"Azərbaycan və Rusiya arasında dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətləri zəngin tarixi ənənələrə malikdir və bu əlaqələr hər zaman xalqlarımızın maraqlarına xidmət edib".
Oxu.Az xəbər verir ki, bunu parlament sədrinin birinci müavini Əli Əhmədov Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclasında deyib.
O bildirib ki, ikitərəfli əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlər və dövlət qurumları arasında fəal əməkdaşlıq mühüm əhəmiyyət daşıyır:
"Bu münasibətlərdə Parlamentlərarası Komissiya xüsusi yer tutur. Fəaliyyəti dövründə komissiya parlamentlərarası əlaqələrin davamlı inkişafına töhfə verən mühüm əməkdaşlıq platforması kimi özünü doğruldub.
Komissiyanın 24-cü iclasının gündəliyinə parlamentlərarası əməkdaşlığın bir sıra vacib məsələləri daxil edilib. Xüsusilə, parlament demokratiyasının inkişafı, təcrübə mübadiləsi və qanunvericilik sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olacaq.
İclasda səhiyyə sahəsində əməkdaşlıq, tibbi kadrların hazırlanması, elm və təhsil sahələrində qarşılıqlı fəaliyyət kimi istiqamətlər də müzakirə olunacaq.
Təhsil və elm sahəsi üzrə əməkdaşlıqda Rusiyanın iki nüfuzlu ali təhsil müəssisəsinin - Moskva Dövlət Universitetinin və İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Azərbaycandakı filiallarının fəaliyyəti xüsusi qeyd olunmalıdır".
Rusiya Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatski isə Komissiyanın 24-cü iclasında bildirib:
"Fəaliyyətimizə ölkələrimizin liderləri böyük önəm verirlər. Həm Rusiya Prezidenti Vladimir Putin, həm də Azərbaycan Prezidenti İlham Əliyev əməkdaşlığımıza daim diqqət göstərir və onun inkişaf istiqamətlərini müəyyənləşdirirlər. Parlament rəhbərləri də ölkə liderlərinin müəyyən etdiyi xəttə uyğun olaraq əməkdaşlığımızı dəstəkləyirlər".
O hesab edir ki, müntəzəm görüşlərin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Əli Əhmədova təşəkkür edirəm ki, biz ildə iki dəfə komissiyanın iclasını keçirmək ənənəsini qoruyub saxlayırıq. Bəzi komissiyalar hətta ildə bir dəfə belə toplaşa bilmirlər. Biz isə müntəzəmliyi qoruyuruq və bu, əməkdaşlığımızın real göstəricisidir".