Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycan hər zaman olduğu kimi dünyada öz adından söz etdirməyi bacardı
Artıq bir neçə gündür dünyanın diqqəti Azərbaycan paytaxtına - Bakıya yönəlib. Səbəb isə təbii ki, çoxdan gözlənilən COP29 konfransıdır. Qısa müddətdə həyata keçirilən mükəmməl hazırlıq prosesindən sonra Bakı 70 mindən çox xarici qonağı, 80-dən artıq prezident, vitse-prezident və hökumət başçısını qəbul edir. Noyabrın 12-də baş tutan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Sammitinin açılış mərasimi isə xüsusilə böyük marağa səbəb olub. Azərbaycan Prezidenti İlham Əliyevin açılış sammitində çıxışı zamanı dünyaya ünvanladığı mesajlar ölkəmizin iqlim dəyişmələrinə qarşı mübarizədə prioritetlərini ortaya qoyur.
"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.
Ölkəmizə olan hörmətin əlaməti
Dövlət başçısının da vurğuladığı kimi, ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildi: "Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük. Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib".
Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır
Prezident İlham Əliyev COP29-un sədri kimi Azərbaycanın inkişaf etmiş və inkişaf edən ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcəyini bildirib. Bu məsələdə ölkəmizin 120 ölkənin yekdil qərarı ilə dörd il ərzində, BMT-dən sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurla sədrlik etməsini, Azərbaycanın təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olmasını nümunə kimi göstərib. Onun sözlərinə görə, Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır.
"Bu, yalnız başlanğıcdır"
Azərbaycan Prezidenti ölkəmizin Yaşıl gündəliyi haqqında da danışıb. Bildirib ki, bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat, dənizdə isə 157 giqavat təşkil edir: "Biz 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırırıq. Lakin bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb. Biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarımızla fəal çalışırıq. Bu, bizə Avropaya yaşıl enerjini ixrac etmək imkanı verəcək və bu kabelin texniki potensialı dörd giqavatdır. Yeri gəlmişkən, texniki-əsaslandırma işləri bu yaxınlarda bitəcək. Lakin yenə də bu, yalnız başlanğıcdır".
Mərkəzi Asiya üçün unikal imkan
Yeri gəlmişkən, Azərbaycan özünün yaşıl enerji planlarına Mərkəzi Asiyadakı ölkələri - Özbəkistan və Qazaxıstanı da daxil edib. COP29 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin üçtərəfli görüşü zamanı "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Bu saziş bir daha Bakının Yaşıl gündəliyinin tək sözdə yox, əməldə də reallaşdırıldığının, onun əhatə dairəsinin regional və qlobal miqyas aldığının bariz nümunəsidir.
COP29 beynəlxalq medianın gündəmində
COP29-un qarşısına qoyduğu hədəflərə çatması istiqamətində Bakının əldə etdiyi uğurlu nəticələr beynəlxalq medianın da gündəmindədir. Xüsusilə, konfransın ilk günündə karbon kreditlərinin yaradılması standartları üzrə konsensusa nail olunması COP29-un ilk böyük uğuru kimi dəyərləndirilir.
"Financial Times" nəşri karbon data provayderi "Veyt" şirkətinin analitiki Fitri Vulandriyə istinadla yazır ki, bu, "COP29-da əməkdaşlıq və tərəqqinin nadir parlaq nöqtəsi" idi.
"Reuters" agentliyinin əməkdaşları Virciniya Furnett və Keyt Abnetin müəllifləri olduqları məqalədə qeyd olunur: "Yaşıl işıq Bakıda, Azərbaycanda BMT-nin konfransının birinci günündə erkən razılaşma ilə yandırıldı. Donald Trampın ABŞ seçkilərində qələbəsi gözləntiləri azaltsa da, hökumətlər iqlim maliyyəsi sazişini imzalamaq niyyətindədir".
"Bloomberg" agentliyinin müxbiri Con Eyngerin müəllifi olduğu materialda isə qeyd olunur ki, iqlim müzakirəçiləri COP29 iqlim sammitinin birinci günündə Birləşmiş Millətlər Təşkilatı tərəfindən idarə olunan qlobal karbon bazarı üçün qaydaları razılaşdırmaqla irəliləyişə nail oldular."Bloomberg" agentliyinin müxbiri Con Eyngerin müəllifi olduğu materialda isə qeyd olunur ki, iqlim müzakirəçiləri COP29 iqlim sammitinin birinci günündə Birləşmiş Millətlər Təşkilatı tərəfindən idarə olunan qlobal karbon bazarı üçün qaydaları razılaşdırmaqla irəliləyişə nail oldular.
Bakı öz adından söz etdirməyi bacarır
Bütün bu faktlar onu göstərir ki, Azərbaycan hər zaman olduğu kimi dünyada öz adından ən yaxşı mənada söz etdirməyi bacarır. Dövlətin ali rəhbərliyinin qətiyyətli siyasi iradəsi nəticəsində qarşıya qoyulan hədəflərə çatmaq istiqamətində ardıcıl və uğurlu addımlar atılır.
Bu baxımdan COP29-un da Azərbaycanın uğur hekayəsinin bir parçasına çevriləcəyi şəksizdir. Bakı həm möhtəşəm ev sahibliyi, həm də konsensusun əldə olunması istiqamətində diplomatik fəaliyyəti ilə iqlim dəyişmələrinə qarşı mübarizəyə öz layiqli töhfəsini verəcək.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Yücel Karauz: "Bir ölkəyə dəstəyini göstərmək üçün orada hərbi baza qurmaq dövrü geridə qalıb"
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verdi
- Prezident İlham Əliyev Pakistanın Baş nazirinə məktub ünvanlayıb
- Azərbaycan Prezidenti misirli həmkarını təbrik edib