Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ermənistan Avropa İttifaqına niyə üzv ola bilməz?
İrəvan hökuməti 2025-ci il yanvarın 9-da "Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında" qanun layihəsini təsdiqləyəndən sonra mövcud hakimiyyət prosesi sürətləndirmək üçün müxtəlif addımlar atır. Bunun nəticəsi olaraq fevralın 11-də Ermənistan parlamenti qanun layihəsini ilk oxunuşda qəbul edib. Əbəs deyil ki, artıq Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması haqqında layihə parlamentin gündəliyinə daxil edilib. Bəs Ermənistan Aİ-yə üzv ola bilərmi? Həmçinin nəticə Ermənistanın xarici siyasətində hansı dəyişikliklərlə yadda qala bilər?
Avropa İttifaqına üzvlük prosesi
Avropa İttifaqına üzvlük uzun və mürəkkəb prosesdir, müxtəlif sahələrdə islahatlar və uyğunlaşmalar tələb edir. Bu baxımdan, Ermənistanın bu istiqamətdə atdığı addımlar ölkənin gələcək xarici siyasət prioritetlərinə və regional münasibətlərinə əhəmiyyətli dərəcədə təsir edə bilər. Ona görə də Ermənistanın Avropa İttifaqına üzv olub-ola bilməsi bir sıra siyasi, iqtisadi və hüquqi amillərdən asılıdır. Belə ki, ittifaqa üzv olmaq üçün Kopenhagen meyarlarına cavab vermək lazımdır.
Kopenhagen meyarları nədir?
Kopenhagen meyarları namizəd ölkələrin Avropa İttifaqına üzv olması üçün yerinə yetirməli olduqları şərtlər məcmusudur. Bu kriteriyalara əsasən, Aİ-yə üzv olmaq istəyən ölkə üç əsas meyara cavab verməlidir: siyasi, iqtisadi və Aİ-nin təməl prinsiplərinə əməl etmək. Eyni zamanda, siyasi meyarların yerinə yetirilməsi namizəd ölkə ilə üzvlük danışıqlarına başlamaq üçün ilkin şərtdir. Bu meyarlar 1993-cü ildə Kopenhagendə Avropa Şurası tərəfindən müəyyən edilmiş, daha sonra 1995-ci ildə Madriddə Avropa Şurası tərəfindən gücləndirilib. Ermənistan isə bu sahədə hələ tam hazır deyil və ciddi islahatlar aparmalıdır. Çünki Aİ standartlarına uyğunlaşma üçün korrupsiya ilə mübarizə, məhkəmə islahatları və demokratiyanın gücləndirilməsi vacibdir. Siyasi meyarlarda əksini tapan standartlara əsasən, demokratiyaya, qanunun aliliyinə, insan hüquqlarına, etnik və azlıqlara hörmət və müdafiəyə zəmanət verən institutlar tələb olunur.
Ermənistan isə, ümumiyyətlə, monoetnik dövlətdir. Hətta bu ölkənin əzəli və əsl sakinləri olan Qərbi azərbaycanlıların nəinki hüquqları qorunmayıb, həmin doğma torpaqlarından zorla çıxarılıb, mədəni irsi məhv edilib və tarixi izlərinin silinməsi üçün hər cür vəhşiliyə əl atılıb. Elə indi də Ermənistan bundan nəticə çıxarıb hüquqi addım atmaq əvəzinə, əks addımlar atır, Qərbi azərbaycanlıların öz yurdlarına qayıtmaları üçün heç nə etmir, əksinə, bu məsələsini özünə təhdid kimi gördüyünü bəhanə edir. Dolayısı ilə yubatdığı sülh müqaviləsini həm də bu istiqamətə sabotaj edir. Bu isə ittifaqın siyasi konsepsiyası ilə tərs mütənasiblik təşkil edir.
İqtisadi meyarlar
Fəaliyyətdə olan bazar iqtisadiyyatının mövcudluğu ilə yanaşı, ittifaq daxilində rəqabətə tab gətirmək qabiliyyətinə malik olmaq lazımdır. Ermənistanın isə iqtisadi cəhətdən özünün daha çox gəlirə ehtiyacı var. Bunun üçün isə ən asan yol qonşularla ticarət etməkdir. Lakin Ermənistan burada da uduzur. Çünki Avropa və dünya bazarlarına çıxmaq üçün İrəvanın iki əsas qonşusu Azərbaycan və Türkiyə ilə sərhədləri 30 ildir ki, bağlıdır. Ermənistanın Rusiya ilə münasibətləri də Paşinyan 2018-ci ildə hakimiyyətə gələndən sonra özünün ən soyuq dövrünü yaşayır. Bir sözlə, İrəvanın dalana dirəndiyi, iqtisadi böhran içində çabaladığı bir vaxtda Avropa İttifaqının bazar iqtisadiyyatına dözümlülüyündən söhbət gedə bilməz.
Təməl prinsiplərlə uyğunluq meyarları
Aİ-yə üzv olmaq üçün ittifaqın qəbul etdiyi qərarlara və tətbiq etdiyi qanunlara əməl etmək lazımdır. Yəni ittifaqın ümumi xarici və təhlükəsizlik siyasətində səmərəli iştirak etmək üçün namizəd ölkələr buna hazır olmalıdırlar. Burada iqtisadi-siyasi birliklə yanaşı gömrük, kənd təsərrüfatı, vahid bazara keçid, rabitə və informasiya texnologiyaları, ətraf mühit, nəqliyyat, enerji, istehlakçı hüquqları, ədliyyə və daxili işlər, əmək və sosial hüquqlar, təhsil və gənclər, vergi, statistika, regional siyasət, ümumi xarici və təhlükəsizlik siyasəti sahələrində ittifaqın bütün qaydalarına uyğunluq təşkil edilməlidir. Lakin böhran içində yaşayan Ermənistanın bunun öhdəsindən gəlməsi sadəcə mümkün deyil.
Aİ-yə üzvlük Rusiya və regional-geosiyasi faktorlar fonunda
Ermənistan hazırda Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür və Rusiyadan iqtisadi və hərbi asılılığı yüksəkdir. Ermənistan Aİ-yə üzv olmağa qərar versə, Aİİ və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmalı olacaq ki, bu da Moskva ilə münasibətlərin pisləşməsinə gətirib çıxara bilər. Çünki Ermənistanın Aİ-yə üzvlük təşəbbüsü Qərb və Rusiya arasında Cənubi Qafqazda nüfuz mübarizəsini gücləndirə bilər. Rusiya rəsmiləri Qərbin Cənubi Qafqazdakı siyasətini destruktiv hesab edərək, bunun regionda vəziyyətin sabitləşməsinə deyil, Moskva üçün əlavə təhdidlərin yaradılmasına yönəldiyini dəfələrlə bildiriblər. Ona görə də Ermənistanın Aİ-yə üzvlük prosesi mümkün reallıqdan daha çox strateji niyyət kimi görünür.
Ermənistanın Avropa İttifaqına üzvlük təşəbbüsünün Azərbaycan-Ermənistan münasibətlərinə təsiri
Bu məqamda bir məsələni xüsusi ilə qeyd etmək lazımdır. Belə ki, Ermənistan hələ ittifaqa üzv olmayıb, amma ittifaqın müşahidə missiyası Ermənistanda oturub Azərbaycana qarşı hər cür təxribata əl atır. 2022-ci ilin dekabrından başlayaraq formalaşdırılan bu təsisatın məqsədi Azərbaycanın guya Ermənistana hücum etməyə hazırlaşması barədə saxta məlumatlar yaymaq, ölkəmizi müharibə tərəfdarı qismində haqsız yerə hədəfə gətirməkdən ibarətdir. Başqa sözlə desək, bu missiyanın indiyə qədər olan fəaliyyəti Ermənistanı sülhdən uzaqlaşdırmağa hesablanıb və rəsmi İrəvan da bunu bildiyi halda susub. Yəni Aİ müşahidəçiləri elə Ermənistana gəldikləri gündən etibarən sülh quruculuğu fəaliyyətindən başqa hər şeylə məşğul olublar. Biz indiyə qədər də dəfələrlə belə müşahidələrdən sonra konkret sərhəd istiqamətində erməni təxribatlarına şahidlik etmişik. Çünki bölgədə sülh olacağı təqdirdə onların burada hansısa bir missiyası və fəaliyyətinə ehtiyac qalmayacaq. Əbəs deyil ki, Azərbaycan da ən ali səviyyədə haqlı olaraq Ermənistan tərəfinə irad bildirib. Ötən ilin 18 dekabrında prezident İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində də deyib ki, "biz, əslində, sülh sazişi üzrə böyük irəliləyiş əldə etmişik". Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Şərtlərdən biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaqdır. Digər maddə isə başqa ölkələrin nümayəndələrini Azərbaycanla sərhəddə yerləşdirməməklə bağlıdır:
"Bu, niyə bizim üçün vacibdir? Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Axı, bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq... Bundan sonra bu missiya bizimlə razılaşdırılmadan uzadıldı və arqument bundan ibarət idi: niyə sizinlə razılaşdırmalıyıq, axı, bu missiya Ermənistan ərazisindədir. Bizim isə arqumentimiz belə idi: razılığa gələndə siz niyə bizimlə razılaşdırdınız? Axı, belə olmaz. Sonra onların sayı 200 nəfərdən çox artırıldı. Bundan başqa, bu missiya tədricən NATO-nun missiyasına çevrildi, belə ki, oraya Kanadanın nümayəndələri qoşuldular. Beləliklə, bu bizim razılığa gələcəyimiz ikinci maddədir".
Bu baxımdan, Ermənistanın Aİ-yə üzvlük prosesinin nəticələrinin Azərbaycan-Ermənistan münasibətlərinə təsirləri də regional siyasətdəki dəyişikliklərdən asılı olacaq. Lakin İrəvan indiki kimi qeyri-konstruktiv addımlarından əl çəkməsə, bu daha çox mənfi situasiyalarla yadda qala bilər. Bu baxımdan, Ermənistanın xarici siyasətində balanslı yanaşma sərgiləməsi və qonşu ölkələrlə konstruktiv dialoq aparması regionda sabitliyin və əməkdaşlığın təmin edilməsinin vaxtıdır.
Mərahim Nəsib
"Avropa İttifaqının Ermənistandakı missiyası (EUMA)" teqi üzrə xəbərlər
- Ermənistan XİN: "İrəvan sülh sazişindən sonra Aİ missiyası ilə əməkdaşlıq etmək niyyətindədir"
- Aİ missiyası Azərbaycan sərhədi yaxınlığında nə edir? - YENİ GÖRÜNTÜLƏR
- Paşinyan: "Ermənistan və Azərbaycan sərhəddə üçüncü ölkələrin qüvvələrini yerləşdirməyəcək"
- Niderlandın xarici işlər naziri Azərbaycan sərhədinə gəlib
- Avropa İttifaqının müşahidə missiyası yenidən sərhəddə: Durbinlə Qubadlı ərazisinə baxıblar