Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonuna səfəri çərçivəsində “Yalama” Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkının açılışında iştirak edib.
Oxu.Az-ın məlumatına görə, iqtisadiyyat naziri Şahin Mustafayev aqroparkda görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verib.
Daha sonra Prezident İlham Əliyev Yalama Aqroparkında yaradılan şəraitlə tanış olub.
Dövlətimiz başçısı aqroparkın ərazisindəki yem zavodunu işə salıb.
Aqroparkla tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
14:25
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonunda Xudat-Yalama-Zuxuloba avtomobil yolunun açılışını edib.
Oxu.Az-ın xəbərinə görə, dövlətimizin başçısı əvvəlcə yolun tikinti layihəsini əks etdirən stendə baxıb.
Azərbaycan Prezidentinə yolun texniki göstəriciləri barədə məlumat verilib.
Üçüncü texniki dərəcəli yolun uzunluğu 24,8 kilometr, hərəkət hissəsinin eni 7,5 metrdir. Burada iki hərəkət zolağı var. Hərəkət zolağının eni 3,75 metr, çiyinlərin eni 2,5 metr, torpaq yatağının eni isə 12 metrdir.
Xudat-Yalama-Zuxuloba avtomobil yolu rayonun 18 yaşayış məntəqəsini birləşdirir.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Prezident Xudat-Yalama-Zuxuloba avtomobil yolunun açılışından sonra Xudat şəhərinin bir qrup sakini ilə görüşüb.
Daha sonra dövlət başçısı Xaçmaz rayonuna səfəri çərçivəsində Yalama kəndindəki Heydər Əliyev adına parkda yaradılan şəraitlə tanış olub.
Məlumat verildi ki, Yalama kəndindəki Heydər Əliyev adına parkın ümumi sahəsi bir hektardır. Parkın ərazisində Heydər Əliyev Mərkəzinin Yalama kənd filialı da fəaliyyət göstərir. Ümumi sahəsi 120 kvadratmetr olan mərkəzin binasının qarşısında Ümummilli Liderin büstü ucaldılıb. Prezident İlham Əliyev büstün önünə gül dəstəsi qoyub.
Sonra dövlətimizin başçısı burada ləzgi icmasının nümayəndələri ilə söhbət edib.
11:15
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonuna səfəri çərçivəsində şəhərin mərkəzində yerləşən Nikah evinin binasının açılışını edib.
Bu barədə Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.
Məlumat verildi ki, bu bina 2005-ci ildə sosial təyinatlı obyekt kimi inşa edilib. Bina əsaslı təmir və yenidənqurma işlərindən sonra Nikah evi kimi fəaliyyət göstərir.
10:47
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonuna səfərə gəlib.
Oxu.Az-ın xəbərinə görə, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Prezident İlham Əliyevə abidənin ətrafında yaradılan şərait barədə məlumat verib.
Daha sonra dövlət başçısı Xaçmazda Bayraq Meydanında və Bayraq Muzeyində yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısına məlumat verilib ki, Bayraq Meydanının və Bayraq Muzeyinin binasının inşasına 2014-cü ildə başlanılıb və tikinti işləri 2015-ci ildə başa çatdırılıb. Bayraq Meydanında və muzey binasında inşaat işləri rayonun daxili imkanları hesabına həyata keçirilib.
Ümumi ərazisi bir hektar olan Bayraq Meydanında hündürlüyü 85 metr olan bayraq dirəyi ucaldılıb, tikintialtı sahəsi 240 kvadratmetr olan fəvvarə tikilib, 5360 kvadratmetr sahədə yaşıllıq salınıb, dekorativ ağac və gül kolları əkilib, 4020 kvadratmetr sahəyə üzlük daş döşənib, müasir suvarma və işıqlandırma sistemləri yaradılıb.
Ərazidə tikintialtı sahəsi 320 kvadratmetr olan 1 ekspozisiya zalı, 2 köməkçi açıq eyvan və diametri 11 metr olan gümbəzdən ibarət Bayraq Muzeyi inşa edilib.
Tikinti ərazisində 250 kvadratmetr yaşıl mərmərdən, bayraq dirəyinin təməlində 70 kubmetr dəmir-betondan istifadə olunub.
N.O.