“Benyamin Netanyahunun uzun illərdir dəyişməz qalan konkret mövqeyi var: Nəyin bahasına olursa olsun, İran dayandırılmalıdır”.
Bu sözləri Oxu.Az-la söhbətində israilli analitik, şərqşünas, “Oriental Express” saytının baş redaktoru Mixael Borodkin deyib.
Mixael Borodkin bu günlərdə Tehrandakı adı açıqlanmayan yüksəkrütbəli hökumət nümayəndəsinin “Əl-Cəzirə” telekanalına müsahibəsində İranın nüvə obyektlərinə hər hansı bir zərbənin genişmiqyaslı müharibənin başlanğıcı demək olduğu və “İsrailin buna görə məsuliyyət daşıyacağı” barədə fikirlərinə münasibət bildirib.
Analitik, həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İranın zənginləşdirilmiş uran ehtiyatlarını artırması və vəziyyətin nə dərəcədə ciddi olması ilə bağlı açıqlamaları, İsraillə İran arasında genişmiqyaslı müharibə ehtimalı ilə bağlı da danışıb.
Mixael Borodkin İsrail və İran arasında müharibənin istisna olmadığını deyib. “2022-ci il fevralın 24-dən (Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı tarixdən - red.) sonra hər şey mümkündür. Hazırda gərginlik olduqca yüksəkdir. İsrail rəhbərliyi İranın nüvə proqramını əsas təhlükə hesab edir. Söhbət bütün ölkənin sağ qalmasından gedir. İndiki hökumət başçısı Benyamin Netanyahunun isə uzun illərdir dəyişməz qalan konkret mövqeyi var: Nəyin bahasına olursa olsun, İran dayandırılmalıdır. Əgər İsrail bu əməliyyata qərar verərsə, o zaman çoxlu suallar ortaya çıxır. Məsələn, biz təkbaşına hərəkət edəcəyik, yoxsa əsas müttəfiq və köməkçi olan ABŞ ilə birlikdə? Və əgər bu baş verərsə, İsraildə heç kim şübhə etmir ki, buna cavab olaraq Livandan iranpərəst “Hizbullah” terror qruplaşması və Qəzza zolağından iranyönlü “İslam cihadı” zərbələr endirməyə başlayacaq. İran onları tam şəkildə silahlandırıb, onlar çox sayda müxtəlif tipli raketə sahibdirlər”, - deyə o qeyd edib.
Analitik İudeya və Samariyadakı iranpərəst elementlərin varlığından və İrana zərbənin hansı formada davam edə biləcəyindən də bəhs edib.
“İudeya və Samariyada (İsrailin yeddi inzibati rayonundan biri, dünyada başqa adla - İordan çayının Qərb sahili adı ilə tanınır - red.) iranpərəst elementlər var.
Biz başa düşürük ki, böyük müharibə olacaq və İrana zərbə yalnız başlanğıcdır, həmçinin bu vəziyyətdə baş verə biləcək ən sadə şeydir. İsraildə buna hazırlıq məqsədilə təlimlər keçirilir. Ölkə bununla özünü müdafiə etməyə hazır olduğunu nümayiş etdirir. Vəziyyətin belə ağır xətt üzrə gedişatı ehtimalı mövcuddur və bu ehtimal getdikcə artır. Və çox şey ABŞ-dən asılı olacaq. ABŞ İrana təzyiq göstərə, İranın nüvə proqramı ilə bağlı digər ölkələrin narahatlıqlarını nəzərə almaq lazım olduğunu izah edə biləcəkmi? Ümid edirəm ki, ABŞ bu vəziyyətin təkcə İsrail üçün deyil (bizim üçün bu birbaşa təhlükədir), dünyanın digər ölkələri üçün də nə qədər təhlükəli olduğunun fərqindədir. Əgər həmin “Hizbullah” İrandan nüvə silahı şəklində müdafiə qalxanı əldə edərsə, o zaman qüvvələr nisbəti tamamilə dəyişir. Bundan əlavə, bu, ona gətirib çıxaracaq ki, Türkiyə, Səudiyyə Ərəbistanı, Misir öz nüvə silahlarını yaratmağa qərar verəcəklər”, - deyə Borodkin vurğulayıb.
Nair Əliyev