“Nəzərə almaq lazımdır ki, ötən ilin 10 noyabr birgə bəyanatının şərtlərinə əməl olunmasında həm Azərbaycan, həm də Rusiya lap başlanğıcdan eyni mövqe nümayiş etdirib”.
Bu sözləri Oxu.Az-a açıqlamasında deputat Elşad Mirbəşiroğlu Prezident İlham Əliyevin Rusiyaya səfərini və Vladimir Putinlə görüşünü şərh edərkən deyib.
O bildirib ki, 10 noyabr bəyanatında yer alan məqamlar 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanan Azərbaycanın maraqlarına uyğun idi:
“Azərbaycan birgə bəyanatın şərtlərinə dəqiqliklə əməl olunmasında maraqlıdır və öz üzərinə düşən addımları atır. Belə ki, 10 noyabr birgə bəyanatında postmünaqişə mərhələsində infrastruktur quruculuğu nəqliyyat kommunikasiyasının açılması və ən mühüm məsələ isə Zəngəzur dəhlizi layihəsinin reallaşdırılmasıdır.
Azərbaycan bu istiqamətdə hər zaman iradə nümayiş etdirərək, regional sülhün və təhlükəsizliyin təmin olunmasına ciddi töhfə verməyə hazır olduğunu göstərib. Lakin Ermənistan tərəfindən biz tam əks mövqe görürük. 10 noyabr bəyanatı imzalanan vaxtdan Ermənistan qeyri-adekvat davranışlar nümayiş etdirir. İlkin vaxtlarda Nikol Paşinyan üçtərəfli bəyanatın Ermənistan üçün də xeyirli olacağına dair fikirlər səsləndirsə də, amma bu, praktiki davranışlarda özünü göstərmirdi”.
E.Mirbəşiroğlu müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistanın manevr imkanları və digər davranışlarının da mövcud olmadığına diqqət çəkib.
Onun sözlərinə görə, indiki şərtlərdə onlar Qərbdəki himayədarlarına sığınaraq məğlub vəziyyətini yüngülləşdirməyə və imzalanacaq növbəti sənəddə də öz əksini tapsın:
“Rusiya tərəfi birgə bəyanatın şərtlərinə əməl olunması ilə bağlı aydın mövqeyini hər zaman nümayiş etdirib. Belə ki, Rusiya Prezidenti Vladimir Putin çıxışında birgə bəyanatın şərtlərinə əməl etməkdən boyun qaçırmağı intihara bərabər kimi qiymətləndirib. Düşünürəm ki, bu, Ermənistana ünvanlanmış mesaj idi. Çünki, Rusiyaya da bəllidir ki, birgə bəyanatın şərtlərindən yalnız Ermənistan boyun qaçırmaq istəyindədir.
Hesab edirəm ki, Rusiya ilə Azərbaycanın postmünaqişə mərhələsi ilə bağlı mövqelərində oxşarlıq var. Prezident İlham Əliyevin Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın səfərindən iki həftə sonra Rusiyaya işgüzar səfəri və postmünaqişə məsələsini müzakirə etməsi, Rusiya prezidentinin Azərbaycana kompromis mövqedən çıxışı etdiyinə görə etdiyi təşəkkür onu sübut edir ki, regional sülhün və təhlükəsizliyin təmin edilməsində Rusiya ilə Azərbaycanın yanaşmaları oxşardır.
Aydındır ki, Zəngəzur dəhlizi təkcə bizim üçün deyil, Rusiya da daxil olmaqla, dünyanın aparıcı dövlətlərinin də geoiqtisadi və geosiyasi maraqlarına cavab verir. Zəngəzur dəhlizinin tarixi İpək yolunun mühüm seqmentinə çevrilməsi perspektivi kifayət qədər realdır. Biz birgə bəyanatın şərtlərindən də xatırlayırıq ki, Zəngəzur dəhlizinin təhlükəsizliyini Rusiyanın Federal Təhlükəsizlik Xidməti həyata keçirir. Bu da o deməkdir ki, Rusiya gələcəkdə Avropa bazarlarına aparan və strateji yol açan Zəngəzur dəhlizinin açılmasında maraqlıdır”.
Könül Cəfərli