ABŞ şou-biznesinin və qlamur aləminin tanınan simalarından olan Kendall Cenner, Cici Hədid, Selena Qomes və onların rəfiqələri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərindədirlər. Onlar dünən Şeyx Əbu Zeyd məscidini ziyarət ediblər.
Oxu.Az Milli.Az-a istinadən bildirir ki, yarıçılpaq və çılpaq fotoları, fotosessiyaları ilə məşhur olan bu gənc qadınlar məscidin qarşısında avtomobillərdən düşəndə əyinlərində əbayə, başlarında hicab vardı.
Kendal Cenner, Selena Qomes və Cici Hədidi yaxın rəfiqələri - Şey Mitçell, Devon Uindsor və Kodi Simpson müşayiət edirdilər.
Modellərlə müğənnilərin məscidə baş çəkmələri və orada fotolar çəkdirərək "zarafatyana poza"lar vermələri BƏƏ mediasında qəzəb doğurub.
Xüsusilə Devon Uindsor, Şey Mitçell, Kodi Simpson, Kendal Cenner, Selena Qomes və Cici Hədidin məscidin həyətində gülüşərək fotolar çəkdirmələri islama sayğısızlıq sayılıb.
Əbu-Dabidəki məscidi ötən ilin oktyabr ayında ziyarət etmiş müğənni Rianna burada, məscidin həyətində fotosessiya çəkdirmişdi. Riannanın əynində "əbayə", başında hicab olsa da, onun fotosessiyası böyük qalmaqal, ərəb ölkələrində narazılıq yaratmışdı.