"8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanan "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfəri diplomatik və hüquqi cəhətdən tamamlayan tarixi nəticə olmaqla Prezident İlham Əliyevin liderliyi ilə yalnız Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz regionu və qlobal sabitlik üçün strateji əhəmiyyət daşıyan tarixi bir sənəddir".
Bu sözləri Oxu.Az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin müstəqil dövlətçilik məntiqindən qaynaqlanan liderlik strategiyasının əsas məqsədi regionda davamlı sülh və əməkdaşlıq mühiti yaratmaq olub:
"Məhz bu baxış əsasında Azərbaycan tərəfi münaqişədən dərhal sonra sülh təşəbbüsü ilə çıxış edərək beynəlxalq hüquqa əsaslanan 5 bənddən ibarət gündəlik irəli sürdü. Suverenliyin qarşılıqlı tanınması, ərazi bütövlüyünün təsdiqi, sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışmama və gücdən istifadə etməməyi əhatə edən bu prinsiplər Reqional Normallaşma üçün Hüquqi Çərçivəni müəyyən edən hazırkı sülh sazişinin əsasını təşkil edir, postmünaqişə dövründə tərəflər arasında münasibətlərin yeni mərhələyə keçməsini təmin edir.
Sazişin əsas müddəalarına ümumiləşmiş şəkildə nəzər salsaq görərik ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyır, gələcəkdə bu kontekstdə heç bir iddia irəli sürməyəcəyini öhdəsinə götürür (maddə l və ll), tərəflər güc tətbiqindən və daxili işlərə müdaxilədən tamamilə çəkinməyi öhdəlik kimi qəbul edirlər (maddə lll və lV), 30 ilə yaxın fasilədən sonra diplomatik kanalların rəsmi bərpası sülhün institusional təməlinin formalaşmasına şərait yaradır (maddə V), müvafiq komissiyalar vasitəsilə dövlət sərhədlərinin hüquqi qeydiyyatı və sabitliyin təmin olunması öhdəlik altına alınır (maddə VI və VII), humanitar məsələlərin həlli və etimadın bərpası (maddə Xl) və s.
Hazırda mövcud beynəlxalq sistemin mürəkkəbliyi və geosiyasi təlatümləri fonunda bu Sazişin əldə olunması böyük diplomatik uğur kimi dəyərləndirilməkdədir. Son illərdə beynəlxalq münasibətlərdə güc tətbiqinin artması, çoxtərəfli formatların zəifləməsi və yeni münaqişələrin yaranması fonunda Azərbaycan-Ermənistan münasibətlərinin sülh yolu ilə tənzimlənməsi nadir presedentlərdən biridir", - deyə o bildirib.

Bahar Muradova əlavə edib ki, saziş BMT Nizamnaməsinin, Helsinki Yekun Aktının və Almatı Bəyannaməsinin müddəalarına əsaslanaraq imzalanıb, regional hüquqi reallıqları qlobal hüquq sisteminə inteqrasiya edib:
"Bu kontekstdə, Azərbaycanın sərgilədiyi prinsipial və hüquqa əsaslanan yanaşma təkcə Cənubi Qafqaz üçün deyil, bütövlükdə Avrasiya regionu üçün sülh modelinə çevrilmək potensialına malikdir. Bu baxımdan sülhün təmin olunması daxili siyasi iradənin və strateji ardıcıllığın nəticəsi olmaqla Prezident İlham Əliyevin liderliyində sistemli yanaşmanın nailiyyətidir. Məhz onun qətiyyətli və ardıcıl siyasəti nəticəsində Azərbaycan hərbi qələbəni diplomatik üstünlüyə çevirib, sabitlik və təhlükəsizlik üçün konkret mexanizmlər qurub, daxili və beynəlxalq legitimliyi maksimum səviyyədə təmin edib.
Bu siyasətin uğuru regionun lider dövləti, sülh prosesinin təşəbbüskarı və əsas aktoru kimi regional və qlobal miqyasda Azərbaycanın yerini möhkəmləndirib. Xüsusilə vurğulamaq lazımdır ki, ABŞ Prezidenti Donald Trampın iştirakı və ev sahibliyində paraflanan Sülh Sazişinin təxirəsalınmadan icrası regionda yeni nəqliyyat dəhlizlərinin reallaşmasına, iqtisadi və ticari əlaqələrin genişlənməsinə, enerji və logistika infrastrukturunun yenidən qurulmasına zəmin yaratmaqla regional və qlobal miqyasda inkişafa və rifaha təkan verəcək. Bundan əlavə, humanitar və mədəni sahələrdə əməkdaşlıq imkanları bölgədə xalqlar arasında inam və etimadın qurulmasına, qarşılıqlı hörmətin artmasına xidmət edəcək".
Sonda komitə sədri vurğulayıb ki, nəticədə dayanıqlı sülh quruculuğuna nail olmaq üçün dünyanın 1 nömrəli paytaxtında beynəlxalq ictimaiyyətin şahidliyi və təqdiri ilə imzalanmış sülh sazişi Azərbaycan dövlətinin Zəfərdən dərhal sonra sülhə keçid strategiyasının məntiqi yekunudur.
Mərahim Nəsib