Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun və nüfuzunun son illərdə daha da güclənməsi ölkənin müxtəlif regional və beynəlxalq platformalarda fəal iştirakında özünü göstərir.
Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında "ŞƏT tərəfdaşı" statusu alması, eləcə də Qırğızıstanla münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi ölkənin xarici siyasətində mühüm istiqamətlərdən biri kimi qiymətləndirilir.
Mövzunun əhəmiyyəti, Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsi və ŞƏT çərçivəsində əməkdaşlığın perspektivləri ilə bağlı millət vəkili Hikmət Babaoğlu Oxu.Az-a açıqlama verib.
O qeyd edib ki, Azərbaycanın yaratdığı yeni reallıqlar ölkəni regional güc statusundan daha böyük bir statusa çatdırıb:

"Bu isə, əlbəttə ki, dünya dövlətlərinin Azərbaycana marağını artırıb. Azərbaycan öz coğrafiyasının strateji əskikliklərini həyata keçirdiyi mühüm layihələrlə tamamlayaraq tarixən heç olmadığı qədər cazibədar bir coğrafiyaya çevrilib. Yəni müasir nəqliyyat kommunikasiyaları üçün ən müasir logistika və nəqliyyat qovşaqları yaratmağı bacarıb.
Bu isə hazırkı qlobal hərbi-siyasi hadisələr fonunda Avrasiya qitəsinin mərkəzini sabit bir vektora, təhlükəsizlik vektoruna çevirib və bu vektorun kilid nöqtəsi Azərbaycandır.
Ona görə də Şanxay Əməkdaşlıq Təşkilatında üzv olan ölkələr Azərbaycanın yaratdığı nəqliyyat qovşaqlarına, kommunikasiya bağlantılarına və transmilli keçidlərə böyük diqqət göstərirlər. Elə Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycan Prezidentinin keçirdiyi görüşlərdə də bunun şahidi olduq".
Deputat Azərbaycanın nəqliyyat dəhlizlərində rolunun genişləndiyini vurğulayıb:
"Biz əvvəllər də Şərq-Qərb, Şimal-Cənub dəhlizlərindən danışırdıq. Amma Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, 2023-cü ildən sonra biz Şimal-Cənub dəhlizinin yeni bir vektorundan danışırıq.
Prezident İlham Əliyev Naxçıvanda bu məsələyə də toxundu. Yəni artıq Şimal-Cənub dəhlizi Rəşt-Astara istiqamətindən daha çox, Culfa-Culfa xətti üzrə yeni bir seqment qazanır.
Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan ərazisindən yolun biri Türkiyə-Ermənistan istiqamətinə şaxələnəcəksə, digəri Culfa-Culfa vasitəsilə İran tərəfə şaxələnəcək. Hətta Azərbaycan Prezidenti bildirdi ki, bu, bizə Pakistana qədər uzanacaq qırılmayan dəmiryol xətti vəd edir".
H.Babaoğlu Azərbaycanın nəqliyyat imkanlarının Hindistana qədər uzana biləcəyini qeyd edib:
"Baxın, əgər biz yenidən Bişkekə getsək, görəcəyik ki, Hindistanın baş naziri Azərbaycan Prezidenti ilə görüşdü. Ona görə ki, bu dəmir yolunun bir ucu da Hindistana qədər uzana bilər.

Orta xətt digər cənub və şimal xətlərindən çox qısadır. Hind okeanından uzanan xətt təqribən 12 000 kilometrdir. Rusiya üzərindən Avropaya doğru uzanan yol 10 000 kilometrdən çoxdur. Azərbaycanın üzərindən Avropaya uzanan yol isə cəmi 6 000 kilometrdir.
Bu nəqliyyat xətti özlüyündə özünü təqdim edir. Bu, həm vaxta, həm də pula qənaətdir və nəticə etibarilə istehsalçıların və istehlakçıların mənafeyinə uyğun şəraitin yaranması deməkdir".
Deputat Qırğızıstanın bu nəqliyyat marşrutlarında roluna da diqqət çəkib:
"Qırğızıstan burada Çindən gələn və Azərbaycana doğru istiqamətlənən iki yoldan biridir. Çünki bu yollardan biri Qazaxıstan, digəri isə Qırğızıstan üzərindən gəlir.
Amma Qırğızıstan seqmentinin ayrıca əhəmiyyəti ondan ibarətdir ki, Qırğızıstanın Oş vilayətindən sonra bu yol Özbəkistana daxil olur. Özbəkistan-Türkmənistan üzərindən Xəzər dənizindən keçən Trans-Xəzər marşrutunun yeni bir seqmentini yaradır.
Bu, Azərbaycan Prezidentinin Özbəkistana səfəri zamanı iki lider arasında da müzakirə edildi və hətta Özbəkistan özü üçün yeni liman arzusunda olduğunu bildirdi. Azərbaycan Prezidenti isə bu layihənin prioritet layihələr sırasına daxil edilməsi ilə bağlı göstəriş verdi.
Məsələ bu qədər dərindir, stratejidir və əhəmiyyətlidir. Bu isə Azərbaycanın gücünün və beynəlxalq münasibətlər sistemindəki artan rolunun göstəricisidir".