır. Bunu ilk məşqdən də gördük. Hər şey çox uğurlu oldu”.
Qeyd edək ki, bu, vokal ustasının Azərbaycan təmsilçisi ilə ilk işbirliyi deyil. O, “Eurovision 2011”-in qalibləri Eldar və Nigar, “Eurovision 2012”-dəki təmsilçimiz Sabina Babayeva ilə də çalışıb. “Start a Fire” mahnısına səhnə quruluşunu isə isveçli rejissor Osa Enqman verib.
Xatırladaq ki, ölkə təmsilçimizin şou səhnəsində ikinci məşqi mayın 2-də olacaq.