Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanla Pakistan regionda güc balansının yaradılmasını təmin edirlər - "KASPİ"nin ŞƏRHİ
Bu həftə Azərbaycan xarici siyasətinin Pakistan vektoru üzrə ali səviyyəli səfər siyasi gündəmin ağırlıq mərkəzinə oturdu. Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 11-12-də Pakistan İslam Respublikasına dövlət səfəri rəsmi Bakı ilə İslamabad arasındakı münasibətlərin, o cümlədən təhlükəsizlik sahəsindəki əməkdaşlığın dinamikasını bir daha canlandırıb.
"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:
Təhlükəsizlik demişkən, bunun əlaqələrdə xüsusi imtiyazlı bir sahə olmasını başqa bir fakt təsdiqləyib. Belə ki, Azərbaycan Prezidentinin təyyarəsi Pakistan hava məkanına daxil olan kimi buna elə səmadaca xüsusi hörmət nümayiş etdirilib. Dövlət başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib.
Bu, sürətlə dəyişən dünyada Azərbaycan və Pakistanın təhlükəsizlik sferasındakı mahiyyətcə bir-birinə bağlı olan qarşılıqlı dəstəklərini simvolizə edən məqamdır.
Səfər niyə indi baş tutdu?
İlham Əliyevin Pakistana dövlət səfəri Şanxay Əməkdaşlıq Təşkilatının Astana Zirvə görüşündən qısa müddət sonraya təsadüf edib. ŞƏT-in sammitində Azərbaycan, Türkiyə prezidentləri və Pakistanın baş naziri arasında üçtərəfli görüş keçirilib. Həmin görüş regional təhlükəsizlik quruluşunda üçtərəfli formatın üstünlük təşkil etdiyi nüansları vurğulayıb. Formalaşdırılmaq istənilən təhlükəsizlik zolağının isə coğrafiyası böyükdür, bu, Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının eyni geosiyasi məkan kimi qavranılıb Azərbaycan, Türkiyə və Pakistanın strateji maraqlarını əhatə etdiyinin göstəricisidir.
Üstəlik, ŞƏT çərçivəsindəki əməkdaşlıqla yanaşı, Pakistanı Çinlə ikitərəfli əlaqələrdə maraqların çoxluğu və davamlılığı birləşdirir. İki ölkə arasındakı əlaqələr Pakistan üçün də strateji əhəmiyyət kəsb edir. Azərbaycanla Çin arasında da ŞƏT-in Zirvə görüşü çərçivəsində "Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" imzalanıb ki, bu da geniş maraqlar nizamında Azərbaycan-Pakistan əlaqələri baxımından əhəmiyyət kəsb edir. Çünki Çinin hər iki dövlətlə - Azərbaycan və Pakistanla münasibətlərinin yaxşı olması əlavə üçtərəfli model yaradılmasını taclandıra bilər.
Beləliklə, Bakı-Ankara-İslamabad xəttindəki ali səviyyəli üçtərəfli müzakirələrdən sonra Azərbaycanla Pakistan strateji əlaqələrini dərinləşdirmək istiqamətlərini axtarmaq çağırışını icra etməli olub. İlham Əliyevin Pakistana səfəri bu məntiqi axtarışlardakı nüansları əks etdirir. Beləliklə, Azərbaycanla Pakistanın regionda güc balansı yaradılmasını təmin etmək, bunun iqtisadi və siyasi əsaslarını formalaşdırmaq niyyətləri getdikcə aydın görünməkdədir.
Azərbaycan sərmayə qoymaqda maraqlıdır
Azərbaycanla Pakistanın əlaqələri ölkələrin daxili siyasi həyatındakı hadisələrdən asılı olmayaraq inkişaf edir və daha da böyüyəcəyi gözlənilir. İlham Əliyevin səfəri çərçivəsində Azərbaycanla Pakistan arasında imzalanmış sənədlər də gələcək dinamikanı göstərməyə imkan verir. Hər biri haqqında ayrıca danışmasaq da, ümumilikdə deyə bilərik ki, mübadiləsi baş tutan sənədlər geniş diapazonlu əlaqələrin konkret istiqamətlərini əhatə edir.
Nəzərə alınmalıdır ki, Pakistan nüvə dövlətidir və regiondakı təhlükəsizlik bucaqlarında önəmli pay sahibidir. Azərbaycan da bu ölkəyə sərmayə qoymaqda maraqlıdır. İlham Əliyevlə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata birgə bəyanatlarında həmin ştrixləri göstəriblər.
Şərif deyib:
"Qardaşım Prezident, icazənizlə deyim ki, biz qarşılıqlı mənfəətli layihələrə ilkin olaraq iki milyard dollar dəyərində investisiyalarla bağlı müzakirə apardıq. Bu gün biz bununla bağlı ilkin müzakirələr apardıq".
Əliyev isə qeyd edib:
"Biz energetika, infrastruktur, daşımalar və bir sıra digər sahələrdə, o cümlədən çox uğurla əməkdaşlıq etdiyimiz müdafiə sənayesində bir sıra layihələri artıq nəzərdən keçirdik. Beləliklə, biz güclü tərəfdaşlığı nəinki siyasi səviyyədə, o cümlədən iqtisadiyyat, ticarət və sərmayələr sahələrində də quracağıq. Baxın, bu gün nə qədər sənəd imzalandı. Biz həmin sənədlərin mübadiləsinin şahidi olduq. Onları mübadilə etmək çox vaxt apardı və təsəvvür edin ki, onların hazırlanması nə qədər vaxt tələb edib. Bu əsasla biz qarşılıqlı ticarətin həcmini birmənalı olaraq artıracağıq".
İlham Əliyevin İslamabada dövlət səfəri dünyanın bütün səviyyələrdə məruz qaldığı neqativ dəyişikliklərə Azərbaycanla Pakistanın geosiyasi uyğunlaşma rejimini nümayiş etdirir. Azərbaycanla Pakistan ikitərəfli və çoxtərəfli şəbəkələşmə vasitəsilə həm gələcək razılaşmalar gücünü, həm də tamamilə yeni imkanlar potensiallarını araşdırırlar.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyevin Dmitri Kiselyova müsahibəsi Gürcüstan mediasının diqqət mərkəzində
- Deputat: "Hərbi qanunvericiliyə edilən təkliflər Zəfərin yaratdığı yeni reallıqlardan irəli gəlir"
- Prezident Cənub Qaz Dəhlizi ilə bağlı Sərəncam imzalayıb
- Gələn il növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi üçün bir milyon manat ayrılıb
- AAYDA-ya doqquz milyon manat vəsait ayrıldı – SƏRƏNCAM