Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ərdoğanın Özbəkistan səfərinin pərdəarxası: İsrail amili, TDT üçün yeni fürsətlər, gözlənilən risklər - ŞƏRH
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Özbəkistana səfərinə səbəb verən amilləri ən azından üç mövzu üzərindən qiymətləndirə bilərik:
1. Diqqət etməliyik ki, Ərdoğan martın 9-da İsrail Prezidenti İshaq Hersoqla Ankarada müzakirələr apardı. Bu müzakirələrdən üç həftə sonra Ərdoğanın yolunu Özbəkistana salması təsadüf ola bilməz. Nəzərə almalıyıq ki, İsrail Özbəkistanla əlaqələrin çərçivəsinin böyüməsi xəttini tutur, bu isə Türkiyənin, eləcə də Türk Dövlətləri Təşkilatının (TDT) qaynayan dünya nizamındakı strateji maraqlarına cavab verir.
2. Rusiyanın SSRİ modelli vücudunda bir orqan olmağa çalışan Belarus Prezidenti Aleksandr Lukaşenko hələ Ukrayna müharibəsi başlamamışdan öncə Özbəkistanı təhdid etmişdi. Bu təhdidin bir ucu Mərkəzi Asiyada böyük maraqları olan Türkiyə və Qərbə toxunur. Türkiyə lideri indi mümkün təhlükələrə qarşı preventiv tədbirləri özbəkistanlı həmkarı Şövkət Mirziyoyevlə müzakirə etməyin vacibliyini dərk edir.
3. Ərdoğan Özbəkistanı Türkiyənin təhlükəsizlik zəmanətlərinin qanadının altında tutmaq istəyir, çünki Ankaranın regional maraqları belə strateji baxışı zəruri edir. Bu, həm də Türk Dövlətləri Təşkilatının müştərək ortaq maraqlarından irəli gəlir.
Ərdoğanın Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə bağlı qapılar arxasındakı müzakirələrin ana xəttinin yuxarıda sadaladığımız istiqamətlər üzrə getdiyini söyləyə bilərik və həmin danışıqlar perspektiv üçün yol xəritəsidir.
Münasibətlərin dərinləşməsi və TDT çərçivəsində yeni mərhələyə adlaması Azərbaycanın da xarici siyasət konsepsiyasına uyğundur, çünki Bakı TDT-də də addımlarını Ankara ilə uzlaşdırır.
Özbəkistan tranzit əlaqələrinin şaxələndirilməsi üçün Xəzəryanı dövlətlərlə münasibətləri önə çıxarır, eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarını özünün perspektivi üçün faydalı platforma kimi nəzərdən keçirir. Bu isə rəsmi Daşkəndin Bakı və Ankara ilə əməkdaşlığını keyfiyyətcə yeni sferaya keçməsini şərtləndirir.
İqtisadi əlaqələrdən söz düşmüşkən, Ərdoğan Özbəkistanda bəyan edib ki, Türkiyə ilə Özbəkistan arasındakı ticarət həcmi 2021-ci ildə 3,6 milyard dollar həcmində olub. Hər iki ölkə həmin rəqəmi növbəti il üçün 5 milyard, nisbətən uzaq perspektiv üçün isə 10 milyard dollara çatdırmağı hədəfləyir.
Çin hazırda Özbəkistana ən çox mal ixrac edən ölkələrdəndir. Özbəkistanın Rusiya ilə də iqtisadi-ticari əlaqələri var və bu, Mərkəzi Asiya regionu uğrunda gedən hibrid döyüşlərdə və Daşkənd üzərində siyasi təsir rıçaqları qazanması ehtimallarını artırır.
Türkiyə Mərkəzi Asiyadakı iqtisadi-siyasi platformalarda balanslaşdırıcı hərəkət etməklə prosesləri özünün və TDT-nin maraqlarına uyğun yönəldən siyasət yürüdür. Geosiyasi rəqabətin barıt qoxusuna yaxınlaşması regional və qlobal gücləri yeni rollar almağa vadar edir.
İmzalanan sənədlərin siyahısında hərbi-siyasi məzmun daşıyan Genişləndirilmiş Hərbi Çərçivə Sazişi diqqət çəkir.
Bu, ikitərəfli hərbi əməkdaşlığın həyata keçirilməsi üçün parametrləri müəyyənləşdirəcək.
YEKUN:
Ankara Mərkəzi Asiyada təsir dairəsini artırmaq üçün müxtəlif vasitələrdən istifadə edir. Ankaranın regiona praqmatik və konstruktiv yanaşması ona öz mövqelərini gücləndirmək imkanı verir.
Riskə gəlincə, Türkiyənin regionda artan siyasi və iqtisadi varlığını hərbi iştirakla əlaqələndirmək cəhdi rəqiblərin ciddi müqavimətinə gətirib çıxara bilər. Bu riskin doğulub boy atmaması üçün Türkiyə Mərkəzi Asiyada ardıcıl rola malik iki oyunçu – Rusiya və Çin arasında nazik bir sədd seçəcək.
Aqşin Kərimov
"Çin" teqi üzrə xəbərlər
- Çində idmançı-həkim rəqibini xəstəxanalıq etdi
- Çinli qadın hər bürcdə bir uşaq dünyaya gətirir
- Çində onlayn oyunun qalibləri milyonlarla dollar mükafat aldılar
- Çində bıçaqlı hücum: 8 nəfər ölüb, 17 nəfər yaralanıb
- Çində kişi avtomobili insanların üzərinə sürdü: 30-dan çox ölən, 43 nəfər yaralanan var