Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Koçaryan və Xaçaturov Paşinyanın “başını yeyəcəkmi”?
Rusiya NATO-su kimi təqdim edilən bu qurumda - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) baş verənlər NATO alyansında baş versəydi, heç şübhəsiz ki, üzv dövlətlərin hər birinin ayrıca, ya da ən azı ümumi mövqeyi bildiriləcəkdi. Hadisəyə yalnız Rusiya münasibət bildirib.
Bu ölkənin baş diplomatı Sergey Lavrov bildirib ki, Ermənistanda baş verən son hadisələr Moskvada ciddi narahatlıq doğurur və baş verənlər Ermənistanın indiki hakimiyyətinin keçmiş hakimiyyət nümayəndələrinə qarşı siyasi motivlərlə təqiblər aparmayacağı haqda vədlərinə ziddir.
Oxu.Az xəbər verir ki, bunu millət vəkili Hikmət Babaoğlu mətbuata açıqlamasında bildirib.
“Göründüyü kimi, KTMT-nin qurucusu və əsas üzv dövlətinin xarici siyasət idarəsinin başçısı KTMT-nin baş katibi Yuri Xaçaturovun həbsində siyasi motivlərin ola biləcəyinə eyham vurub.
Ermənistan XİN sözçüsü Tiqran Balayan isə baş verən proseslərin xarici siyasətlə əlaqəli olmadığını, ölkənin xarici siyasət prioritetlərinin Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinin daha da dərinləşməsinə və möhkəmlənməsinə hədəfləndiyini bildirib”, - deyən millət vəkilinin bildirdiyinə görə, artıq mövqelər kifayət qədər ziddiyyətlidir və bu, heç də Ermənistanın xeyrinə deyil.
Millət vəkili deyib ki, artıq Rusiya mətbuatında bu cür davranışın Ermənistanın Rusiya tərəfindən cəzalanması ilə nəticələnə biləcəyini qeyd edirlər.
“İlkin addım kimi isə işğalçı Ermənistana verilməsi nəzərdə tutulan hərbi yardımın dayandırılması göstərilir.
Burada isə söhbət təqribən 200 milyon ABŞ dolları həcmində silahlardan gedir ki, Ermənistan bu çərçivədə yeni “İsgəndər” raket qurğuları ala biləcəyinə və onları Azərbaycanla sərhəd bölgələrə yerləşdirəcəyinə ümid edirdi.
Ancaq göründüyü kimi, işğalçı ölkədə dərin sosial-iqtisadi problemləri həll etmək üçün Qərbdən ciddi yardıma ümid edən Paşinyan Qərbə xoş görünmək atdığı addımlarla Şimaldan olan dəstəyi ciddi təhlükəyə atır.
Belə demək mümkünsə, son üç ayda ziddiyətli və bir-birini təkzib edən siyasi mövqelər Ermənistanı iflas həddinə yaxınlaşdırıb.
Nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır, Ermənistan nəinki sosial-iqtisadi baxımdan, eləcə də, hərbi-siyasi baxımdan iflasa məhkumdur. Ona görə də bu həqiqət, nəhayət, dərk edilməli, işğal faktına sonu qoyulmalıdır. Bu, nə qədər tez olarsa, Ermənistan üçün bir o qədər yaxşı olar”, - deyə H.Babaoğlu əlavə edib.
Millət vəkili Məlahət İbrahimqızı da hesab edir ki, Ermənistanın sabiq prezidenti, qatı cinayətkar Robert Koçaryanın və KTMT-nin erməni baş katibinin həbsi azərbaycanlılar üçün sevindirici, müsbət hadisə olsa da, Ermənistanın özü üçün kifayət qədər ciddi problemlər yaradacaq:
“Təbii ki, azərbaycanlılar olaraq hər birimiz torpaqlarımızın illərdir düşmən tapdağında olmasında və bir çox faciələrimizin yaşanmasında barmağı olan bütün erməni cəlladlarının, koçaryanların, xaçaturovların həbsini sevinclə qarşılayır və arzu edirik ki, bunun davamı da gəlsin: Zori Balayan, Seyran Ohanyan, Serj Sarkisyan, Bako Saakyan və digərləri də məhkəmə, ədalət mühakiməsi qarşısında dayansınlar.
Özü də təkcə Ermənistan məhkəməsi qarşısında deyil, Azərbaycan məhkəməsi və Haaqa Tribunalı qarşısında xalqımıza qarşı etdikləri insanlıqdankənar vandalizm hərəkətlərinə görə cavab versinlər, ən yüksək cəzaya layiq görülsünlər. İnanırıq və qəti əminik ki, bu da olacaq, bu günləri də görəcəyik.
Onu da qeyd edim ki, Nikol Paşinyan və onun hökumətinin bu addımlarda davamlı, qətiyyətli olub-olmayacağı yaxın günlərdə bəlli olacaq. Çünki ziddiyyətli mövqeyi ilə seçilən Paşinyanın Rusiyanın təzyiqləri qarşısında axıracan tab gətirə biləcəyi bir qədər sual doğurur.
Çünki bu ölkə, əslində, ölkə, dövlət deyil, Rusiyanın bir əyaləti, for-postudur, hər mənada Rusiyadan asılıdır.
Ona görə də Rusiya Paşinyan tərəfindən “adamları”nın bir-bir “vurulması”na artıq seyirçi qalmayacağını və dözməyəcəyini ən azı Lavrov və Rusiya mətbuatı səviyyəsində açıq şəkildə ortaya qoymaqdadır.
Odur ki, Paşinyanın da sonda geri addım atmayacağı bir az real görünmür. Yox, əgər Paşinyan inadkarlıq göstərib, addımlarında israr edərsə, o zaman yarımmüstəmləkə ölkəsini tam məhvolma təhlükəsi qarşısında qoya bilər. Hər halda, bu, onların daxili məsələləridir.
Bizim istəyimiz və tələbimiz odur ki, artıq Ermənistan rəhbərliyi ağlını başına cəm etsin və Azərbaycanla ədalətli sülh razılaşmasına gəlsin. İşğal olunmuş əraziləri boşaltsın, qoşunlarını Azərbaycan sərhədlərindən çəksin və münasibətlərin normallaşdırılması istiqamətində gərəkən digər addımları atsın. Yalnız bu zaman onlar nicat, qurtuluş yolu tapa bilərlər”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda üç avtomobil toqquşdu, Fransa səfirliyinin əməkdaşı xəstəxanalıq oldu
- Bu xəbərləri qaçırmayın: 22.11.2024-ün ən mühüm hadisələri
- İran diplomatı "Yaşasın Ermənistan!" deyir
- Ermənistanda ikiüzlü davranış: döyülən təbrizli: Azğın fransız hərbçilər
- Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülüb