Rüstəm Qaraxanlı yazır...
Rusiya ilə Ukrayna arasında keçirilən İstanbul danışıqlarının ikinci raundu da tarixə qovuşdu və belə görünür ki, tərəflər müharibənin qurtarması ilə bağlı ortaq məxrəcə gələ bilmədilər. İlk görüşdə olduğu kimi, bu dəfə də əldə edilən əsas nailiyyət əsirlərin və meyitlərin mübadiləsinə dair razılıq hesab olunur. Tərəflərdən heç biri nə əsirləri, nə də cənazələri ömürlük özlərində saxlayasıdır, - bu, əlavə əziyyətlə yanaşı, həm də xərcdir. Ötən əsrdə Uzaq Şərqdə Çinlə SSRİ-nin münasibətləri kəskinləşəndə Pekin Moskvanı bir milyon əsirlə qorxutmuşdu. Yəni əsir düşərik, saxla görək, bizi necə saxlayırsan. Elə indi də belədir - bu vurhavurda əsir yedirtməyə pul var?
İki raundluq görüşdən hasil edilən bu humanitar nailiyyət münaqişə və ilhaq probleminin öhdəsindən gələsi deyil. Danışıqların danışıqlar naminə aparıldığını gizlətmək getdikcə çətinləşir. Avropa ilk gündən Rusiya ilə sülh masasına oturmağın əleyhinə idi - bir az gözləyək, həm ruslar əldən düşsünlər, həm də Trampın prezidentlik müddəti bitsin. ABŞ liderinin Oval kabinetdə Zelenskiyə hədə-qorxu gəlməsindən sonra Ukraynanın da problemə dair yanaşması Avropanın mövqeyinin analoji replikasıdır. Düzdür, Rusiya hər gün ölkənin şərqində bir neçə yaşayış məntəqəsini ələ keçirir. Ancaq Avropanın ərazicə ən böyük dövləti olan Ukrayna üçün bu o qədər də öldürücü deyil: "taktiki geriçəkilmə" həm vaxt qazanmağa, həm də rəqibi əldən salmağa hesablanıb.
Danışıqlar prosesində ən maraqlı mövqe, bütün müharibələrdə olduğu kimi, indi də Vaşinqtona məxsusdur. Üzdə tərəflərin sülhə gəlməsinə çalışan Tramp administrasiyasının, əslində, müharibənin bitməsini istəməsi məntiqi görünmür. Ukraynanın nadir qazıntı mənbələrini ələ keçirməklə "maya"sını çıxaran Vaşinqton prosesdən pul qazanmağa başlayıb. Tramp iş adamı olması ilə çox öyünə bilər, ancaq ABŞ prezidentləri içində biznesmen təkcə o deyil. Ukraynada qanlı müharibənin başlanmasına bais olmuş Baydenin də ticarətdən başı yaxşı çıxır və bu gün Trampın həyata keçirdiklərinin bünövrəsini də elə o qoyub. ABŞ kimi dövlətlərdə administrasiyaların əvəzlənməsi xarici siyasətin dəyişilməsi, yaxud köklü şəkildə deformasiyaya uğramasına əsas deyil. Siyasət elə həmin siyasətdir, sadəcə, alətlər və yanaşmalar fərqlidir.
"Defense News"un məlumatına görə, ötən il ABŞ-nin yalnız Bolqarıstan, Çexiya, Polşa və Rumıniya ilə imzaladığı hərbi tədarük müqavilələrinin həcmi 14 milyard dollardan çox olub. Bu, aysberqin, sadəcə, görünən hissəsidir. Ukrayna müharibəsi fonunda ABŞ-nin NATO üzrə tərəfdaşı olan Avropa dövlətlərinin silah arsenalını sürətlə və fundamental şəkildə yeniləməsi həyata keçirilir. O yazıq ukraynalılardır, hərə gətirib əlində qalan sovet istehsalı silah-sursatını "hədiyyə" verir ki, nə edirsiniz-edin, - təki rusları qoymayın gəlsinlər. Bütün bunların əvəzinə silah arsenalını ABŞ-nin anbarlarında yığılıb qalmış yeni nəsil nümunələri ilə doldurmaqla məşğuldurlar. Vaşinqtonun özü hələ indi Ukraynaya nisbətən "cavan" silah növlərinin tədarükünə başlayıb - Kiyevin bu günədək dirənişi, əsasən, Şərqi Avropada paslanan sovet zirehli texnikası və hərbi aviasiyası hesabına idi. Almaniya nə qədər sərt danışsa da, Ukraynaya öz istehsalı olan uzaqmənzilli "Taurus" raketlərini verməyə belə cəsarət tapmır. Bu raketlərin uçuş məsafəsi 500 km-dir. Onların Ukrayna arsenalına daxil edilməsi döyüş meydanındakı vəziyyəti köklü şəkildə dəyişə bilər.
Corc Vaşinqton Universitetinin hərbi eksperti Con Hant hesab edir ki, ABŞ-nin hazırkı konfiqurasiyadakı siyasəti iki məqsədə qulluq edir: Birincisi, təbii ki, öz istehsalı olan silahını satmaq. İkincisi isə bu yolla Avropanın özündən asılılığını daha da dərinləşdirmək. Yəni ABŞ ilə rüsum küsüşməsindən sonra Avropanın daha çox Şərq bazarına meyillənməsi, Çinlə ticarəti artırması perspektivləri kimi söhbətlər, sadəcə, məsələnin üst qatıdır. Pərdəni bir qədər açan kimi görürsən ki, ABŞ-dən Rusiya qorxusu ilə kütləvi silahalma həm də Vaşinqtondan daha çox asılılıq deməkdir: axı bu silahlar, sadəcə, tüfəng deyil, onları əldə etməklə "qoca qitə" həm də texniki dəstək və sistem bağlılığı komponentlərinə görə ABŞ-yə daha sıx bağlanır.
Müharibə, ələlxüsus da əgər sən onun birbaşa iştirakçısı deyilsənsə, ilk növbədə hərbi-sənaye kompleksinin reklamıdır. Buraxın şəhər və kəndlərin viran olmasını, insanların ölüb, əsir düşmələrini - siz hərbi əməliyyatlara kim nə istehsal edib prizmasından baxın. Qərbin sonuncu Əfqanıstan və İraq intervensiyasından ən çox qazanan kim oldu? Bəli, silah istehsal edən şirkətlər - Dik Çeyniyə məxsus "Halliburton" və "F"lərin yaradıcısı "Lockheed Martin". Guya Ukraynanı Rusiyanın "pəncəsi" altına atan Baydengil yola elə bu niyyətlə çıxmamışdılar? Kolumbiya Universitetinin politoloqu Devid Nyuman Vaşinqtonun bu siyasətini ifrat qırmızılığı ilə belə təsvir edir: "Amerikalılar müharibəni uduzmurlar, onlar bunun ticarətini edirlər".
Trampın ikinci hakimiyyətinin ilk xarici səfəri - ərəb ölkələri turnesindən sonra ABŞ-nin məşhur "The New Yorker" dərgisinin üz qabığında işıq üzü görmüş karikaturda Trampın təyyarənin trapından axan "dollar seli" ilə sürüşməsi əks olunmuşdu. Həmin dollarlar və Qətər hökumətinin hədiyyəsi olan yeni təyyarə Trampın Netanyahu ilə münasibətlərinin soyumasını belə kölgə altına salıb. ABŞ mediasında çıxan məqalələrdən birində müəllif Netanyahunu başa düşmədiyini yazır. Təqribən belə: Sən niyə inciyirsən, bəlkə, ərəb ölkələri kimi Amerika iqtisadiyyatına yatırılacaq trilyonlarla dolların var?
Ukraynadakı müharibəyə də baxılacaq ən obyektiv prizma budur: müharibə gedir, pullar gəlir. Amerikalılar müharibədə heç vaxt uduzmurlar...
