Müğənni Sevinc Musayeva “Yalvarma” klipinin anonsunu paylaşandan dərhal sonra mahnı və klipin görüntüləri, eləcə də, Sevincin yeni imicdə fotolarını Türkiyənin bir sıra musiqili sosial şəbəkə səhifələri paylaşdı və diqqət göstərdi. Eyni zamanda, Türkiyənin məşhur prodüseri və konsert təşkilatçısı Ahmet Akkaya və onun qardaşı tərəfindən götürülərək, rəsmi səhifələrində paylaşılıb.
Oxu.Az mövqe.az-a istinadən məlumat verir ki, sənətçimizin xəbəri belə olmadan, türk musiqi aləmində mahnı və klipi maraqla qarşılanıb. Qeyd edək ki, Ahmet Akkaya Özcan Dəniz, Bengü, Bülent Ersoy kimi sənətçilərin konsertlərini, müğənnilərin promo aksiyalarını təşkil edən peşəkarlardandır. Mövzu ilə bağlı Mövqe.az-a açıqlama verən təşkilatçı klipin tam versiyasını gözlədiyini söylədi.
“Klipi görüntülərindən Avropa üslubuna bənzətdim və bəyəndim. Bir prodüser kimi Sevinc xanımın yaradıcılığı məni maraqlandırır. Bu layihənin uğurlu promo məhsul olacağına inanıram”- deyən A.Akkaya Aygün Kazımova, Röyadan sonra Azərbaycandan, məhz şanslı Sevincin olduğunu qeyd edib.
Xatırladaq ki, məşhur “Enerji” musiqi şirkəti rəsmi səhifəsində sözügedən iki məşhurdan sonra, məhz S.Musayevanın klipini paylaşdıqdan sonra eyni addımı adını çəkdiyimiz prodüser atıb və sənətçimizin yaradıcılıq işi haqqında söz açıb.
Ahmet Akkaya klipin Türkiyəyə rahat şəkildə çıxıb, telekanallarda göstərilə biləcəyini deyib:
“Klipin görüntüləri sənətçiyə belə bir imkan yaradır. Sevinc xanıma bu işdə dəstək olmağa hazıram”.
S.Musayeva isə öz növbəsində fürsətdən bəhrələnəcəyini qeyd edib:
“Çoxdandır gözlənilən layihəmi təqdim edib, Türkiyə barədə plan qurmadığım halda, belə bir sürprizlə qarşılaşdım. Fürsəti məmnuniyyətlə dəyərləndirəcəm”.