Azərbaycan Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni doğum günü münasibətilə təbrik edib.
Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
"Hörmətli cənab Baş nazir,
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Azərbaycan və Gürcüstanı əsrlər boyu mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma şəraitində yaşayan xalqlarımızın iradəsindən qaynaqlanan möhkəm münasibətlər birləşdirir.
Sağlam təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın bugünkü səviyyəsi məmnunluq doğurur.
Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi genişdir. Fəal siyasi dialoqumuz iqtisadi-ticari, enerji, nəqliyyat, sərmayə qoyuluşu, humanitar və digər sahələrdə əməkdaşlığımızın yeni məzmunla zənginləşməsi üçün yaxşı zəmin yaratmışdır.
Əminəm ki, ölkələrimizin və xalqlarımızın firavanlığı, regionumuzun təhlükəsizliyi və rifahı naminə Azərbaycan-Gürcüstan ənənəvi dostluğu və strateji tərəfdaşlığı bundan sonra da dərinləşməyə və möhkəmlənməyə davam edəcəkdir.
Sizi bir daha ürəkdən təbrik edir, yeni yaşınızda sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Gürcüstan xalqının firavanlığı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram".