Azərbaycanın ev sahibliyi etdiyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü regional əməkdaşlıq, beynəlxalq hüququn aliliyi və müasir dünya nizamının problemləri baxımından mühüm siyasi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin zirvə görüşünün açılışında səsləndirdiyi fikirlər isə Azərbaycanın xarici siyasət prioritetlərini bir daha nümayiş etdirməklə yanaşı, beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartlar və beynəlxalq qərarların icrası ilə bağlı fundamental problemlərə diqqət çəkmiş oldu.
Dövlət başçısının çıxışının əsas məzmunu illər ərzində Azərbaycanın mübarizə apardığı ərazi bütövlüyümüzün və suverenliyimizin hansı mərhələlərdən keçərək təmin edilməsi üzərində qurulmuşdu. Prezident bir daha diqqətə çatdırdı ki, BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib, lakin onlar 30 il ərzində kağız üzərində qalıb:
"Məsələnin həlli üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyırdı. Ermənistanın əvvəlki rəhbərliyi - Ermənistanın hər üç keçmiş prezidenti və onların tərəfdarları, bu müharibə cinayətkarları və uşaq qatilləri hələ də layiq olduqları cəzanı almayıblar. Ermənistanın hazırkı rəhbərliyi 2018-ci ildən etibarən sələflərinin cinayətkar siyasətini davam etdirib".
Burada əsas siyasi mesaj ondan ibarətdir ki, beynəlxalq hüququn müdafiəsi yalnız bəyanat və qətnamələrlə məhdudlaşmamalı, konkret nəticələrlə müşayiət olunmalıdır. Bu məsələ təkcə Cənubi Qafqaz üçün deyil, digər regionlarda mövcud olan münaqişələr baxımından da aktualdır. Beynəlxalq qərarların icrası ilə bağlı problemlər həll olunmadıqca dövlətlərin beynəlxalq institutlara inamı zəifləyə, mövcud münaqişələrin uzanması və yeni qarşıdurmaların yaranması riski arta bilər.
Dövlət başçısının çıxışında Ermənistanın əvvəlki rəhbərliyinin siyasəti, keçmiş və hazırkı siyasi rəhbərliyin məsuliyyəti, eləcə də müharibə cinayətləri ilə bağlı məsələlərə toxunulması da mühüm istiqamətlərdəndir. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, Ermənistanın əvvəlki rəhbərliyi - hər üç keçmiş prezidenti və onların tərəfdarları, müharibə cinayətkarları və uşaq qatilləri hələ də layiq olduqları cəzanı almayıblar. Halbuki onların qanun qarşısında cavab verməsi tarixi ədalətin təmin olunması baxımından vacibdir. Bu yanaşma həm qurbanların hüquqlarının müdafiəsi, həm də beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi, eləcə də itirilən nüfuzunun qorunması üçün əhəmiyyətlidir.
Bakıda hərbi cinayətlərdə ittiham olunan şəxslər üzərində keçirilən məhkəmə prosesinin Nürnberq tribunalı ilə müqayisə edilməsi də bu kontekstdə siyasi və tarixi məna daşıyır. Dövlət başçısı bildirdi ki, bizi tanklarda gəlib Bakını işğal edəcəkləri və burada çay içəcəkləri ilə təhdid edənlər bu gün Azərbaycan çayını bizim həbsxanalarda içirlər:
"Onların tankları isə Hərbi Qənimətlər Parkında nümayiş olunur".
Qeyd etmək yerinə düşər ki, Nürnberq prosesi İkinci Dünya müharibəsindən sonra ağır beynəlxalq cinayətlərə görə fərdi məsuliyyət prinsipinin formalaşmasında mühüm rol oynayıb. Məhz bu baxımdan, Bakıda hərbi cinayətlərdə ittiham olunanlar üzərində məhkəmə prosesi mahiyyətinə və formasına görə Nürnberq tribunalının analoqu idi.
Prezident İlham Əliyevin Azərbaycanın üzləşdiyi ağır itkilərə baxmayaraq qisasçılıq yanaşmasına enmədiyini vurğulaması isə siyasi mesajın digər mühüm tərəfidir. Ölkə başçısı bildirdi ki, biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik:
"Burada da xalqımızın mənəvi keyfiyyətləri bir daha özünü göstərdi. Biz artıq məğlub olan dövlətə zərbə vurmadıq. Biz xalqımıza bu qədər əzab verən barbarlar və uşaq qatilləri səviyyəsinə enmədik. Biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və gücləndirmək lazımdır".
Prezidentin çıxışında Avropa Şurası və Avropa Parlamentinə münasibətdə səsləndirilən tənqidlər də diqqət çəkən məqamlardandır. Dövlət başçısı bu qurumları beynəlxalq münasibətlərdə "anaxronizm və atavizmin iki nümunəsi" kimi səciyyələndirib:
"Beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin iki nümunəsi olan Avropa Parlamenti və Avropa Şurası davamlı təcavüz qurbanı olan Azərbaycanı hədəfə alırdı və təcavüzkar Ermənistanı həvəsləndirirdi".
Ölkə başçısı bu tənqidlərlə Avropa institutlarının mövqeyini selektiv və siyasi motivli olduğunu və ikili standartlar yanaşmasının mövcudluğunu bir daha ifşa etmiş oldu.
Bu baxımdan, AQEM-in 7-ci Zirvə Görüşündə ölkə başçısının nitqində səslənən əsas fikirlərin ümumi məzmunu onu deməyə əsas verir ki, beynəlxalq təhlükəsizlik yalnız siyasi dialoqun mövcudluğu ilə təmin edilmir, bunun üçün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, beynəlxalq hüququn ardıcıl tətbiqi və qəbul edilmiş qərarların icrasını təmin edən təsirli mexanizmlər də zəruridir. Azərbaycanın münaqişə təcrübəsi beynəlxalq hüququn tətbiqi ilə bağlı problemlərin nə qədər uzunmüddətli nəticələr doğura biləcəyini göstərən nümunələrdəndir. Eləcə də, əli günahsız insanların qanına batan cinayətkarların həbsi və digərlərinin hələ də layiqli cəzasını almaması diqqətdən yayınmamalıdır.
Ona görə də Prezident İlham Əliyevin çıxışı yalnız Azərbaycanın keçmiş münaqişə təcrübəsinə dair mövqenin ifadəsi deyil, eyni zamanda beynəlxalq münasibətlər sisteminin gələcəyinə dair vacib siyasi mesajdır. Dövlətlər arasında etimadın möhkəmləndirilməsi üçün beynəlxalq hüquq normaları siyasi maraqlardan asılı olmayaraq tətbiq edilməli, ağır cinayətlərə görə məsuliyyət qanuni prosedurlar əsasında müəyyənləşdirilməli, beynəlxalq təşkilatların qərarları isə real nəticələrlə müşayiət olunmalıdır.