"2000-ci ildə mərhum prezident Heydər Əliyevlə Rusiya prezidentinin səlahiyyətlərini icra edən Vladimir Putin arasında Kiyevdəki görüş gecə 12:30-da 30 dəqiqəlik nəzərdə tutulmuşdu. Amma görüş 2 saatdan çox çəkdi. Heydər Əliyev görüşdən məmnun şəkildə ayrıldı və dedi ki, bu adamla danışmaq olar".
Oxu.Az xəbər verir ki, bunu İctimai Televiziyanın efirində yayımlanan "Təmas xətti" verilişində sabiq xarici işlər naziri Vilayət Quliyev Heydər Əliyevlə Vladimir Putin arasındakı görüşlərdən danışarkən deyib.
Sabiq nazirin sözlərinə görə, prezidentlər arasında etimad başqa sahələrdə özünü göstərsə də, Qarabağ münaqişəsinin həllinə təsir göstərmirdi:
"Kremldəki bir görüşdə Putin belə ideya verdi ki, "Qafqaz dördlüyü" yaransın. Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiya buraya daxil olsunlar. Guya bu dördlük Cənubi Qafqazdakı münaqişələri - həm Qarabağ, həm də Gürcüstandakı Abxaziya və Cənubi Osetiya münaqişələrini müzakirə edəcək və onların həllinə töhfə verəcək. Təbii ki, burada Putin bu ideya ilə Rusiyanın nüfuzunu artırmaq istəyirdi. Kobud dillə desək, "bu ərazilər mənim nəzarətimdədir, son sözü də mən deməliyəm". Təbii ki, Ermənistan dərhal bununla ikiəlli razılaşdı. Gürcüstan neytral qaldı. Amma Heydər Əliyev kəskin mövqeyini bildirdi ki, bürokratik qurumlar yaratmaqla milyonlarla insanın taleyinin ortaya qoyulduğu münaqişələri həll eləmək mümkün deyil".