Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Deputat: "Heç kim heç bir yerdə Azərbaycana qarşı cinayət törədərək təhlükə yarada bilməz"
"Terrorçunun cəzalandırılması Azərbaycan Prezidentinin qətiyyəti və prinsipiallığı sayəsində mümkün oldu".
Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu bildirib.
O qeyd edib ki, İranda Azərbaycan səfirliyinə hücum edərək mühafizə xidmətinin rəisini qətlə yetirən terrorçunun layiqli cəzaya çatdırılması məhz Azərbaycan Prezidentinin qətiyyəti, prinsipial mövqeyi və vətəndaşlarının hüquqlarını sonadək qorumaq əzmi sayəsində mümkün olub.
Millət vəkilinin sözlərinə görə, İran çoxsaylı müxtəlif manipuylativ qrupların mövcud olduğu rəngarəng bir ölkədir:
"Bu qruplar çalışırdılar ki, terror aktını törədən cinayətkar məsuliyyətdən kənarda qalsın və bununla da gələcəkdə oxşar cinayətlərin törədilməsinə zəmin yaratsınlar. Lakin Azərbaycan Prezidenti, necə ki 30 il torpaqlarımızı işğal altında saxlayan, xalqımıza qarşı terror aktları törədən, milli-mənəvi dəyərlərimizi məhv edən və yurd-yuvalarımızı dağıdan erməni cinayətkarlarının əksəriyyətini ədalət məhkəməsinin qarşısına çıxarmağa nail olub, eyni şəkildə İranda xalqımıza və dövlətimizə qarşı cinayət törədən terrorçunun da cəzalandırılmasını təmin etdi".
Deputat əlavə edib ki, hər bir ölkənin səfirliyi onun ərazisi hesab olunur:
"Bu terror aktı təkcə vətəndaşlarımıza qarşı yox, bütövlükdə Azərbaycan dövlətinə qarşı törədilmiş bir cinayət idi. Prezident İlham Əliyev bu məsələdə prinsipial mövqe sərgiləyərək bir daha göstərdi ki, heç kim heç bir yerdə Azərbaycan vətəndaşlarına və dövlətinə qarşı cinayət törədərək təhlükə yarada bilməz. Harada olurlarsa-olsunlar, belə şəxslər mütləq qanun qarşısında cavab verəcəklər".
Hikmət Babaoğlu vurğulayıb ki, bu məhkəmə qərarının yerinə yetirilməsi İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana son səfərindən sonra mümkün olub:
"Sözügedən situasiya təsadüfi deyil. Beynəlxalq münasibətlər sistemində Azərbaycanın artan nüfuzu və regional gücü İran üçün ölkəmizi itirilməz tərəfdaşa çevirib. Bu reallıqla hesablaşmamaq mümkün deyil".
O əlavə edib ki, İran prezidentinin səfərindən sonra iki ölkə arasında münasibətlərdə yeni bir mərhələnin başlandığı müşahidə olunur:
"Bu, Azərbaycanın etibarlı tərəfdaş kimi çıxış etməsi, qonşuluq və dostluq münasibətlərinə sadiq qalması ilə bağlıdır. Bir zamanlar Azərbaycanı İrana qarşı təhdid kimi göstərməyə çalışan qüvvələr artıq bu niyyətlərini reallaşdıra bilmirlər. Çünki Azərbaycan sübut etdi ki, onun ərazisindən heç vaxt İran təhdid edilə bilməz. Bu isə münasibətlərin yaxşılaşmasına səbəb oldu. Düşünürəm ki, bütün bu amillər, xüsusən də cinayətkarın cəzalandırılması İran-Azərbaycan münasibətlərinin daha da inkişafına yol açacaq".
Məhərrəm Əliyev