Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Fərid Şahbazlı: "Prezidentin çıxışı beynəlxalq güclərə verilən açıq və sərt mesaj oldu"
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasında çıxışı bir çox vacib məqamlarla yadda qaldı. Əslində ölkə başçısının bu çıxışı yaxın keçmişdə ölkəmizdə və dünyada baş verən proseslərin təhlilinə həsr olunmuş bir hesabat, gələcəkdə yerinə yetirilməsi vacib olan vəzifələri əhatə edən bir proqram sənədidir".
Oxu.Az xəbər verir ki, bu sözləri "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.
Onun sözlərinə görə, dövlət başçısı son dörd ildə Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsini yaxın tariximizin ən mühüm siyasi hadisəsi kimi şərh etməklə yanaşı, illər boyu işğalçı Ermənistana himayədarlıq edən ayrı-ayrı dövlətlərin yenidən fəallaşmasını, onların regionda yeni müharibə ocağı yaratmaq niyyətlərini, antiazərbaycan ritorikasını kəskin tənqid edib:
"Prezident açıq formada qeyd etdi ki, bu cür cəhdlər Azərbaycanı getdiyi haqq yolundan nəinki geri çəkilməyə məcbur edə bilməz, əksinə xalqımızı, dövlətimizi və ordumuzu daha ayıq-sayıq və tədbirli olmağa sövq edəcək. Hansı dövlətlərdən Ermənistana nə zaman, necə və hansı silahların daşındığı barədə dəqiq informasiyalara malik olduğunu diqqətə çatdıran dövlət başçısı, bu cür təxribatçı hərəkətlərin qarşısının qətiyyətlə alınacağını da vurğulayıb. Bu baxımdan o, Azərbaycan hərbi-sənaye kompleksinin modernləşdirilməsini, yeni növ silahlar və texnika ilə daha da zənginləşdirilməsini prioritet vəzifə kimi irəli sürüb. Bu Ermənistana və onu himayə edən güclərə verilən açıq və sərt mesaj oldu".
Siyasi şərhçi bildirib ki, Prezident öz çıxışında Azərbaycanın dövlət suverinliyinin tam bərpasının iqtisadi və mədəni inkişaf üçün də geniş perspektivlər açdığını vurğulamaqla, ayrı-ayrı dairələr tərəfindən ölkəmizə qarşı aparılan qərəzli kampaniyalar fonunda bu inkişafı dönməz etməyin də yollarını da açıqlayıb: "Onun çıxışında vətəndaşlarımızın azad edilmiş şəhər və kəndlərimizə qayıdışının tam təmin edilməsi, burada dayanıqlı iqtisadi infrastrukturun yaradılması, mədəni-maarif, təhsil və elmi müəssisələr şəbəkəsinin qurulması ilə paralel və kompleks şəkildə aparılması bu prosesin ən vacib komponentləri kimi irəli sürülüb".
Fərid Şahbazlının sözlərinə görə, ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının milli yüksəlişi təmin edən dəyərlər sistemi kimi Azərbaycan dövlətinin qurulması və inkişafında rolunu qeyd edən Prezident, kənar müdaxilələr, ideoloji işğala cəhd, gənclərin zərərli mənəvi-əxlaqi təsirlərdən qorunması məsələlərinə də xüsusi diqqət ayırıb:
"Dövlət başçısı gənclərin düşmən dövlətlərin antiazərbaycan təbliğatının təsiri altına düşməməsi, LGBT, "No War" və s. kimi dünyanı ağuşuna alan meyillərin Azərbaycan cəmiyyətinə yol tapmasının qarşısının alınması kimi mühüm mövzuları da ön plana çəkib.
Ölkə başçısı eyni zamanda noyabr ayında Bakıda keçiriləcək COP29-un ölkəmiz üçün bir böyük sınaq olduğunu deyən dövlət başçısı, bu qlobal tədbirin Azərbaycanın beynəlxalq imici baxımından da mühüm bir hadisə olduğunu diqqətə çatdırıb".
Siyasi şərhçi bildirib ki, bütövlükdə, İlham Əliyevin yeni tərkibli Milli Məclisin açılış mərasimindəki çıxışı və buradan verdiyi mühüm mesajlar hansı sahədə çalışmasından asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarının hüquq və vəzifələrini tam aydınlığı ilə ortaya qoyur:
"Hesab edirik ki, həmin vəzifələrin mühüm bir hissəsi də elə yeni Milli Məclisin öz üzərinə düşür. Güman edirik ki, ali qanunverici orqan olaraq Milli Məclis Prezidentin bu tarixi çıxışının ruhuna uyğun olaraq fəaliyyət göstərəcək, həm beynəlxalq təşkilatlarda və qurumlarda dövlətimizin mövqelərini möhkəmləndirəcək, həm də xalqımızın sosial rifah halını, onun elmi-mədəni və mənəvi yüksəlişini təmin edəcək qanun və qərarlar hazırlayacaq".