Azərbaycan cəmiyyəti Anar Məmmədlinin həbsi ilə bağlı müxtəlif beynəlxalq təşkilatların, dövlətlərin dəyərləndirmələrini və bəyanatlarını mənasız, əhəmiyyətsiz məsələ hesab etmir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Şöbə müdiri qeyd edib ki, Azərbaycan hakimiyyəti bu bəyanatları öyrənir və dəyərləndirir:
“Biz bu bəyanatlarda səsləndirilən fikirləri təhlil edirik. Lakin Azərbaycan cəmiyyətinin özünün idarə olunma metodları, prinsipləri və qanuni əsasları var. Azərbaycanın müvafiq orqanları bu və ya digər addımları atmazdan əvvəl ilk növbədə Azərbaycan dövlətinin maraqlarını, qanunlarımızın tələblərini nəzərə alır. Anar Məmmədlinin həbsi ilə bağlı Baş Prokurorluq lazımi açıqlamanı verib və təhqiqat gedir. Başqa yeniliklər olacaqsa, bununla bağlı da açıqlamalar veriləcək”.