Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Soçidə keçirilən “Valday” forumunda çıxışı zamanı “Qarabağ Azərbaycanındır!” deməsi ekspertlər birliyində sərt reaksiya doğurub.
Xatırladaq ki, “Valday” Beynəlxalq Diskussiya Klubu 2004-cü ildə yaradılıb. “Valday” Klubunun intellektual potensialı Rusiyada və xaricdə yüksək qiymətləndirilir. Mövcud olduğu illər ərzində klubun işinə dünyanın 71 ölkəsindən 1000-dən çox beynəlxalq elmi ictimaiyyət nümayəndəsi qəbul olunub.
Prezident İlham Əliyevin sözləri Ermənistanın Baş naziri Nikol Paşinyanın avqustun 5-də işğal olunmuş Xankəndindəki “Qarabağ Ermənistandır” nitqinə cavab olub.
Azərbaycan prezidentinin çıxışını təhlil edən Milli Müdafiə jurnalının baş redaktoru, Dünya Silah Ticarəti Təhlili Mərkəzinin direktoru, Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü İqor Korotçenko Azərbaycanın mövcud beynəlxalq reallıqları ifadə etdiyini bildirib:
“BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Dağlıq Qarabağ və onun ətrafındakı ərazilər Azərbaycan Respublikasının ərazisidir. Ermənistan silahlı qüvvələri oradan çıxmalıdır. Prezident İlham Əliyevin sözləri Azərbaycan ərazisinin 20 faizini işğal edən dövlətə qarşı mövqeyinin nümayişidir”.
“Qeyd etmək lazımdır ki, İlham Əliyevin çıxışı təhlükəsizlik üzrə aparıcı beynəlxalq ekspertlər tərəfindən dinlənilib. Bu, məlumatları dünyaya çatdırmağa kömək edəcək güclü və təsirli addımdır.
Odur ki, Azərbaycan “Valday” Forumu da daxil olmaqla, bütün imkanlardan istifadə edərək mövqeyini nümayiş etdirir. Azərbaycan Prezidentinin sözləri böyük diqqətlə dinlənildi, böyük rezonans doğurdu və öz növbəsində, ekspertlərə Qarabağ problemini, ərazilərin işğaldan azad edilməsinin vacibliyini bir daha vurğulamaq üçün əsas verdi”, - deyə İqor Korotçenko bildirib.
- Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ermənistanın Baş nazirinin çıxışını tənqid edib. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bunu Albaniyanın “Kosova Albaniyanındır” deməsi ilə müqayisə edib. Ermənistan Xarici İşlər Nazirliyinin açıqlaması yanlışdır. Lavrov onun sözlərini “birtərəfli dəyərləndirmə" adlanırıb. Sizə elə gəlmir ki, Rusiya ilə Ermənistan arasında gərginlik artıb?
- Rusiya ilə Ermənistan arasında gərginlik Paşinyan hakimiyyəti ələ keçirəndən bəri mövcuddur. Gərginliyin dərəcəsi ikinci sualdır. Sergey Lavrov Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək Rusiyanın prinsipial mövqeyini nümayiş etdirdi. Bu, nə şübhə, nə də müzakirəyə açıq deyil.
Digər tərəfdən, Ermənistana təzyiqin praktiki mexanizmləri hansılardır və İrəvanın beynəlxalq birliyin tələblərini yerinə yetirməsi, işğal olunmuş əraziləri tərk etməsi üçün nə etmək olar? Bir daha vurğulayıram: İlham Əliyevin Azərbaycan nöqteyi-nəzərindən yanaşmasını ekspert cəmiyyətinin geniş dairələrinə çatdırması çox yaxşı haldır.
Mənim fikrimcə, bu siyasət hər zaman yenilənməli və daim aparılmalıdır. Təkcə Xarici İşlər Nazirliyinin, yüksək vəzifəli şəxslərin səyləri kifayət deyil. Qarabağ problemi daim qaldırılmalı və müzakirə edilməlidir.