Biznes ledi Ruhi Əliyeva bu gün APA TV-nin “Üç valet” verilişinin qonağı olub.
Oxu.Az xəbər verir ki, R.Əliyeva şəxsi həyatı ilə bağlı bir neçə nüanslara toxunub:
“Evimin həm kişisi, həm də qadınıyam. Övladlarımdan dəyərli həyatda heç nəyim yoxdur. İki oğlumu - Həsən ilə Məhəmmədi həyatda heç nəyə dəyişmərəm. Onlar mənim yaşama səbəbimdir”.
O, sevgisindən də söz açıb:
“Məktəb vaxtlarında sevginin nə olduğunu bilməmişəm. Hətta sevginin nə olduğunu son dövrlər bilmişəm, sevmişəm. Sevgi insana həyatda çox şey verir. İnsan sevəndə həyata gözəl baxır. Sevməyən insan aqressiv olur. Kim deyirsə ki sevdim bitdi, yalandır. Sevgi hər zaman insanın qəlbində qalır, ürəyində yaşayır”.
O, əsəbi olanda necə sakitləşdiyini də deyib:
“Hirsli olanda, dərdimi bölüşmək istəyəndə sirrimi, dənizlə bölüşürəm. Bu, on ilə yaxındır ki, belədir. Son dövrlər isə dənizə getmirəm.
Hətta hirsli anlarımda avtomobili idarə edə-edə pəncərəni bağlayıb qışqırmışam. Maşında ağladığım vaxtlar da olub”.
Verilişin aparıcılarından İlqar Rəsulun “Söylədiniz ki, evinizin həm qadını, həm kişisisiniz. Çətin deyil ki?” sualına isə R.Əliyeva “Sizin bu sualınız məni kövrəltdi” - deyə, göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, APA TV-nin efirində hər cümə axşamı canlı yayımlanan “Üç valet” verilişinin aparıcıları İlqar Əlfioğlu, Qabil Abbasoğlu və İlqar Rəsuldur.