"Münaqişədən sonra işğaldan azad olunmuş ərazilərdə bərpa və Böyük Qayıdış proqramımız bir çox beynəlxalq institutlar və tərəfdaşlar üçün olduqca maraqlı bir mövzuya çevrilib".
Oxu.Az xəbər verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev Ümumdünya Şəhərsalma Forumunun rəsmi açılış mərasimindən əvvəl keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, qısa müddət ərzində Azərbaycan bir çox çətin proseslərdən keçdi:
"Mina təhlükəsi ilə bağlı çətinliklərdən başlayaraq mürəkkəb planlaşdırma işlərinə qədər çox böyük işlər həyata keçirildi. Eyni zamanda kifayət qədər geniş bir ərazidə paralel şəkildə 12 şəhər və yüzlərlə kənd üzrə iş aparılır. Bu, həqiqətən də çox böyükmiqyaslı bir işdir".