"İllərlə yurd həsrəti çəkmişik, çətin və ağır şəraitdə köçkünlük həyatı yaşamışıq, amma bu gün çox sevincliyik, illərlə çəkdiyimiz bu əziyyətimiz möhtəşəm Zəfərlə unuduldu. Artıq bu gün doğma yurdumuza qayıdırıq".
Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Zəngilan rayonunun Ağalı kəndinə köç edən Şamil Feruz oğlu Məmmədov deyib.
O bildirib ki, Ağalı kəndində onlar üçün hər cür şərait yaradılıb:
"Bakının Şüvəlan qəsəbəsindəki "Abşeron" düşərgəsində köçkünlük həyatı yaşamışıq. Mənim Ağalıdan çıxanda 34 yaşım var idi, bu gün isə ailəmlə qayıdıram Ağalıya.
Dövlətimiz sağ olsun ki, bizə hər cür şərait yaradıb. Bundan sonra öz elimizdə, obamızda şad-xürrəm və firavan həyatımızı yaşayacağıq.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Xatırladaq ki, bu gün Zəngilan rayonunun Ağalı kəndinə daha 41 ailə - 110 nəfər köçürülür.
Rövşən Əsədov