Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Laləli saray”ın aktrisası: “Təhminə” fahişə olmayıb
Ötən həftə “Niyə türklər özlərini fahişə obrazına çəkmirlər?” açıqlaması ilə sosial şəbəkələrdə müzakirə olunan aktrisa Nərgiz Əliyeva qalmaqallı fikirlərinə qaldığı yerdən davam etdi.
Oxu.Az “Laləli Saray” serialının “Aydan”ı ilə müsahibəni təqdim edir.
– “Laləli Saray”ın reytinqi sizi qane edir? Ekran işindəki aktyorlardan nələr öyrənirsiniz?
– Reytinqimiz əladır. Bu serialı mənə uğur gətirib. Bir az tanınırdımsa, “Laləli saray”dan sonra daha çox tanınmağa başladım. Orada məndən böyük Xalq artistləri, aktyorlar var. Onlardan öyrənirəm. Bundan çəkinmirəm.
Kimsə səhnəmin pis olduğunu deyəndə incimirəm. Amma baxıram ki, bu sözü mənə kim deyir. Əgər görsəm ki, yaxşılığıma deyir, həmin insanı hörmətlə qarşılayıram.
Komandamız çox yaxşıdır.
– Yaxşı aktrisa olmaq üçün insanda nə olmalıdır?
– İstedadın, şansın və normal görüntün olmalıdır. Düzdür, elə insan var ki, istedadlıdır, lakin kənarda qalıb.
– Görüntü mütləqdir?
– Mütləqdir deyəndə ki, bu, obraza görə dəyişir. Həmin insanı görüntüsünə görə çəkirlər. Aurası gözəl olan və olmayan insan var. Onları da mənfi rollara çəkirlər.
– Siz özünüzü görüntü olaraq hansı obrazda tapırsınız?
– Əslində, komediyada oynamaq mənim üçün daha rahatdır. İlk dəfə Şahin Qəhrəman məni “Laləli saray” kimi dram serialında çəkib. Məni ağladan insan odur. Heç vaxt dram oynayıb, ağlamamışam.
– Siz də ağlayarkən xüsusi mayedən istifadə edirsiniz?
– Ona yaxın ağladığım səhnə var. Lakin ikisində o mayedən istifadə etmişəm. Mənim üçün problem deyil, kameranı yandırsınlar. Nəyisə fikirləşib ağlamağa başlayıram.
– Nə fikirləşirsiniz?
– Özümdən başqa hamını fikirləşib, ağlayıram.
– “Xənnas” filminə çəkilmişdiniz. Rejissor bildirmişdi ki, filmə 200 min manat xərcləri çıxıb. Orada isə çəkilişlər cəmi iki evdə gerçəkləşdirib. 200 min nəyə getmişdi?
– O, mənim ilk filmim idi. Film üç aya çəkilib. Həmin vaxt ərzində hoteldə qaldıq, bizim üçün hər bir komfortlu şərait yaradılmışdı. Şəkidə əsl şəhər həyatı yaşayırdıq. Rejissor 200 min ümumi büdcəni deyib.
– Bu yaxınlarda müsahibəniz çıxmışdı. Demişdiniz ki, türklər bizi ancaq fahişə obrazına çəkmək istəyir. Bu fikirlərinizə görə sosial şəbəkələrdə qınayanlar da, dəstək olanlar da...
– Orada pis söz deməmişəm. Sözümün də arxasındayam. Başladılar ki, Meral Konrat gəlib burada “Təhminə” obrazına çəkilib və s. Filmə tam olaraq baxan insan onu anlamalıdır ki, “Təhminə” fahişə olmayıb. Əslində, sevdiyinə görə çox şeyi edə bilərdi, ancaq Zaur onu atıb, başqası ilə evlənir.
– Cəmiyyətimizdə belə bir fikir var ki, əgər bir xanım tanınmışdırsa, həmin adam mütləq şəkildə pozğundur və hansısa yollarla tanınıb. Bu məsələyə sizin münasibətiniz necədir?
– Hər sahənin pozğunu da, yaxşısı da var. Onda oturub deyək ki, filan sahədəki filankəs pozğundur. Deməli, filankəs pozğundursa, hamısı belədir. Elə deyil axı! İnsanları qınamaq çox asandır. Heç kimi tanımadan, bilmədən, ona pozğun demək olmaz. Efirə çıxmaq üçün min hoqqadan çıxıb məşhur olmaq istəyən qızlar var. Ancaq buna nail ola bilmirlər. Hər efirə çıxan o demək deyil ki, hansısa yollardan keçib.
– Bəs irəli getmək üçün nələr etmək lazımdır?
– Yuxarıda da qeyd etdiyim kimi, istedad da, şans da olmalıdır.
– Sizdə hansındandır?
– Məndə ikisi də var (gülür). Efirə də yaraşıram. İstedadım olmasa, ikinci dəfə məni çəkməzlər. Görünüş məsələsinə gəldikdə isə görünüşün var, ancaq ağzını açıb danışa bilmirsənsə, get model ol, məncə.. Amma bizdə bu məsələ də ağrılıdır... Üç dəfə gedib gözəllik salonlarında fotosessiya edirlər. Adlarını da model qoyurlar. Model olmaq üçün nəaliyyətlərin olmalıdır. Düzdür, çox gözəl model qızlarımız da var...
– Ancaq reallıq da var. Model adı ilə bizə tanıdılan qızların 90%-i eskortluqla məşğul olur..
– Düzdür, bəziləri model adı ilə qiymətlərini qaldırırlar. Elələrinə görə bizi görəndə deyirlər ki, efirə çıxır, bu da onun tayıdır. Qurunun oduna yaş da yanır.
– Bir neçə dəfə sizin 80 minlik avtomobilinizlə bağlı mediada xəbərlər yer alıb. Halbuki Xalq artistlərimiz, aktrisalarımız var ki, bu gün baxımsızlıqdan, evsizlikdən əziyyət çəkir. Aktrisa qonorarı ilə belə bahalı maşını necə almısınız?
– Başqa biznesim var. Amma bunu açıqlamaq istəmirəm. Ailəm də mənə maddi dəstək verir. Maşınımı da onlar alıb. Azərbaycan reallığında aktrisalıqla elə bir maşın almaq mümkünsüzdür. Satıram, dincəlin (gülür).
– Yeni nəsil aktrisalardan fan auditoriyası yaradan Pərvin Abıyeva olub. Sizin belə bir iddianız var?
– İnsanların məni sevməyini istəyirəm. “Instagram”da fanatlarım da var. Amma ada görə yox, məni ürəkdən sevmələrini istəyirəm.
– Qala gecələrində insanların və medianın diqqət mərkəzində olursunuz. Seksual görüntü sərgiləməyiniz sizi narahat etmir ki?
– Çox diqqət çəkirəm. Ona görə ortalıqda gəzmirəm. Seksual görüntüm məni narahat etmir. Normal bir şeydir.
– Bu yaxınlarda qalaların birində aktrisa Ülfət Bəşir daha çox sinə dekoltesi ilə yadda qaldı. İnsanlar dedi ki, göstərməyə istedadı olmadığına görə sinəsini açıb. Sizin belə situasiyalara münasibətiniz necədir?
– Ülfət çox yaxşı qızdır. Aktrisadır. İstəsə açıq, istəsə qapalı geyinər. Mən də bunları edə bilərəm, amma etmirəm. Tanınan xanımam, insanlar belə şeyləri normal qarşılamalıdır.
– Bədən quruluşu buna icazə verəndə insanlar normal qarşılayır. Ancaq insan bir az ətli-qanlı olanda bu, cəmiyyətdə qıcıq yaradır. Ülfət də belə xanımdır. Bəlkə, buna görə olub?
– Əslində, o, balaca qızdır axı... Mənim boyum qısa geyinməyə icazə verir. Ana olsam da, bədən quruluşum normaldır. Qəşəng görünürəm deyə insanları cəlb edirəm.
– Aktrisalığa “Azərbaycan gözəli” seçiləndən sonra başlamısınız?
– “Özünə bax” yarışması zamanı “Göyçək Fatimə” serialına çəkilmişdim. Ondan öncə də bir sıra reklamlarda çəkilmişəm. İlk filmim isə “Xənnas” olub. Bu filmdən sonra özümə aktrisa demişəm. Baxmayaraq, ona qədər xeyli işlər görmüşdüm. İşi məndən böyük olanların yanında heç vaxt “Mənəm-mənəm” demirəm. Çoxuna baxanda isə mən daha artıq işlər görmüşəm.
– Neçə yaşında ailə qurmusunuz?
– 17 yaşımda evlənmişəm. 19 yaşımda isə ana olmuşam.
– Sonra isə boşanmısınız...
– Ortada xəyanət var idi. Xasiyyətimiz də uyğun deyildi deyə boşandıq...
– Tək ana olmaq çətin deyil?
– Təbii ki, çətindir.Jasminin məsuliyyəti mənim üstümdədir. Uşaq mənim üçün yük deyil. Hansı ana elə deyirsə, mən onları qınayıram. Sən dünyaya gətirmisənsə, onun saxlamalısan, gözəl həyat bəxş etməlisən.
– Qız uşaqları atalarına bağlı olur. Atası ilə görüşməyinə icazə verirsiniz?
– Təbii ki, görüşür. Amma atasını çox istəsə də, mənə daha çox bağlıdır. Mənimlə nəfəs alır.
– Bəzi analar boşanma hallarında uşaqlarını atalarına qarşı doldurur...
– Əgər mənim keçmiş yoldaşımla problemim varsa, uşağın yanında onu pisləyə bilmərəm. Bu, günahdır. Qızımın yeddi yaşı var. Heç vaxt ona “Sənin atan pisdir” deməmişəm. O, mənə yaraşan hərəkət deyil.
– Sizcə, məşhur qadın sirli olsa yaxşıdır, yoxsa?
– Jurnalistlərin sağ olsun, ortada sirr qoymayıblar (gülür). Hər şeyi açıb ortalığa tökürsünüz...
– Azərbaycanda yox, xaricdə yaşasaydınız, mentalitetin icazə vermədiyi hansı hərəkəti edərdiniz?
– Aktrisa olaraq açıq-saçıq səhnələri nəzərdə tutursunuz, yəqin ki... Mən bunu etmək istəyirəmsə, mənim üçün dünyanın heç bir tərəfinin fərqi yoxdur.
– Həyatınızda yaşadığınız hansı özəl gün yadınızdan çıxmır?
– Biri övladımın dünyaya gəldiyi gündür. İkincisi isə sevdiyim insanla tanış olduğum gün...
– Həmin insan hazırda həyatınızdadır?
– Bəli, çıxmağını da istəmirəm. Fikirləşirəm ki, düzgün seçim etmişəm. Onunla tanış olanda 24 yaşım var idi. Bu iki ilə yaxın müddət ərzində bütün həyatımı dəyişib. Sevginin nə olduğunu o insanda bilmişəm.
– Həyat yoldaşınızı sevməmişdiniz?
– Sevmişəm, ancaq sonradan bizdə alınmadı...
– Sevgiliniz sizə hansı qadağaları qoyur?
– Onun xoşuna gəlməyən hərəkətləri etmirəm.
– Bu gün 8 Martdır. Özəl bir hədiyyə gözləyirsiniz?
– Əslində, onun özü mənə hədiyyədir (gülür). Hədiyyənin qiymətinin önəmi yoxdur. Sevdiyim insan mənə bir manatlıq hədiyyə alsa da, o mənim üçün bahalıdır.
– Qadın olaraq özünüzü xoşbəxt hiss edirsiniz?
– Çox xoşbəxtəm, qoy düşmənlərim partlasın (gülür).
– Qadınlarımıza nə arzu edirsiniz?
– Qoy bütün qadınlar necə istəyirlər, elə də yaşasınlar. Hansı həyatı arzu edirlərsə, o həyat nəsibləri olsun. Həmişə sevib-sevilsinlər, necə ki, mən sevirəm və sevilirəm...
Pərviz Hüseyn
www.oxu.az
Rəylər