Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Gözü yol çəkən” sənədlər: ümid VI çağırışadır - SİYAHI
Yeni Azərbaycan Partiyasını təmsil edən deputat korpusunun parlamentin buraxılması ilə bağlı təşəbbüsündən sonra Milli Məclis dekabrın 2-də Prezidentə müraciəti qəbul etdi.
Prezident İlham Əliyev isə Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə sorğu göndərib.
Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 4-də, saat 12:00-a təyin edilmiş iclasında baxılacaq.
Qeyd edək ki, 2015-ci ilin noyabrın 1-də V çağırış Milli Məclisə seçkilər keçirilib.
V çağırış Milli Məclis özünün fəaliyyətində bir sıra qanun layihələrini qəbul edib, sənədləri ratifikasiya edib.
Bununla belə, illərdir bəzi sənədlər hələ də “intizardadır”, özünün qəbulunu gözləyir. Görünən isə odur ki, həmin qanun layihələrinin qəbulu VI çağırış Milli Məclisin iclasında müzakirəyə çıxarılıb qəbul oluna bilər.
Oxu.Az-ın məlumatına görə, həmin sənədlərdən biri Rəqabət Məcəlləsinin ilə bağlı qanun layihəsidir.
Rəqabət Məcəlləsi 2006-cı ildə Prezident tərəfindən Milli Məclisə təqdim edilib. Qanun layihəsi iki oxunuşdan keçsə də, üçüncü oxunuşa çıxarılmayıb.
Qanun layihəsinin həmmüəllifləri deputatlar Vahid Əhmədov və Əli Məsimlidir.
“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi də yarımçıq qalan sənədlər siyahısındadır.
Xatırladaq ki, sənəddə yer alan surroqat ana və sperma bankı məsələsinə cəmiyyət sərt reaksiya verib.
Bir zamanlar qanun layihəsinin qəbuluna Qafqaz Müsəlmanları İdarəsi (QMİ) mane olub. İdarənin təklif və iradları nəzərə alınaraq, mübahisə doğuran məsələlər layihədən çıxarılıb.
Eyni zamanda, QMİ-nin təklifləri götür-qoy edildikdən sonra bütün müsəlman ölkələrinin təcrübəsi öyrənilib. Hazırda QMİ qanun layihəsinin qəbuluna heç bir etiraz etmir.
“Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsi də V çağırış Milli Məclisdə qəbul edilmədi.
Qanun layihəsinin müəllifi, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Qüdrət Həsənquliyevdir.
Qanun layihəsi 12 maddədən ibarətdir. Sənəd Gürcüstanın işğal altında olan ərazilərlə bağlı qanunvericiliyi bazası əsasında yaradılıb.
Sənəddə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin hüquqi statusu müəyyən olunub. Həmin ərazilərə xarici ölkə vətəndaşlarının daxil olması, şirkətlərin fəaliyyət göstərməsinin qanunsuz olması əksini tapıb.
Deputatlar Vahid Əhmədov və Əli Məsimlinin birlikdə hazırladıqları “Təhsil kreditləri haqqında” qanun layihəsi də qəbul olunmayanlar sırasındadır.
Qanun layihəsi bir neçə il bundan əvvəl Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub. Lakin orada bir məsələ ilə bağlı fikir ayrılığı yaranıb ki, bu da bank faizləri ilə bağlıdır.
“Turizm haqqında”qanun layihəsi də qəbul edilməyənlər cərgəsindədir.
“Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı İşçi Qrup yaradılsa da, bu sənəd hələ qəbul edilməyib.
2019-cu ilin fevralında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Avropa İttifaqının Bakıdakı nümayəndəliyi və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Qida Təhlükəsizliyi haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilmişdi.
Qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan qida təhlükəsizliyi sisteminin qurulması, ölkədə istehsal edilən qida məhsullarının xarici bazarlara ixracının asanlaşdırılması qanun layihəsində öz əksini tapıb.
Həmçinin, istehlakçıların hüquqlarının qorunması və digər məsələlər qanun layihəsində vurğulanır. Lakin sənəd Milli Məclisdə qəbul olunmayıb.
“Lombardlar haqqında” qanun layihəsi ikinci oxunuşdan keçsə də, hələ də təsdiqlənməyib.
Sənəddə lombardlar tərəfindən kreditlərin verilməsi və əşyaların saxlamaya qəbul edilməsi məsələləri öz əksini tapıb.
Habelə lombardlar tərəfindən həyata keçirilən fəaliyyətin nizamlanması və ona nəzarət ilə bağlı münasibətlər tənzimlənir.
Layihəyə görə, lombard öz vəsaiti hesabına girov qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyaları digər risklərdən sığortalaya bilər.
Lombardın girov qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyadan istifadə etmək, ona dair sərəncam vermək və ya onu dəyişdirmək hüququ yoxdur.
Müştəri kredit müqaviləsinin bağlanılmasından əsassız imtina edən lombarda qarşı məhkəməyə müraciət edə bilər. Lombard tərəfindən təminatsız kredit verilə bilməz.
Aqşin Kərimov