Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Hafiz Paşayevin arzuları
Görkəmli alim, diplomat Hafiz Paşayevlə ilk tanışlığım 1992-ci ilin sentyabrına təsadüf edir. İndi xeyli uzaq görünən həmin illərdə Hafiz müəllim Amerika Birləşmiş Ştatlarında Müstəqil Azərbaycan Respublikasının ilk fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışırdı. Amma ilk görüşümüz Vaşinqtonda deyil, Bakıda gerçəkləşdi, çünki ABŞ-dakı elçimiz okeanın o tayında yaşayan bir qrup soydaşımızla Bakıda görüş keçirirdi. Qısa müddətli səfər çərçivəsində keçirilən mühüm görüşlərin birində iştirak etmək mənə də nəsib oldu. Sakit xarakterli, ətrafındakı insanlara qarşı nəzakətli, çıxışındakı hər bir ifadəyə xüsusi fikir verən Hafiz Paşayev görüşdə iştirak edənlər üçün əsl diplomat obrazı idi.
Tanıyanlar yaxşı bilir ki, Hafiz müəllim şərəfli, qibtəediləcək bir ömür yolu keçib. Hələ ötən əsrin 70-ci illərində gənc və ümidverici alim kimi nüfuzlu bir elmi mərkəz olan Moskva Atom Fizikası İnstitutunda nəhəng alimlərlə birgə tədqiqatlar aparıb. Uğurlu işlərinə görə ABŞ-a ezam olunub. Gənclik illərində dəfələrlə Amerikada elmi ezamiyyətdə olan Hafiz müəllim yəqin ki, okeanın o tayına azad bir ölkənin təmsilçisi kimi qayıdacağı ilə bağlı xəyallar qurub. Və onun bu arzusu günlərin birində reallığa çevrilib.
Hafiz Paşayevin hələ gənclik illərində Vətəni, xalqı ilə bağlı hansı arzularla yaşadığını öyrənmək üçün onun valideynləri, xüsusi ilə atası - görkəmli alim, pedaqoq, istedadlı yazıçı Mir Cəlal Paşayevlə yazışmalarını oxumaq kifayətdir. Mənim bu məktublarla tanış olmağımın qəribə bir tarixçəsi var. 2019-cu il aprelin 26-da qədim Gəncə şəhərinin “Gülüstan” adlanan ərazisində söz və fikir ustadı Mirzə Şəfi Vazehin ev-muzeyində toplaşmışdıq. Mirzə Şəfi Vazehin 225, həmkarı, alman şairi Fridrix von Bodenştedtin isə 200 illiyi münasibəti ilə maraqlı tədbir düzənlənmişdi. Elə həmin gün şəhər rəhbərliyi, Yazıçılar Birliyinin Gəncə bölməsinin üzvləri, yerli ziyalılar bizi unudulmaz Mir Cəlal Paşayevin ev muzeyini ziyarət etməyə dəvət etdilər. Görkəmli ədibin və pedaqoqun Gəncə xatirələrini özündə yaşadan bu məkanda hər şey gözəl idi. Həyətdə orkestrin ifa etdiyi klassik və milli musiqi nümunələri ruhumuzu oxşayırdı. Muzeylə tanışlıq zamanı Hafiz müəllimin atası ilə yazışdığı məktublar diqqətimi xüsusi ilə özünə cəlb etdi. Hafiz müəllim həmin məktublarda gündəlik işləri, elmi nailiyyətləri ilə yanaşı, gələcək istək və arzularını da ifadə etmişdi.
Görkəmli ədibin ev muzeyində keçirilən həmin o gözəl günün axşamı çəkiliş qrupu ilə Tiflisə yola düşdük. Tiflisdə M.F.Axundov adına Azərbaycan Mədəniyyət Mərkəzində görüşdüyüm alman əsilli həmkarım Harry August vaxtilə Moskvada aspirant yoldaşı olmuş Hafiz Paşayevi xəbər aldı. Rusiya paytaxtında, Atom Fizikası İnstitutunda birgə keçirdikləri günləri yenidən yada saldı.
Bu iki insan arasında illərin sınağından keçən münasibətlər mənim üçün yeni informasiya deyildi. Çünki hələ 2017-ci il oktyabrın əvvəllərində Bakıda Hafiz müəllimin öz gənclik dostu Harry Augustla necə mehriban görüşüdüyünün şahidi olmuşdum. Almanların Cənubi Qafqazda məskunlaşmasının 200 illiyi münasibəti ilə keçirilən tədbirdən sonra alman qonaqla birgə Hafiz Paşayevin görüşünə getmişdik. Hafiz müəllim həyatının Moskva dövrü ilə bağlı olan qonağı özünün yaratdığı ADA Universitetinin həyətində səmimi qarşıladı, onu bu unikal ali təhsil ocağının küknar ağacları ilə əhatə olunan ərazisi ilə tanış etdi. Söhbət zamanı bildirdi ki, belə bir təhsil və elm mərkəzi yaratmaq onun çoxdankı arzularından biri olub. Azərbaycan Diplomatik Akademiyası, onun müasir tələblərə cavab verən korpusları, kitabxanası, mühazirə otaqları, hətta ağaclardan boylanan ağacdələnlər dünyanı gəzən qonağı heyran qoymuşdu. İki dostun söhbəti paytaxt restoranlarından birində yemək masası ətrafında davam etdi. Bu zaman baş verən bir hadisə indiyə kimi yadımda qalıb. Səmimi söhbətin şirin yerində Hafiz müəllimin telefonuna zəng gəldi. Məlum oldu ki, telefon açan hər iki dostun yaxşı tanıdığı Tatyana Virtadır. Tatyana xanımın zəngi təsadüfi deyilmiş, Moskvada yazdığı “Fiziki və Liriki” kitabı ilə bağlı Hafiz müəllimlə məsləhətləşərək bəzi məqamları nəzərdən keçirdilər.
Tiflis səfərindən geri dönəndən sonra Hafiz müəllimlə növbəti görüşümüzdə ona gənclik dostu Harry Augustun yeni kitabını və səmimi salamlarını çatdırdım. Dəyərli alimimiz də necə deyərlər, cavab jesti edərək yeni nəşr edilən “Fiziki və Liriki” kitabından iki ədəd hədiyyə etdi. Əlbəttə, kitabın biri Harry August üçün nəzərdə tutulmuşdu. Mən Hafiz müəllimin hədiyyəsini dostuna göndərdim. Bir müddət sonra Harry August kitab haqqında qələmə aldığı fikirlərini yolladı.
Maraqla oxuduğum kitabda iki məqam xüsusi olaraq marağımı cəlb etdi. Birinci məqam Tatyana xanım Virtanın həyat yoldaşı akademik Yuri Kaqanla birgə Nobel mükafatçısı almaniyalı professor Rudolf Messbauerin Bakı səfəri ilə bağlı idi. Hafiz müəllim bu maraqlı səfəri təşkil etməklə Münhen və Moskvadan gələn vacib qonaqların diqqətini Azərbaycan elminə və ictimaiyyətinə yönəltməyə nail oldu. İkinci maraqlı məqam isə akademik Roland Saqdeyevin xanımı Suzan Eyzenhauerin Hafiz müəllim və oğlu Mircamalla birgə şəkilləri idi. Bu məşhur ailə ilə Amerikadan başlanan dostluq akademik Roland Saqdeyevin simasında bu gün də davam etməkdədir.
Hafiz müəllimin digər bir dostu, mərhum professor Çapay Sultanovla münasibətləri də gənclərimizə əsl nümunə sayıla bilər. Məhz Hafiz müəllimin təşəbbüsü ilə Çapay Sultanov gənclik illərində gördükləri Bakının təsvirini yaradan “Moi vstreçi s velikimi” kitabını qələmə aldı. Çox təəssüf ki, bu kitab unudulmaz Çapay müəllimin sonuncu əsəri oldu. Yeri gəlmişkən, əvvəlcə onlar kitabın adını iki variantda fikirləşirdi. “Primorski bulvar” və bir də “Futbol, şaxmati i Torqovı”. Kitabda əfsanəvi futbolçu Ələkbər Məmmədovun Səməd Vurğun və İmran Qasımovla dostluğundan bəhs edən fəsli yazmaq isə mənə həvalə olundu.
Hafiz Paşayevin əziz dostu Çapay Sultanova olan münasibətini əks etdirən daha bir məqama toxunmaq istəyirəm. Bir gün axşam Çapay müəllimin “Torqovı”dakı evinə getmişdim. Mən mənzilə daxil olanda ev sahibi dostu Hafiz müəllimlə telefonda danışırdı. Danışdıqdan sonra mənə dedi ki, Hafiz müəllim bayaq zəng vurub, amma istirahət etdiyimdən telefonun səsini eşitməmişəm. Sən demə bizə gəlmək istəyirmiş. Mən də dedim ki, bilirsən ki, həmişə evdə oluram, niyə yuxarıya qalxmadın?
Hafiz müəllimin dostuna cavabı onun yüksək mədəniyyətinin göstəricisi sayıla və yuxarıda vurğuladığım kimi, gənclərimizə nümunə ola bilər:
- Yox, heç vaxt zəngsiz gəlmərəm.
Bu iki dəyərli ziyalının birgə iştirak etdiyi maraqlı bir təqdimat da indiyə kimi yadımdadır. İtaliyanın Bakıdakı səfirliyində həm Hafiz Paşayevin “Bir səfirin manifesti”, “Memorie di un Ambasciatore”, Çapay Sultanovun isə “L’oro Nero Della Vittoria” kitablarının təqdimat mərasimi idi. Hafiz müəllim bu unudulmaz tədbirdə qızı Cəmilə və onun həyat yoldaşı Ülvi ilə birgə iştirak edirdi.
Hafiz Paşayevin musiqinin müxtəlif janrlarına dərin bələdçiliyi də onu yaxından tanıyanları valeh edir. Təxminən beş il öncə Hafiz müəllimin təşəbbüsü ilə Amerikadan tanınmış caz qrupu Bakıya qastrola gəldi. Bu qrupun Bakı Beynəlxalq Muğam Mərkəzinin səhnəsində “kantri” janrında ifası paytaxtımızın mədəni həyatında böyük bir canlanma yaratdı. Sanki dünya şöhrətli cazmen Benni Qudmanın 1950-ci illərdə Bakıya gəlişini xatırlatdılar.
Hafiz Paşayevin ABŞ-da səfir çalışdığı zaman 1990-cı illərin ortalarında Amerikadan gələn soydaşlarımız adəti üzrə qardaşı Aqil Paşayevlə görüşərdilər. Görüş zamanı daim dayısının yanında olan gənclik illərindən tanıdığım səmimiliyi ilə seçilən Altay Həsənovla hal-əhval tutardıq. Belə görüşlərin birində Hafiz müəllimin böyük qardaşı Arif Paşayev də Aqil müəllimlə birgə idi. Arif müəllim Amerikada yaşayan soydaşlarımıza öz dəyərli məsləhətləri ilə yanaşı, Azərbaycanın potensialı, inkişafi və perspektivləri barədə çox müdrik fikirlər səsləndirdi.
Xatirimdədir Ələkbər Məmmədovla dostluq edən Eldar Qasımov ara sıra Bilgəhdəki bağ evinə bizi dəvət edərdi. Eldar müəllim Mir Cəlal müəllimin ocağına yığışan ziyalılardan söz açardı. Bir dəfə bağda olan zaman Hafiz müəllimin bacısı Ədibə xanıma atası tərəfindən hədiyyə olunan kitabdakı qızına həsr etdiyi xatirə sözlərini oxudum və məni təsirləndirdi.
Unudulmaz Mir Cəlal müəllimin özü və övladları barədə Xalq şairi Nəriman Həsənzadənin xoş xatirələri, qonşum Mahir Muradovun Mir Cəlal müəllimin ocağına yığışan görkəmli xadimlər haqqında söhbətləri mənə həmişə maraqlı gəlib. Özüm bu ocaqda böyüyən insanlarla, o cümlədən Arif müəllim, Hafiz müəllim və Aqil müəllimlə təmas qurduqca bir daha əmin oldum ki, övladlar görkəmli şəxsiyyətin layiqli davamçılarıdır. Bunu ADA-nın gənc prorektoru, insan kimi xətrini istədiyim Fariz İsmayılzadə və Aviasiya Akademiyasının prorektoru, orta məktəb yoldaşım Ədalət Səmədova olan qayğıda da aydın görmək olur.
Ümumiyyətlə Hafiz müəllimin elmi dildə desək, invariantlığı onun alicənablığından xəbər verir. Futurist düşüncə tərzinə üstünlük verərək rektor olduğu ADA Universitetini qısa zaman kəsiyində dünya səviyyəli bir təhsil ocağına çevirə bilib. Bir zamanlar ADA kimi bir elm və təhsil ocağını yaratmaq üçün xəyallar quran Hafiz müəllim zəhmətkeşliyi sayəsində artıq bu gün öz arzusuna çatıb. Arzularının çin olması münasibətlə dəyərli professor, səfir Hafiz Paşayevi təbrik edirik.
Arzularınız su kimi axarlı olsun!
Çingiz Abdullayev
Professor, Alman-Azərbaycan Cəmiyyətinin sədri.
"ADA Universiteti" teqi üzrə xəbərlər
- "Nar" uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
- "COP29 və Dayanıqlı Media Təcrübələri" mövzusunda növbəti təlimlər keçirilir
- Böyük Britaniya lordları ADA Universitetində təşkil edilən konfransda çıxış ediblər
- Böyük Britaniya lordları Tahir Gözelin təşəbbüsü ilə Fəxri xiyabanı ziyarət ediblər
- Bəzi universitetlər beynəlxalq reytinqlərdə niyə yer ala bilmir?