Еrmənistanın xarici işlər naziri Edvard Nalbandyan BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı Azərbaycanın “misli görünməmiş miqdarda” hücum silahları əldə etməsindən narahatlıq bildirib.
Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Nalbandyan deyib ki, Azərbaycanın böyük miqdarda hücum silahları cəmləşdirməsi təkcə regional deyil, beynəlxalq vəziyyəti də təhdid edir.
“İndinin özündə də Azərbaycan rəhbərliyi fəal müharibə təbliğatı aparır və hər gün antierməni əhval-ruhiyyəsini qızışdırır. Bu məqsədlə BMT tribunasından da istifadə edir” - deyə Nalbandyan bildirib.
Erməni nazirə görə gücdən istifadə Qarabağ münaqişəsinin həllinə kömək etməyəcək.
“Lakin BMT Təhlükəsizlik Şurasının üzvü statusunu daşımasına baxmayaraq Azərbaycan misli görünməmiş həcmdə hücum silahlarını əlində cəmləşdirməklə təkcə regional vəziyyəti deyil, beynəlxalq vəziyyəti də təhdid edir” - Nalbandyan əlavə edib.
Bundan əvvəl BMT Baş Assambleyasında çıxışı zamanı Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın indiki işğalçılıq siyasəti ilə heç bir uğur qazana bilməyəcəyini bəyan edib. Məmmədyarov bildirib ki, Dağlıq Qarabağ Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsi olub və belə də olaraq qalacaq. Azərbaycan xarici işlər naziri münaqişənin həllinin yeganə yolunun Ermənistanın işğal etdiyi əraziləri boşaltmasından keçdiyini vurğulayıb.