Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycan XİN Ermənistana qarşı beynəlxalq məhkəmələrdə mövcud vəziyyəti açıqlayıb
Ermənistanın təxminən 30 il ərzində işğal altında saxladığı ərazilərimizdə törətdiyi cinayətlərin ifşa edilməsi və bu əməllərə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyətinin təsbit edilməsi istiqamətində 2024-cü il ərzində işlər davam etdirilib.
Oxu.Az xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında əksini tapıb.
Qeyd edilib ki, 12 yanvar tarixində Ermənistana qarşı Daimi Arbitraj Məhkəməsində "Enerji Xartiyası Müqaviləsi"nə əsasən Azərbaycan Respublikasının Ermənistan Respublikasına qarşı qaldırdığı dövlətlərarası arbitraj çərçivəsində prosessual iclas keçirilib.
"19 noyabr tarixində Azərbaycan hökuməti "Enerji Xartiyası Müqaviləsi" çərçivəsində və beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq, Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən çoxsaylı pozuntuların təfərrüatını əks etdirən əsas iddia sənədini Daimi Arbitraj Məhkəməsinə təqdim edib. Azərbaycan öz enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən pozulması, o cümlədən işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrinin Ermənistan tərəfindən qanunsuz istismarına və zərər vurulmasına görə təzminat tələb edir.
12 aprel tarixində Daimi Arbitraj Məhkəməsində "Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında" Bern Konvensiyasına əsasən Azərbaycan Respublikasının Ermənistan Respublikasına qarşı qaldırdığı dövlətlərarası arbitraj çərçivəsində prosessual iclas keçirilib. Bu arbitraj iddiasında Azərbaycan Respublikası Ermənistan Respublikasından Azərbaycanın ətraf mühitinə vurduğu zərər və biomüxtəlifliyin geniş miqyasda məhv edilməsinə görə qarşı tərəfin məsuliyyətinin təsbit edilməsini və maddi təzminat ödənilməsini tələb edir.
15-26 aprel tarixlərində BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində "İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında" Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı davam edən icraatlar çərçivəsində Məhkəmənin yurisdiksiyası və qaldırılmış iddialarla bağlı ilkin etirazlara dair dinləmələr baş tutub və cari ilin 12 noyabr tarixində Məhkəmə sözügedən ilkin etirazlara dair qərarlarını elan edib. Məhkəmənin qərarı ilə Ermənistanın mina və gizli mina tələlərinin yerləşdirməsi təcrübəsinə dair iddiaların qərarda istisna olunması cəhdləri rədd edilib. Eyni zamanda qərara əsasən, Ermənistanın onilliklər boyunca Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisini işğalda saxladığı müddətdə həyata keçirdiyi etnik təmizləmə və digər qeyri-qanuni əməllər bundan sonra Məhkəmə tərəfindən mahiyyəti üzrə ətraflı şəkildə araşdırılacaq", - buraxılışda qeyd edilib.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- XİN: "Ermənistanla sazişin mətnində açıq qalan məsələlər ciddi şəkildə azalıb"
- Komissiya: "Ermənistan Xankəndi sakininin meyitini qəbul etməsə, Azərbaycanda dəfn ediləcək"
- Kibercinayətkarlığa qarşı BMT Konvensiyası qəbul edilib
- Azərbaycanın daimi nümayəndəsi BMT Baş katibini mina çirklənməsi probleminə diqqət yetirməyə çağırıb
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb