ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynanın enerji infrastrukturuna qarşı hücumları qarşılıqlı şəkildə dayandırmağa razılaşdığını bəyan edib. O, tərəfləri əldə olunmuş razılaşmaya əməl etməyə və enerji obyektlərinə zərbələr endirməkdən çəkinməyə çağırıb. Xüsusilə qış aylarında enerji infrastrukturunun təhlükəsizliyi daha böyük əhəmiyyət daşıyır və bu sahədəki risklər qlobal enerji bazarına da təsirsiz ötüşmür deyə, enerji atəşkəsi hazırda mühüm əhəmiyyət kəsb edir. Lakin o da məlumdur ki, Rusiya-Ukrayna müharibəsi boyunca müxtəlif platformalarda aparılan danışıqlar və əldə olunan razılaşmaların heç də hamısı uzunmüddətli nəticə verməyib. Bu baxımdan, enerji obyektlərinə hücumların dayandırılması ilə bağlı razılaşmanın nə dərəcədə davamlı olacağı sual doğurur.
Bəs, Moskva və Kiyev arasında enerji obyektlərinə zərbələrin qarşılıqlı dayandırılması ilə bağlı razılaşmanın davamlı olması nə dərəcədə realdır? Bu addım müharibənin gedişinə, daha genişmiqyaslı atəşkəs perspektivlərinə və qlobal yanacaq qiymətlərinə necə təsir göstərə bilər?
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Oxu.Az-a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsinin enerji atəşkəsi, ABŞ-nin təzyiq siyasəti və Qərbin strateji yanaşmasındakı ziddiyyətlər fonunda yerində addımladığını desək, bəlkə də yanılmarıq:

"Əsas məsələ yalnız Rusiya ilə Ukrayna arasında enerji infrastrukturuna qarşılıqlı hücumların dayandırılması deyil, həm də müharibənin gələcək istiqamətinin hansı siyasi şərtlər altında müəyyənləşdiriləcəyidir. Donald Trampın enerji atəşkəsi təşəbbüsü, Ukraynanın Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmasına yönəlmiş təzyiqlər və NATO komandanlığının Moskvaya ünvanladığı sərt xəbərdarlıq münaqişənin hərbi, iqtisadi və diplomatik müstəvilərinin bir-biri ilə sıx bağlı olduğundan xəbər verir".
"Nəzərəçarpan əsas məqam ondan ibarətdir ki, ABŞ-nin müharibəni məhdudlaşdırmaq və enerji bazarlarına təsirləri azaltmaq cəhdi ilə Ukraynanın özünümüdafiə imkanlarını qorumaq istəyi arasında fərq mövcuddur. Avropa dövlətlərinin Rusiyaya qarşı təzyiqin artırılmasını tələb etməsi isə bu fərqin Qərb daxilində siyasi koordinasiya məsələsinə çevrildiyini nümayiş etdirir. Sual yaranır: enerji atəşkəsi sülh təşəbbüsüdür, yoxsa siyasi təzyiq vasitəsi? Trampın enerji atəşkəsi təşəbbüsü ilk baxışdan müharibənin miqyasını məhdudlaşdırmağa yönəlmiş diplomatik addım kimi görünür. Lakin təqdim edilən məlumatlar göstərir ki, bu təşəbbüsün arxasında yalnız hərbi eskalasiyanın qarşısını almaq deyil, həm də enerji bazarlarına təsirləri azaltmaq və ABŞ-nin daxili siyasi maraqlarını qorumaq dayanır. İran və Hörmüz boğazı ətrafındakı vəziyyət də bu arqumenti gücləndirən amillərdən biri kimi ortaya çıxır", - deyə müsahibimiz vurğulayıb.
Onun sözlərinə görə, Tramp Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumlarını dayandırmasını tələb edir və yanacaq qiymətlərinin artmasında bu hücumları da məsuliyyətli hesab edir:
"ABŞ administrasiyasının Ukraynaya silah tədarükünü təmin edən PURL mexanizmini və kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaqla Kiyevə təzyiq göstərməyi nəzərdən keçirdiyi bildirilir. Vaşinqtonun Ukrayna müharibəsinə münasibətində mühüm bir məqam üzə çıxır. ABŞ üçün müharibənin idarəolunan səviyyədə saxlanılması, enerji qiymətlərinin sabitləşdirilməsi və daxili siyasi xərclərin azaldılması eyni vaxtda prioritetə çevrilə bilər. Deməli, ABŞ Ukrayna məsələsində öz maraqlarını daha açıq şəkildə ön plana çıxarır".
"Lakin əsas ziddiyyət ondan ibarətdir ki, Ukraynadan Rusiyanın enerji infrastrukturuna zərbələri dayandırmaq tələb olunduğu halda, Kiyev öz enerji sisteminə qarşı hücumların davam etdiyini bildirir. Zelenskinin mövqeyinə görə, qarşılıqlı atəşkəs birtərəfli məhdudiyyətlərə çevrilməməlidir. Zelenski bildirir ki, Rusiya Ukraynanın enerji obyektlərinə hücumları dayandıracağı təqdirdə, Ukrayna da Rusiya neft emalı zavodlarına zərbələri dayandırmağa hazırdır. Beləliklə, enerji atəşkəsinin taleyi tərəflərin ümumi sülhə hazır olub-olmamasından, eləcə də razılaşmanın hansı şərtlərlə hazırlanmasından, necə yoxlanılmasından və pozuntulara qarşı hansı mexanizmlərin nəzərdə tutulmasından asılıdır", - Ş.Həsənova vurğulayıb.
Politoloq hesab edir ki, ABŞ və Avropa paytaxtları arasında taktiki fərqlər mövcuddur:
"Tramp administrasiyası enerji qiymətlərinin azaldılmasına və Ukraynanın Rusiyanın enerji obyektlərinə hücumlarının dayandırılmasına xüsusi əhəmiyyət verdiyi halda, Avropa İttifaqı Moskvanın hərbi imkanlarını məhdudlaşdırmaq üçün sanksiyaların davam etdirilməsini və sərtləşdirilməsini ön plana çəkir. "Reuters"in məlumatına görə, Avropa İttifaqı Rusiyanın hərbi-sənaye kompleksinə qarşı təxminən 1600 yeni sanksiya qeydini təsdiqləyib. Bu fərq Qərbin vahid strateji məqsədinin tamamilə aradan qalxması kimi başa düşülməməlidir. Daha çox həmin məqsədə çatmaq üçün seçilən vasitələrin fərqləndiyini göstərir. ABŞ enerji bazarları və diplomatik təzyiq vasitəsilə nəticə əldə etməyə çalışırsa, Avropa Rusiyanın hərbi istehsal potensialına iqtisadi məhdudiyyətlər tətbiq etməklə təsir göstərmək xəttini davam etdirir. Enerji obyektlərinə qarşılıqlı hücumlar müharibənin hərbi və iqtisadi ölçülərinin bir-birindən ayrılmaz olduğunu nümayiş etdirir. Enerji atəşkəsi tərəflərin hərbi əməliyyatlarının müəyyən hissəsini məhdudlaşdırmaq üçün praktik mexanizm ola bilər. Lakin bu qadağanın hansı obyektlərə şamil edildiyi, hansı hücum vasitələrini əhatə etdiyi, pozuntuların necə müəyyənləşdiriləcəyi və razılaşmaya əməl edilmədikdə hansı addımların atılacağı konkret şəkildə müəyyənləşdirilməlidir. Əks təqdirdə, enerji atəşkəsi hərbi əməliyyatları həqiqətən məhdudlaşdıran razılaşmadan daha çox tərəflərin bir-birini ittiham etdiyi siyasi bəyanatlar səviyyəsində qala bilər".