"Şanxay Əməkdaşlıq Əməkdaşlıq (ŞƏT) təşkilatının əhatə etdiyi coğrafiya Azərbaycan üçün mühüm siyasi və iqtisadi imkanlar yaradır. Çin, Mərkəzi Asiya ölkələri və digər böyük dövlətlərlə çoxtərəfli dialoqun genişləndirilməsi Azərbaycanın öz potensialını bütövlükdə Avrasiya məkanında təqdim və realizə etməsinə imkan verir".
Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

O bildirib ki, Azərbaycanın burada xüsusi üstünlüyü isə onun coğrafi mövqeyidir:
"Ölkəmiz Avrasiyanın mühüm nəqliyyat və enerji bağlantılarının kəsişməsində yerləşir. Bu baxımdan ŞƏT məkanında əməkdaşlığın inkişafı Azərbaycanın Orta Dəhliz, Xəzər üzərindən bağlantılar, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzrə imkanlarını daha da genişləndirə bilər. Bu baxımdan, Azərbaycan ŞƏT məkanına yalnız öz iqtisadi imkanları ilə deyil, siyasi təcrübəsi və regional sülh gündəliyi ilə də daxil olur".
"Prezident İlham Əliyev çıxışında 30 ildən artıq davam etmiş Ermənistan-Azərbaycan münaqişəsinin başa çatdığını və Cənubi Qafqazın sülh zonasına çevrilməkdə olduğunu xüsusi vurğuladı. Bu mesajın ŞƏT sammitində səsləndirilməsi təsadüfi deyil. Azərbaycan bununla göstərir ki, Cənubi Qafqazda yeni mərhələ başlayıb. Artıq region qarşıdurma, işğal və münaqişə anlayışları ilə deyil, sülh, qarşılıqlı ticarət, tranzit və kommunikasiyaların inkişafı ilə xarakterizə olunmalıdır. Prezidentin Ermənistanla bağlı qeyd etdiyi konkret məqamlar da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir, üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir, qarşılıqlı ticarətin genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması istiqamətində iş aparır. Bu, Azərbaycanın sülh və humanizm fəlsəfəsinin mahiyyətini göstərir. Azərbaycan üçün sülh yalnız siyasi sənəd deyil. Sülh real iqtisadi əlaqələr, açılan kommunikasiyalar, artan ticarət və qarşılıqlı maraqlar sistemi deməkdir. Belə bir yanaşma ŞƏT məkanında da Azərbaycanın mövqeyini gücləndirən amildir. Çünki təşkilatın əsas gündəliklərindən biri də regional əməkdaşlıq, iqtisadi əlaqələrin inkişafı və qarşılıqlı bağlantıların genişləndirilməsidir".
"Digər mühüm məsələ Prezidentin BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə bağlı səsləndirdiyi fikirlərdir. Azərbaycan dövlət başçısı xatırlatdı ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə uzun illər icra olunmadı və nəticədə onların icrası Azərbaycanın öz gücü hesabına təmin edildi. Burada söhbət yalnız Azərbaycanın keçmiş münaqişə ilə bağlı mövqeyindən getmir. Prezident daha geniş bir problemin üzərinə diqqət çəkdi və qeyd etdi ki, beynəlxalq hüquq normaları ilə onların icrası arasında boşluq yaranmamalıdır. Bu fikir Azərbaycanın ŞƏT platformasındakı siyasi mövqeyi baxımından da mühüm əhəmiyyət daşıyır. Çünki Azərbaycanın xarici siyasətində beynəlxalq hüquq, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipləri fundamental yer tutur. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə yanaşı, beynəlxalq münasibətlər sistemində qəbul edilmiş qərarların icra mexanizmlərinin təkmilləşdirilməsini də vacib hesab edir. Prezidentin "BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması" ilə bağlı fikri də beynəlxalq idarəetmə sisteminin səmərəliliyi ilə bağlı konseptual yanaşmadır.
Azərbaycan bununla çox mühüm bir mesaj verir və diqqətə çatıdırır ki, beynəlxalq təşkilatların nüfuzu onların qəbul etdiyi sənədlərin sayından deyil, həmin sənədlərin icra olunmasından asılıdır.
Bu mövqe Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dövrdə formalaşdırdığı diplomatik xəttin davamıdır. Məhz burada Azərbaycan-ŞƏT əməkdaşlığının siyasi əhəmiyyəti daha aydın görünür. Azərbaycan çoxqütblü dünya reallığının formalaşdığı bir dövrdə müxtəlif regional və beynəlxalq platformalar arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsini vacib hesab edir. ŞƏT də bu baxımdan mühüm platformalardan biridir", - deyə deputat vurğulayıb.
Müsahibimizin sözlərinə görə, Azərbaycanın bu əməkdaşlıqdan əldə edə biləcəyi imkanlar yalnız iqtisadi göstəricilərlə ölçülməməlidir:
"Azərbaycan ŞƏT məkanında mühüm dövlətlərlə birbaşa və çoxtərəfli siyasi dialoq imkanlarını genişləndirir. Bu, ölkəmizin regional məsələlərə dair mövqeyinin daha geniş auditoriyaya çatdırılması baxımından əhəmiyyətlidir.
ŞƏT ölkələrinin böyük iqtisadi potensialı ilə Azərbaycanın tranzit imkanlarının uzlaşdırılması yeni ticarət marşrutlarının və logistika zəncirlərinin formalaşmasına şərait yarada bilər. Xüsusilə Orta Dəhlizin inkişafı Azərbaycan-ŞƏT əməkdaşlığının ən perspektivli istiqamətlərindən biridir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Cənubi Qafqazda münaqişədən sonrakı dövrün yeni təhlükəsizlik və əməkdaşlıq modelini formalaşdırmağa çalışır. Sülhün iqtisadi inteqrasiya ilə tamamlanması bu modelin əsas elementidir. Azərbaycanın ŞƏT platformasında bu yanaşmanı təqdim etməsi həm ölkəmizin regional rolunu artırır, həm də Cənubi Qafqazı daha geniş Avrasiya əməkdaşlığına inteqrasiya etmək imkanlarını genişləndirir".
"Prezident İlham Əliyevin çıxışına Qırğızıstan prezidentinin verdiyi reaksiyada ədalətli, çoxqütblü dünyanın formalaşdırılması üçün geniş dialoqun zəruriliyinin xüsusi vurğulanması da diqqətəlayiqdir. Bu, Azərbaycanın irəli sürdüyü siyasi tezislərin ŞƏT platformasında necə qarşılandığını göstərən mühüm məqamdır.
Azərbaycanın qarşıdakı mərhələdə əsas üstünlüyü isə müxtəlif prosesləri bir-birindən təcrid olunmuş şəkildə deyil, vahid strategiya daxilində birləşdirə bilməsidir. Cənubi Qafqazda sülh, Mərkəzi Asiya ilə əlaqələrin inkişafı, Çinlə əməkdaşlıq, Orta Dəhlizin gücləndirilməsi, enerji və logistika layihələri, Türk dünyası ilə inteqrasiya və çoxtərəfli diplomatiyanın fəallaşdırılması əslində eyni geosiyasi xəttin müxtəlif istiqamətləridir. Bu xəttin mərkəzində isə Azərbaycanın bağlayıcı və əlaqələndirici dövlət kimi mövqeyinin gücləndirilməsi dayanır", - millət vəkili diqqətə çatdırıb.
O hesab edir ki, Azərbaycan-ŞƏT əməkdaşlığının ən böyük perspektivi də məhz buradadır:
"Azərbaycan öz coğrafi mövqeyini siyasi etimad, iqtisadi imkanlar və diplomatik fəallıqla birləşdirərək Şərqlə Qərb arasında mühüm bağlantı mərkəzinə çevrilir. Dünya siyasətində yeni reallıqlar formalaşdıqca bu rolun əhəmiyyəti daha da artacaq. Prezident İlham Əliyevin ŞƏT sammitindəki çıxışı bir daha göstərdi ki, Azərbaycan yalnız dəyişən dünya nizamına uyğunlaşan ölkə deyil. Azərbaycan həmin yeni nizamın formalaşmasına öz baxışları və konkret təşəbbüsləri ilə töhfə verməyə çalışan fəal dövlətdir. Bu baxımdan ŞƏT Azərbaycan üçün sadəcə əməkdaşlıq platforması deyil. Bu, ölkəmizin siyasi mövqeyini, regional sülh gündəliyini, nəqliyyat və iqtisadi potensialını daha geniş Avrasiya məkanında reallaşdırmaq üçün yeni imkanlar açan mühüm çoxtərəfli müstəvidir".