"Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) arasında çoxşaxəli əməkdaşlıq üçün kifayət qədər geniş potensial mövcuddur. Bu əməkdaşlığın əsas istiqamətləri nəqliyyat və logistika, ticarət və investisiyalar, enerji, rəqəmsallaşma, eləcə də regional təhlükəsizlik məsələləridir".
Bu sözləri Oxu.Az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin baş məsləhətçisi, Mərkəzi Asiya ölkələri üzrə ekspert Roza Bayramlı deyib.

O bildirib ki, Azərbaycan artıq ŞƏT məkanını Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən mühüm nəqliyyat-logistika qovşaqlarından birinə çevrilib:
"Xüsusilə Orta Dəhlizin inkişafı, Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının genişləndirilməsi, Ələt limanının potensialının artırılması və Şərq-Qərb ilə Şimal-Cənub marşrutlarının kəsişməsi Azərbaycanın ŞƏT ölkələri üçün praktik əhəmiyyətini artırır. Bu baxımdan, ŞƏT Azərbaycan üçün yalnız siyasi dialoq platforması deyil, həm də daha geniş Avrasiya iqtisadi və nəqliyyat arxitekturasına inteqrasiya imkanları yaradan mühüm çoxtərəfli mexanizmdir. Eyni zamanda, Azərbaycan-Qırğızıstan münasibətlərinin sürətlə inkişaf etməsi bu ümumi prosesin mühüm tərkib hissəsidir. Son illərdə iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib, siyasi dialoqla yanaşı investisiya, nəqliyyat və iqtisadi əməkdaşlıq da genişlənib.
Qırğızıstanla yaxınlaşmanı Azərbaycanın bütövlükdə Mərkəzi Asiya ilə münasibətlərindən ayrı qiymətləndirmək düzgün olmazdı. Azərbaycanın 2025-ci ildən Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərində tamhüquqlu iştirakı, Prezident İlham Əliyevin region ölkələri ilə intensiv təmasları və "ŞƏT plyus" formatında müntəzəm iştirakı göstərir ki, Azərbaycanla Mərkəzi Asiya arasında artıq daha sistemli siyasi və geoiqtisadi yaxınlaşma formalaşır. ŞƏT isə bu ikitərəfli və regional əlaqələri daha geniş Avrasiya siyasi platformasında tamamlayır".
"Bu baxımdan, Azərbaycanın ŞƏT-lə əməkdaşlığını, Azərbaycan-Qırğızıstan münasibətlərini və ümumilikdə Mərkəzi Asiya istiqamətində fəallaşmasını eyni strateji prosesin müxtəlif elementləri kimi qiymətləndirmək olar. Azərbaycan yalnız Cənubi Qafqaz çərçivəsində deyil, daha geniş Avrasiya məkanında siyasi, iqtisadi və nəqliyyat baxımından daha fəal və əlaqələndirici rola malikdir", - deyə ekspert vurğulayıb.