Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Prezidentdən anons - Azərbaycan Rusiyadan hansı silahları ala bilər? - ŞƏRH
Prezident İlham Əliyev Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı bildirib ki, Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq fəal inkişaf edir.
“Bu gün biz bu istiqamətdə işi davam etdirmək barədə razılığa gəldik. Hərçənd, Rusiyadan texnika alınması çərçivəsində bizim aramızda artıq imzalanmış kontraktların məbləği 5 milyard dollar təşkil edir, bunun 3 milyard dolları artıq reallaşıb. Dediyim kimi, biz bu istiqamətdə işi davam etdirmək niyyətindəyik”, - deyə Prezident əlavə edib.
Hərbi ekspert Rəşad Süleymanov Oxu.Az-a Azərbaycan-Rusiya hərbi əməkdaşlığının perspektivini şərh edib.
R.Süleymanov bildirib ki, Azərbaycanla Rusiya arasında hərbi-texniki sahədə əməkdaşlıq 2003-cü ildə iki ölkə arasında imzalanan hökumətlərarası müqavilə ilə başlayıb.
“Qeyd edim ki, Rusiya 1992-ci ildən 2003-cü ilə qədər Dağlıq Qarabağ münaqişəsini əsas gətirərək, Azərbaycana hərbi texnika satışına qadağa qoymuşdu. Lakin 2003-cü ildə imzalanan müqavilədən sonra Azərbaycan 2009-cu ildə Rusiyadan “S-300” zenit-raket komplekslərini aldı.
Bundan başqa, Rusiya Azərbaycana “Mİ-35M” döyüş helikopterlərini, “Mİ-17” tipli hərbi nəqliyyat helikopterlərini satdı. Döyüş maşınlarının, tankların, mühəndis-istehkam texnikalarının satın alınması həyata keçirildi”, - deyə R.Süleymanov əlavə edib.
Ekspert bildirib ki, Azərbaycanla Rusiya arasında hərbi kadrların hazırlığı sahəsində də əməkdaşlıq mövcuddur.
R.Süleymanov qeyd edib ki, Rusiya müəyyən silahlar, o cümlədən, hava hücumundan müdafiə sistemləri sahəsində dünyada lider dövlətlərdən biridir.
R.Süleymanovun fikrincə, Rusiya ilə alınan texnikaların ehtiyat hissələrinin modernləşdirilməsi ilə istiqamətində də əməkdaşlıq etmək olar.
“Bundan əlavə, Rusiyanın daha müasir və daha effektiv imkanlara malik olan hərbi texnikalarını almaq olar”.
Ekspert onu da bildirib ki, Azərbaycanın hərbi sahədə əməkdaşlıq üçün Türkiyə, Pakistan, İsrail, İtaliya, Çin kimi ölkələr kimi alternativləri də var.
Aqşin Kərimov