Xəbər verdiyimiz kimi müğənni Röya Ayxanın adı dünyaca məşhur musiqi mükafatı “World Music Awards 2014”-ün namizədləri arasında “Dünyanın ən yaxşı qadın sənətçisi” mükafatına namizəd göstərilib.
Oxu.Az xəbər verir ki, Röya Ayxan bu barədə ATV-də yayımlanan “Onlar” verilişinə müsahibə verib:
“Bu xəbəri ilk dəfə Murad Arifin İnstagram səhifəsində gördüm. Əvvəlcə fikir vermədim, sonra soruşdum ki, bu nədi belə? O, söylədi ki, ilk dəfə Azərbaycandan qadın sənətçilər arasında sən yer almısan. Mən inana bilmədim, dedim bəlkə səhvdi? Mən ingiliscə oxuya bilirəm ki, məni seçiblər?
Əlbəttə, bu, mənim üçün xoş oldu. Amma söz vermirəm harasa gedib, nə isə alacağam. Gərək Murad Ariflə adama 50 min götürüb gedək. Ümumiyyətlə, mənə çox varlı qız kimi baxırlar. Ona görə məni seçiblər ki, bunun pulu var gətirib verəcək. Sadəcə, indi yox! Əgər kimsə bu pulu verə bilməyibsə, mən vermişəmsə, mənə əladır. Bura vətəndir, onsuz da nə qazanırıqsa burada da xərcləyirik. Mən onu edə biləcək ağıla sahib deyiləm. O məbləğdən də çox Gülşənlə olan layihəmə xərcləyirəm. Mənə hələ ki, başqa heç nə lazım deyil”.
Xatırladırıq ki, məşhur müğənni-bəstəkar Eminin də “World Music Awards”da üç kateqoriya üzrə “Ən yaxşı kişi müğənni”, “Dünyada ən yaxşı canlı ifa” və “Ən yaxşı sənətçi” namizədliyi irəli sürülüb. Emin mayın 27-də Monakoda keçiriləcək mükafatlandırma mərasimində çıxış edəcək.
Aytən Sadıqzadə
www.oxu.az