Donald Tramp inflyasiyanın idarəolunan səviyyədə qalmasını və ABŞ iqtisadiyyatının mövcud üstünlüklərini qorumağı hədəflədiyi üçün İranla münasibətlərdə gərginliyin tam aradan qalxmasına tələsməyə bilər. Çünki davam edən Hörmüz boğazı və ya İranla bağlı böhran qlobal iqtisadiyyat üçün müəyyən risklər yaratsa da, bəzi hallarda ABŞ iqtisadiyyatı üçün əlavə imkanlar formalaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin hazırladığı süjetdə bildirilib.
Xüsusilə, texnologiya, yarımkeçiricilər, alternativ logistika və digər sahələrdə fəaliyyət göstərən bəzi şirkətlər böhran fonunda əhəmiyyətli gəlirlər əldə ediblər. Bu şirkətlərin böyük hissəsi ABŞ mənşəlidir. Bu isə Vaşinqtonun İran ətrafında yaranan geosiyasi gərginlikdən müəyyən iqtisadi üstünlüklər qazanması və dolların beynəlxalq mövqeyinin güclənməsi kimi qiymətləndirilir.
Bəs bu vəziyyət uzunmüddətli olacaqmı?
Ekspertlər hesab edirlər ki, risklər kifayət qədər yüksək olaraq qalır. Onların bir qismi yanacaq qiymətlərində başlayan bahalaşmanın digər sahələrə də təsir göstərərək daha geniş inflyasiya dalğasına səbəb ola biləcəyini bildirirlər.
Lakin Donald Trampın dəfələrlə vurğuladığı kimi, oxşar proqnozlar daha əvvəl də səsləndirilib və onların hamısı özünü doğrultmayıb.
ABŞ üçün əlverişli görünən bu mənzərə digər ölkələr, xüsusilə Yaxın Şərq regionunda yerləşən dövlətlər və bölgədən uzaqda olsa da enerji bazarlarından asılı olan ölkələr üçün nə dərəcədə uyğundur? Bu sual hələ də açıq qalır.